Son illər Azərbaycanda Çin istehsalı avtomobillərin, xüsusilə hibrid və elektrik modellərinin bazardakı payı nəzərəçarpacaq dərəcədə artıb. Daha münasib qiymət, geniş model seçimi və müasir texnologiyalar bu avtomobillərə tələbi artıran əsas amillər sırasında göstərilir. Bununla yanaşı, avtomobil idxalı, ekoloji tələblər və bazarın tənzimlənməsi ilə bağlı yeni qaydaların tətbiqi ehtimalı da gündəmdədir.
Bəs ilin sonunadək Çin istehsalı hibrid və elektrik avtomobillərinin idxalı ilə bağlı hər hansı yeni məhdudiyyət və ya əlavə tələb gözlənilirmi? Azərbaycanda Çin istehsalı hibrid və elektrik avtomobillərinin idxalına əlavə limitlərin tətbiqi gündəmə gələ bilərmi? Yeni tələblər tətbiq olunarsa, bu, avtomobil bazarında qiymətlərə və alıcıların seçiminə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, Çin avtomobillərinin Azərbaycanda və region ölkələrində satışının artması artıq danılmaz faktdır.
Onun sözlərinə görə, xüsusilə Rusiya kimi böyük avtomobil bazarında, eləcə də Gürcüstan və Ermənistanda Çin istehsalı avtomobillərə maraq getdikcə artır.
Ekspert qeyd edib ki, Azərbaycanda Çin avtomobillərinə tələbin yüksəlməsinin bir sıra səbəbləri var: “Burada əsas amillərdən biri qiymətdir. Çin avtomobilləri bir çox hallarda digər istehsalçılarla müqayisədə daha münasib qiymətə təklif olunur. Bundan başqa, alıcılar yeni avtomobil əldə etmək, müasir texnologiyalardan istifadə etmək, daha cəlbedici interyer və eksteryerə sahib olmaq istəyirlər. Çin istehsalçıları da bu tələblərə uyğun müxtəlif modellər təqdim edirlər. Bütün bunları nəzərə aldıqda, Azərbaycanda Çin avtomobillərinin sayının və bazardakı payının artmasını müşahidə edirik”.

E.Əliyev qeyd edib ki, Çin avtomobillərinin idxalının artması fonunda bu sahədə müəyyən standartların tətbiq edilməsi də vacibdir: “Xüsusilə ötən il qeyri-rəsmi idxalçılar tərəfindən Çinin daxili bazarı üçün nəzərdə tutulan avtomobillərin Azərbaycana gətirilməsi ilə bağlı müəyyən problemlər ortaya çıxıb. Ötən il ölkəyə fərdi şəxslər və qeyri-rəsmi idxalçılar tərəfindən Çinin daxili bazarı üçün nəzərdə tutulan kifayət qədər avtomobil gətirildi. Bu avtomobillərin bir hissəsində multimedia sistemlərinin Avropa standartlarına uyğun olmaması, bəzi funksiyaların Azərbaycanda istifadə üçün əlçatan olmaması kimi problemlər müşahidə edildi. Hətta bəzi avtomobillərdə radionun olmaması məsələsi də gündəmə gəldi.
Bu, əslində, yalnız komfort məsələsi deyil, eyni zamanda avtomobilin texniki və kommunikasiya imkanları ilə bağlı məsələdir. Avtomobil istifadəçisinin ölkənin radio və informasiya sistemlərindən normal şəkildə yararlana bilməsi vacibdir. Bu baxımdan, ölkəyə idxal olunan avtomobillərin müəyyən texniki və funksional tələblərə cavab verməsi məqsədəuyğundur”.
Assosiasiya sədri hesab edir ki, qarşıdakı dövrdə Azərbaycana idxal edilən avtomobillərlə bağlı yeni standartlar müəyyənləşdirilərsə, onların multimedia sistemi, radio imkanları, texniki uyğunluğu və digər funksional xüsusiyyətləri də nəzərə alınmalıdır.
Onun fikrincə, əsas məqsəd avtomobil bazarına daxil olan nəqliyyat vasitələrinin həm istehlakçıların tələblərinə, həm də ölkədə qüvvədə olan texniki normalara uyğunluğunu təmin etməkdir.
“Bu məsələlərə kompleks yanaşmaq lazımdır. Çin avtomobillərinin bazardakı payının artması təbii prosesdir və istehlakçıların seçim imkanlarını genişləndirir. Lakin idxal zamanı avtomobillərin hansı bazar üçün istehsal edildiyi, texniki göstəriciləri və yerli tələblərə uyğunluğu da diqqətdə saxlanılmalıdır. Qarşıdakı dövrdə tətbiq ediləcək hər hansı standart və ya tələb bu məqamları nəzərə almalıdır”, – deyə E.Əliyev fikirlərini tamamlayıb.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər