Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı son operativ məlumata əsasən, 2026-cı ilin oktyabr ayında Azərbaycanda əlilliyə görə 238 637 nəfər əmək pensiyası, 223 866 nəfər aylıq sosial müavinət, 92 240 nəfər isə Prezident təqaüdü alıb.
Bu rəqəmləri Dövlət Statistika Komitəsinin (DSK) və DSMF-nin 2022–2026-cı illəri əhatə edən rəsmi göstəriciləri ilə müqayisə etdikdə, ölkənin sosial təminat sistemində baş verən dərin struktur dəyişiklikləri üzə çıxır. Son beş ildə əlilliyə görə sığorta əsaslı pensiya alanların sayı kəskin şəkildə azaldığı halda, dövlət büdcəsindən maliyyələşən sosial müavinət və Prezident təqaüdü alanların sayında davamlı artım qeydə alınıb.
Rəsmi statistikaya nəzər saldıqda görürük ki, 2022-ci ilin əvvəlində (1 yanvar tarixinə) Azərbaycanda əlilliyə görə əmək pensiyası alanların sayı 347 298 nəfər təşkil edirdi. 2021-ci ildən etibarən başlanan təftiş və əlillik meyarlarının dəyişdirilməsindən sonra bu göstərici sürətlə enməyə başladı: 2023-cü ilin əvvəlinə 273 153 nəfərə, 2024-cü ilin əvvəlinə isə 258 101 nəfərə düşdü.
Sonrakı dövrdə – 2025–2026-cı illərdə də azalma tendensiyası dayanmayıb. DSMF-nin aylıq hesabatları göstərir ki, 2025-ci ilin oktyabrında əlilliyə görə pensiya alanların sayı 252 min nəfərdən bir qədər çox idisə, 2026-cı ilin avqustunda 241 078 nəfərə, sentyabrında 239 971 nəfərə, oktyabrında isə 238 637 nəfərə enib.
Bunun əksinə olaraq, əlilliyə görə aylıq sosial müavinət və Prezident təqaüdü alanların sayında artım müşahidə olunub. Belə ki, 2025-ci ilin oktyabr ayında aylıq müavinət alanların sayı 222,6 min nəfərdən bir qədər artıq idisə, 2026-cı ilin avqustunda bu rəqəm 224 247 nəfərə, sentyabrında 224 173 nəfərə, oktyabrında isə 223 866 nəfərə çatıb.
Eyni dövrdə əlilliyə görə Prezident təqaüdü alanların sayı 2025-ci ilin oktyabrındakı 90,6 min nəfərlik göstəricidən artaraq 2026-cı ilin avqustunda 92 294 nəfər, sentyabrında 92 146 nəfər, oktyabrında isə 92 240 nəfər olub.
Beləliklə, 2022-ci ilin əvvəli ilə 2026-cı ilin oktyabr ayı arasında əlilliyə görə əmək pensiyası alanların sayında 108 661 nəfərlik (31,3%) kəskin azalma baş verib. Təkcə son bir ildə (2025-ci ilin oktyabrından 2026-cı ilin oktyabrına qədər) əlillik pensiyaçılarının sayı təxminən 13,4 min nəfər azalıb, eyni dövrdə aylıq müavinət alanların sayı 1,2 min nəfər, Prezident təqaüdü alanların sayı isə 1,6 min nəfər artıb.
Ekspertlər son beş ildə əlillik pensiyaçılarının sayının üçdə bir qədər azalmasını üç əsas amillə izah edirlər.
İlk sırada əlillik təyinatlarının təftişi və yeni qiymətləndirmə sistemi gəlir. 2021–2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxta əlillik təyinatlarının ləğvi istiqamətində aparılan genişmiqyaslı yoxlamalar, eləcə də əlilliyin ənənəvi “qrup” sistemindən “orqanizmin funksiyalarının itirilməsi faizi” (31–60%, 61–80% və 81–100%) sisteminə keçirilməsi ilkin və təkrar əlillik təyinatlarının sayını kəskin məhdudlaşdırıb.
Yaşa görə pensiya kateqoriyasına təbii keçid də statistikaya ciddi təsir göstərib. Qanunvericiliyə əsasən, əlilliyə görə pensiya alan şəxslər müəyyən edilmiş pensiya yaşına çatdıqda yaşa görə əmək pensiyası kateqoriyasına keçirilirlər. Yeni əlillik təyinatlarının sayı əvvəlki illərlə müqayisədə azaldığından, yaşa görə pensiyaya keçən və ya dünyasını dəyişən pensiyaçıların yerini yeni əlillik pensiyaçıları doldura bilmir.
Sığorta stajı və pensiya kapitalı baryerinin də statistik dəyişikliklərdə ciddi rolu var. Əlilliyə görə əmək pensiyası almaq üçün şəxsin əlilliyi müəyyən edildiyi tarixdəki yaşına uyğun minimum sığorta stajı (5 ildən başlayaraq yaşa uyğun artan staj) tələb olunur. Həmin staj tələbinə cavab verməyən vətəndaşlara əlillik statusu verilsə belə, onlar pensiya deyil, aylıq sosial müavinət kateqoriyasına yönləndirilirlər.

Maraqlıdır, əlilliyə görə pensiya alanların sayı sürətlə azaldığı halda, aylıq sosial müavinət alanların sayının 223 866 nəfərə, Prezident təqaüdü alanların sayının isə 92 240 nəfərə çatması sosial-iqtisadi baxımdan iki ciddi reallığı gündəmə gətirir.
İlk növbədə, qeyri-formal məşğulluğun sosial nəticələrini qeyd etmək lazımdır. Uzun illər əmək müqaviləsi olmadan çalışan və ya fərdi hesabında kifayət qədər sığorta stajı formalaşmayan vətəndaşlar əmək qabiliyyətini itirdikdə, DSMF-nin sığorta büdcəsindən (pensiya) deyil, birbaşa dövlət büdcəsindən maliyyələşən sosial müavinət sistemindən ödəniş alırlar. Bu isə o deməkdir ki, sığorta fondunun üzərindəki yükün bir hissəsi dövlət büdcəsinin sosial müavinət xərclərinin üzərinə transfer olunur.
Daha sonra xatırladaq ki, Prezident təqaüdü əsasən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə (əvvəlki I qrup) əlilliyi müəyyən edilmiş şəxslərə, o cümlədən müharibə və ümumi səbəblərdən ağır əlilliyi olanlara təyin edilir. Bu göstəricinin 92,2 min nəfəri ötməsi ölkədə ağır dərəcəli əlillik hallarının, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayında artım dinamikasının qorunduğunu göstərir.
Beləliklə, 2022–2026-cı illərin müqayisəli statistikası sübut edir ki, Azərbaycanda əlilliyə görə dövlətdən aylıq ödəniş alanların (pensiya və müavinət alanların) ümumi kontingenti azalsa da, bu kontingentin daxili strukturu kökündən dəyişib.
2026-cı ilin oktyabr ayı üzrə rəqəmlərə (238 637 pensiyaçı və 223 866 müavinət alan) nəzər saldıqda görünür ki, vaxtilə əlillik ödənişlərində mütləq üstünlüyə malik olan pensiyaçıların payı 51,6 faizə enib, müavinət alanların payı isə 48,4 faizə yüksəlib.
Mövcud dinamika – pensiyaçıların sayının hər ay orta hesabla 1000–1300 nəfər azalması fonunda müavinət alanların sayının sabit qalması və ya artması – davam edərsə, 2027-ci ilin ikinci yarısında Azərbaycanda əlilliyə görə sosial müavinət alanların sayının əlilliyə görə pensiya alanların sayını üstələyəcəyi ehtimal olunurr. Bu tendensiya həm əmək bazarının leqallaşdırılması və sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, həm də ağır əlilliyə yol açan xəstəliklərin erkən diaqnostikası və profilaktikası sahəsində sosial siyasətin yenidən nəzərdən keçirilməsini zəruri edir.
E. Rüstəmli
“AzPolitika.info”


Şərhlər