Yollarda asfalt örtüyünün dağılması, kanalizasiya və su xətlərində yaranan nasazlıqlar, eləcə də digər infrastruktur problemləri nəticəsində çökmələrin baş verməsi sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Belə hadisələr zamanı avtomobillərə ziyan dəyməsi, insanların xəsarət alması və əlavə maddi xərclərin yaranması vətəndaşların hüquqlarının müdafiəsi məsələsini aktuallaşdırır. Lakin yolun hansı qurumun balansında olmasından və çökmənin səbəbindən asılı olaraq məsuliyyət məsələsi fərqli qaydada müəyyən edilə bilər.
Bu cür hadisələrdə zərərçəkmiş şəxslərin hüquqi müdafiəsi və kompensasiya mexanizmi necə tənzimlənir? Yolun çökməsi nəticəsində vətəndaşa dəyən zərəri hansı qurum ödəməlidir?
Bu barədə “AzPolitika”ya açıqlamasında hüquqşünas Şamil Paşayev bildirib ki, yolların asfalt örtüyünün dağılması, kanalizasiya və su xətlərində yaranan nasazlıqlar, eləcə də digər infrastruktur problemləri nəticəsində baş verən çökmələr sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Belə hadisələr zamanı vətəndaşların sağlamlığına, nəqliyyat vasitələrinə və digər əmlakına zərər dəyə bilər.

Onun sözlərinə görə, bu cür hallarda zərərçəkən şəxslərin dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ var: “Əgər yolun və ya müvafiq infrastrukturun vəziyyətinə nəzarət etməli olan dövlət qurumu üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyibsə və bu səhlənkarlıq nəticəsində çökmə, qəza və ya digər təhlükəli vəziyyət yaranıbsa, həmin qurumun məsuliyyəti məsələsi gündəmə gələ bilər”.
Hüquqşünas qeyd edib ki, zərərin yaranması ilə qurumun hərəkəti və ya hərəkətsizliyi arasında səbəbli əlaqə müəyyən edildiyi halda, zərərçəkənlər məhkəməyə müraciət edərək maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilərlər: “Bu zaman hadisənin başvermə səbəbləri, ərazinin hansı qurumun balansında və ya məsuliyyət dairəsində olması, eləcə də müvafiq qurumun təhlükəsizlik və nəzarət öhdəliklərini yerinə yetirib-yetirməməsi araşdırılmalıdır”.
Ş.Paşayev vurğulayıb ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, hüquqlarının pozulduğunu hesab edən fiziki və hüquqi şəxslərin məhkəməyə müraciət etmək hüququ var: “Bu baxımdan, yol və infrastruktur problemləri səbəbindən zərər çəkən vətəndaşlar da qanunvericilikdə nəzərdə tutulan qaydada öz hüquqlarını müdafiə edə və dəymiş zərərin kompensasiyasını tələb edə bilərlər”.
Oğuz Ayvaz
"AzPolitika.info"


Şərhlər