Menu

"Gələn il üçün neftin satış qiyməti 65 dollar proqnozlaşdırılıb" - Nazir

16.11.2026, 12:06
"Gələn il üçün neftin satış qiyməti 65 dollar proqnozlaşdırılıb" - Nazir

“Cari ilin 1 oktyabr tarixinə ölkənin məcmu valyuta ehtiyatları 89,4 mlrd. ABŞ dolları təşkil edib, xarici dövlət borcunu təqribən 20 dəfə üstələyib, proqnozlaşdırılan illik ÜDM-in isə 110 faizinə bərabər olub”.

“AzPolitika” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir:

“Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və xarici öhdəliklərin mühüm təminatıdır. 2027-ci il üçün Azərbaycan Respublikasında ümumi daxili məhsulun real ifadədə 2,7 faiz artımla 141 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır.

İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, ÜDM-in 77,4 faizi və yaxud 109,1 mlrd. manatı qeyri-neft sektorunun payına düşəcək. Bu isə 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 mlrd. manat, real ifadədə 4,4 faiz çoxdur.

Monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsi sabit saxlanılmaqla 1,7 manat, illik inflyasiya isə 5,3 faiz proqnozlaşdırılıb. 2027-ci il üçün “Azəri light” markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiyməti orta hesabla 65 ABŞ dollar səviyyəsində proqnozlaşdırılıb.

Beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar nəzərə alınmaqla, neftin qiymətinin müəyyən olunmasında mühafizəkar yanaşma əsas götürülüb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol