ABŞ Dövlət Katibi Marko Rubio Nyu-Yorkda Rusiyanın Xarici işlərnNaziri Sergey Lavrov ilə keçirdiyi görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinin dekabr ayında Mayamidə təşkil olunacaq G20 sammitinə dəvət edildiyini bəyan edib.
"AzPolitika" xəbər verir ki, ABŞ xarici siyasət idarəsinin rəhbəri bu addımın təkcə Prezident Donald Trampla deyil, digər dünya liderləri ilə də birbaşa təmaslar baxımından mühüm imkan yarada biləcəyini vurğulayıb:
"Biz bunun təkcə Prezident Trampla deyil, digər dünya liderləri ilə də görüşlər keçirmək üçün yaxşı bir fürsət olduğunu düşünürük. Ümid edirik ki, Moskva bu dəvəti qəbul edəcək. Dekabr ayında belə bir ehtimal var", - deyə Rubio qeyd edib.
G20 sammitinin 14-15 dekabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, təxminən 10 gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sammit çərçivəsində Vladimir Putinlə görüşmək istədiyini bildirsə də, Kreml bu təklifi dərhal rədd etmişdi. Rusiya 2014-cü ildə Krımın ilhaqından sonra G8 sırasından çıxarılsaydı da, G20 çərçivəsində üzvlüyünü saxlayır.
Rubio Lavrovla danışıqlardan sonra bildirib ki, Rusiya və Ukrayna enerji infrastrukturu ilə kənd təsərrüfatı məhsullarının ixracı obyektlərinə qarşı qarşılıqlı zərbələrin dayandırılmasında maraqlıdır.
Dövlət Katibi Vaşinqtonun bu cür məhdud atəşkəs müzakirələrində vasitəçi kimi çıxış etməyə hazır olduğunu diqqətə çatdırıb:
"Bu addım müharibəni tamamilə dayandırmayacaq, lakin zənnimcə, bir sıra mühüm qlobal problemlərin yumşaldılmasına və gərginliyin azalmasına kömək edəcək", - deyə Rubio vurğulayıb.
“AzPolitika.info”


Şərhlər