Menu

İŞIQ PULU ÖDƏMƏK ƏVƏZİNƏ İŞIQDAN PUL QAZANACAĞIQ - Azərbaycanda bu necə mümkün olacaq?

17.09.2026, 21:24
İŞIQ PULU ÖDƏMƏK ƏVƏZİNƏ İŞIQDAN PUL QAZANACAĞIQ - Azərbaycanda bu necə mümkün olacaq?

Son illər dünyada enerji bazarında yeni tendensiyalardan biri artıq təkcə iri günəş elektrik stansiyalarının deyil, fərdi evlərin də elektrik istehsalçısına çevrilməsidir. İnsanlar evlərinin damında günəş panelləri quraşdıraraq həm öz elektrik tələbatlarını qarşılayır, həm də istifadə etmədikləri enerjini dövlət şəbəkəsinə ötürərək müəyyən gəlir əldə edirlər. Xüsusilə günəşli ölkələrdə bu model sürətlə yayılır və vətəndaş enerji istehlakçısından eyni zamanda istehsalçıya çevrilir.

Məsələn, Özbəkistanda fərdi evlərdə quraşdırılan günəş panellərinin şəbəkəyə ötürdüyü artıq elektrikə görə vətəndaşlara dövlət tərəfindən ödəniş edilir. Avropanın bir sıra ölkələrində isə illərdir tətbiq olunan müxtəlif mexanizmlər ev təsərrüfatlarına istehsal etdikləri artıq enerjini şəbəkəyə satmaq imkanı verir.

Məsələn, Almaniyada fərdi günəş qurğularının istehsal etdiyi artıq elektrik şəbəkəyə ötürülə və bunun üçün qanunvericiliklə müəyyən edilmiş ödəniş əldə edilə bilər. Niderlandda isə ev təsərrüfatları şəbəkəyə verdikləri günəş enerjisini müəyyən şərtlərlə şəbəkədən istehlak etdikləri elektriklə əvəzləşdirə bilirlər. Avstraliyada da ev sahibləri artıq günəş enerjisini şəbəkəyə sataraq elektrik hesablarında kredit əldə edirlər. Ölkənin rəsmi statistikasına görə, 2024-25-ci illərdə damüstü günəş enerjisi Avstraliyanın ümumi elektrik istehsalının təxminən 8 faizini təşkil edib.

Maraqlı və bəlkə də bir çoxlarının bilmədiyi məqamlardan biri odur ki, Azərbaycanda da bu istiqamətdə hüquqi imkanlar yaradılıb. Fərdi evlərin sahibləri bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş panellərindən istifadə etməklə elektrik enerjisi istehsal edə, öz tələbatlarını ödədikdən sonra artıq enerjini elektrik şəbəkəsinə ötürə bilərlər.

Bəs maraqlıdır, Azərbaycanda bu imkan real gəlirə çevrilə bilərmi?


Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya açıqlamasında bildirib ki, qanunvericilikdə aktiv istehlakçı anlayışı müəyyənləşdirilib və belə istehlakçıların istehsal etdikləri elektrik enerjisini satmaq hüququ nəzərdə tutulub: “Azərbaycanda da bunun üçün hüquqi imkan mövcuddur. “Elektroenergetika haqqında” qanunun 19.13-cü maddəsində aktiv istehlakçı anlayışı müəyyənləşdirilir və orada vətəndaşın istifadə etdiyi elektrik enerjisini satmaq hüququnun olduğu göstərilir. Yəni, qanunda həm aktiv istehlakçı müəyyənləşdirilir, həm də onun enerji satmaq hüququ təsbit olunur. Amma bu mexanizm hələ yoxdur ki, biz bu enerjini kimə və necə satacağıq. Mövcud qaydalarda bərpa olunan enerji mənbələrindən fiziki və hüquqi şəxslərin 150 kVt-a qədər enerji satmaq hüququ var".

İqtisadçı qeyd edib ki, qanunvericilikdə bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi üçün qiymətlər də müəyyənləşdirilib. Onun sözlərinə görə, günəş enerjisi üzrə müəyyən edilən tarif ənənəvi mənbələrdən istehsal olunan elektrik enerjisinin tarifindən yüksəkdir: “Günəş panelindən istehsal olunan elektrik enerjisinin də alış qiyməti müəyyənləşdirilib. Günəş enerjisi üzrə bu tarif 8,05 qəpikdir. Kiçik su elektrik stansiyaları üzrə 7,01 qəpik, külək elektrik stansiyaları üzrə 7,03 qəpik, ənənəvi mənbələr üzrə isə 6,02 qəpik müəyyən edilib. Təsəvvür edin, ənənəvi mənbələrdən istehsal olunan elektrik enerjisi üçün 6,02 qəpik müəyyənləşdirildiyi halda, günəş enerjisi üçün bu rəqəm 8,05 qəpikdir. Yəni günəş enerjisinin alış qiyməti ənənəvi mənbələrdən istehsal olunan elektrik enerjisindən təxminən 38 faiz yüksəkdir. Bunun məqsədi bərpa olunan enerjiyə investisiyanı iqtisadi baxımdan daha cəlbedici etməkdir. Amma burada əsas problem mexanizmin tam formalaşmamasıdır. Burada söhbət dövlətin topdansatış alış qiymətlərindən gedir. Vətəndaşın ödədiyi pərakəndə tariflə dövlətin enerji alış qiymətini bir-birindən fərqləndirmək lazımdır. Artıq enerji şəbəkəyə ötürüldükdə onun hansı qaydada hesablanacağı və vətəndaşa ödənişin necə ediləcəyi ilə bağlı mexanizm dəqiq işləməlidir".

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda iri günəş və külək enerjisi layihələri üzrə investisiyalar həyata keçirilir: "Günəş layihələrindən biri Masdar şirkəti, külək enerjisi layihəsi isə ACWA Power ilə bağlıdır. Bu layihələr çərçivəsində istehsal olunan elektrik enerjisi dövlətə müəyyən edilmiş tariflərlə satılır və dövlət tərəfindən alınır. Lakin fərdi vətəndaşların evlərində quraşdırdıqları günəş panellərindən istehsal olunan artıq enerjinin eyni qaydada satılması üçün ayrıca işlək mexanizm lazımdır. Azərbaycan qanunvericiliyində bunun üçün hüquqi əsaslar mövcuddur, lakin qanunun olması onun avtomatik şəkildə praktikada işləməsi demək deyil".

"Özbəkistanda tətbiq olunan modelin Azərbaycanda da reallaşdırılması mümkündür. Burada əsas məqsəd vətəndaşı yalnız elektrik enerjisinin istehlakçısı deyil, həm də istehsalçısı vəziyyətinə gətirməkdir. Vətəndaş həm öz tələbatını günəş enerjisi hesabına qarşılayır, həm də artıq istehsal etdiyi enerjini şəbəkəyə ötürür. Dövlət isə həmin enerjini alaraq digər istehlakçılara təqdim edə bilər. Belə bir sistemin tətbiqi vətəndaşların günəş panellərinə investisiya qoymasını da stimullaşdıra bilər. Ancaq bunun üçün texniki infrastruktur, şəbəkəyə qoşulma və artıq enerjinin uçotu, hesablaşması və satışı ilə bağlı aydın qaydalar yaradılmalıdır. Akkumulyator sistemləri də bu prosesdə mühüm rol oynaya bilər. Fərdi evdə kiçik günəş elektrik stansiyasının yaradılması yalnız panelin alınmasından ibarət deyil. Bunun üçün avadanlığın qiyməti, quraşdırma xərcləri, şəbəkəyə qoşulma və sonrakı hesablaşma mexanizmi nəzərə alınmalıdır. Bu məsələlər həll edildikdən sonra vətəndaşın günəş enerjisindən həm qənaət, həm də əlavə gəlir əldə etməsi daha real ola bilər", -deyə ekspert bildirib.

X. Kərimlinin sözlərinə görə, bu model ekoloji baxımdan da əlverişlidir: "Vətəndaşların bərpa olunan enerjiyə investisiyasının artması elektrik istehsalında təbii qazdan asılılığın müəyyən qədər azalmasına imkan verə bilər. Nəticədə qənaət olunan qazın digər istiqamətlərə, o cümlədən ixraca yönəldilməsi üçün imkan yarana bilər. Yəni vətəndaş öz elektrik tələbatının bir hissəsini günəş enerjisi hesabına qarşılayarsa, həm öz xərclərini azalda, həm də ümumi enerji sistemində bərpa olunan mənbələrin payının artmasına töhfə verə bilər. Bunun üçün isə hüquqi imkanla yanaşı, həmin hüququ praktikada reallaşdıracaq konkret və şəffaf mexanizm formalaşdırılmalıdır".

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Vaqif 2026-09-27 19:49:30

A balam tələm-tələsik qərar verməyin bəlkə Azərenerji panelləri öz hesabına quraşdıracaq
Heç vətəndaşlardan pul istəməyəcək

Həsən Abbasov 2026-09-21 00:18:10

Mən vertikal külək generatoru layihəsi üzərində işləyirəm.ilk nümunəni hazırlayıb quraşdırmışam.İki ilə yaxın müddətdə texniki dözümlülük sınağından keçib.Özünü doğruldur.Təkmilləşdirdikcə daha effektli variant alınır.Ümid edirəm bürokratik əngəllər olmasa faydalanmaq olar.

Джон 2026-09-20 08:15:16

ne etməli?
fikirləşmək lazımdır....
sonra isə dədə baba gaydasi ilə getmek...

Azərbaycanda 2026-09-19 23:46:40

Azərbaycanda bu halda yəni işıq enerjisinə görə də insanları ştraf edərlər.

Vəli 2026-09-19 23:10:51

Sistemin qiyməti 15-20mim manatdır, ayliq ortalama 60-80man görürsək 20 ilə yaxin sistem oz pulunu çıxardır hələ o ki, qaldi qənaətə. Bu başdan ayda 20-30man isiq pulunu verin bu sizə kreditlə günəş panelini əvəz edəcək növbəti 20 ildə. Hələ günəş paneli sistemi 20 il deyirlər işləyir tutaq ki islədi sonra bunun hələ servisi var, o vaxta pulun cixartdiqdan sonra guya ki gəlirə çıxmalıdır amma dəyisiləsi detallari hesablasaq yenədə çıxmır. Ona görə kiminsə də xosuna gəlməsə bu faktdir ki, bizdə hələdə işıq pulu bu sistemlə muqaisədə ucuzdur. Amma əhalinin gəlirinə görə bahadır.

Vəli 2026-09-19 23:06:19

Sərf etmir, ümumiyyətlə maraqlanmisinizmi 1 ev üçün ortalama 10kv enerjini əldə etmək üçün təxmini 20 il isləyə biləcək sistem necəyə basa gəlir?! Deyim ki, keyfiyyətli sistem ortalama 20min manata basa gəlir. Yəni aya təxmini 83man enerji xərciniz varsa siz 20 il sonra sistemin pulunu cixardirsiniz, gəlir əldə etmək üçün belə deyək 21ci ildən başlayırsınız bu vaxti da servis xidməti və avadanlığın yenilənməsi gəlir. Azərbaycanda bu işləməyəcək, bizdə camaat çörəyi qulağına yemir, hami hesablamağı bilir, bilməyən də mənə müraciət edir quraşdırma üçün mən deyirəm ki, basin burax :))) nə qədər də xoşunuza gəlməsə bəzi boş başla boş danışanların Azərbaycanda enerji qiyməti ucuzdur günəş paneli sistemindən. Mən 20 il yox hələ 10 ilə də basa gəlsə qurmaram, elə dövlətdən enerjini deyək ki, 10min man 10 ilə xırda xırda kreditə alaram, birdən 10min pul qoymaqdansa.

Elshad 2026-09-19 18:50:36

Bizdə alinmaz !!! Hamida bilir nəyə qörə,,,,

Elshad 2026-09-19 13:42:23

Bizdə alinmaz !!! Hamida bilir nəyə qörə,,,,

Sabir Hacıyev. 2026-09-19 07:05:56

Mən hazır haçan məsləhətdisə gəlib quraşdırsınlar amma inanmıram onuda ya bəhanə gətirəcəklər Lerik rayonunda duman çox olur yada bəzi məmurlar öz adamlarına verərlər.

Veli 2026-09-18 23:21:06

Bizdə bu mümkün deyil.özünüzü aldatmayın(((((

Fərid Həsənov 2026-09-18 21:10:46

10 il ərzində təxminən 1200 manat qazanacağsız. Amma bu işin əmələ gəlməsi üçün vəsait bir az çox lazımdır. İllər əvvəl mən bu sistemi öz evim üçün hazırlamaq istədim. Hesabıma görə hər ay 15-20 m elektirikə pul ödəyirəmsə bu daha sərfəlidir. Çünki panelə pul invertıra pul baterikaya pul lazımdır. Vaxtı çatanda baterikaları dəyişmək günəş panellərini ən az ayda iki dəfə təmizləmək lazımdır.

Elxan Əliyev 2026-09-18 14:03:17

Bəli belə bir işlər Avropa ölkələrində var və çox əla işdir.Zəmanı ilə hərəkət etsək yaxşı nəticələr olar.

sərvər abbasov 2026-09-18 10:34:08

Azərbaycanda reallıqa uyğun olmadıgi ücun tələsik əsəbi rəy yazdim...lakin 38 faizde səf dediyimi də tez anladim..ümid edirəm siz də məni anlayiqli qəbul edərsiz.

Sərvər Abbasov 2026-09-18 10:28:03

birincisi təstiqlənməmis xəyallar qurursuz.xarici dövlətlərdə var...noolsun..o deməkdi ki bizdə də olacıdı...bunu məmur balalari qoymaz...əgər olsa olsa tenderi Azenerjinin yeznəsi qazanacaq .
ikinci ..yazdığızi ozunuz oxuya bilirsiiiz.. 6 qəpiy ilə 8 qəpiyin arasinda 38 faiz fərq hansi riyazi qanuna uygundur....ayıb..

Mövlan İsayev 2026-09-18 09:02:09

bir iki panel mence yaxşıdı amma bütöv evin usdunu günəş paneli olsa bu insan sağlamlığına ziyandır ya yox mence bir evin usdunde kifayət qeder çox olan günəş paneli ziyan vurur insana Araşdırılsa daha yaxşı olar bir vətəndaş kimi xeyrimizə de ola biler

Elcin 2026-09-18 02:54:56

Azərişıq Bizim pulumuzu kartdan oğramasın.bizə lazım deyil işıqdan pul Qazanmaq.10 manat karta pul vurmuşam sayğaca köcürəndə 8 manat olur.Bax bunu kimdi o kartdan oğruyan? ALLAH Bəlasını Versin.Ailəsinin Dərmanlarına Qısmət Olsun O pullar.Bir acıqlama verəndə yoxur....

Elnur 2026-09-17 23:51:21

Dünyada qaydaları biz qoyuruq.Amma qara günlüklərə aid deyil.

Havva 2026-09-17 22:51:40

Yaxşi olardı

Davud 2026-09-17 21:42:48

Salam məsələ odu ki günəş panellərinə çəkilən xərc elektirik istehsal edir ancaq 5 il sonra akumlyatorları dəyişmək gərəkir. Xərci borcunu ödəmir bizim ölkədə

Bəhruz 2026-09-17 20:49:40

Azərbaycanda bu hələlik mümkün deyil.Bu qiymətlərlə hər hansı vətəndaş günəş panelləri qurasdirsa bu ona çox baha başa gələr

AKİF 2026-09-17 14:12:13

NİYƏ AZƏRBAYCAN HÖKUMƏTİ, HƏR İŞDƏ HAMIDAN GERİDƏ QALIR??

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol