Dünyada əmək bazarında yeni yanaşmalar müzakirə olunur. İşçilərin sosial rifahının yaxşılaşdırılması, əmək məhsuldarlığının artırılması və iş-həyat balansının qorunması məqsədilə bir sıra ölkələrdə beşgünlük iş həftəsinin dörd günə endirilməsi təcrübədən keçirilir. Bəzi ölkələrdə bu model müsbət nəticələr versə də, onun bütün iqtisadi sahələrdə tətbiqi ilə bağlı mübahisələr davam edir.
Azərbaycanda da iş həftəsinin dörd günə endirilməsi məsələsi müzakirəyə çıxarıla bilərmi? Bu dəyişiklik əmək məhsuldarlığına, işçilərin gəlirlərinə, sahibkarların xərclərinə və ümumilikdə iqtisadi fəallığa necə təsir göstərər?
Mövzunu "AzPolitika"ya şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda 4 günlük iş həftəsinə keçid mümkün deyil: "Biz axı dörd günlük iş həftəsinə necə keçirilə bilərik? Hələ də sosial-iqtisadi problemlər var. Qeyri-neft sektorunun inkişafı ilə bağlı çətinliklər qalır. Əhalinin sosial vəziyyəti istənilən səviyyəyə çatmayıb. Bizneslər ixracda çətinlik çəkir, məhsuldarlıq isə aşağı səviyyədədir. Belə olan halda biz 4 günlük iş həftəsinə gedə bilmərik. Belə olan halda bizneslər zəifləyə, insanlar çətin vəziyyətə düşə bilər"

İqtisadçının sözlərinə görə, bu məsələ yüksək səviyyədə inkişaf etmiş, güclü iqtisadiyyatı və dayanıqlı biznes mühiti olan ölkələrin gündəliyindədir: "Onlar texnologiyanın sürətli inkişafı, böyük ixrac potensialı və iqtisadi gücü fonunda əhalinin asudə vaxtını artırmaq və daha yaxşı dincəlməsi üçün şərait yaratmağı düşünürlər. Hətta həmin ölkələr belə bu mövzunu müzakirə etsələr də, hələ yekun qərar verməyiblər. Azərbaycan isə hələ də inkişaf etməkdə olan ölkələr sırasındadır. Bizdə adambaşına düşən ümumi daxili məhsul, əməkhaqqı, nominal gəlirlər və qeyri-neft ixracı aşağıdır. Bəs bu göstəricilərlə dediyiniz o lüks və ya "premium" həyat tərzini özümüzə necə tətbiq edə bilərik? Bu hələ bir müddət mümkün olmayacaq".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər