Dünən Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin olunan Dövlət İmtahan Mərkəzinin (DİM) sabiq İdarə Heyətinin sədri Məleykə Abbaszadə yeni təyinatı ilə bağlı ilk açıqlamasını verib.
"AzPolitika" xəbər verir ki, Məleykə Abbaszadə ona göstərilən etimada görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib və bu təyinatı özü üçün böyük şərəf adlandırıb: "Gənclərimiz qarşısında daşıdığım məsuliyyəti hər zaman dərindən hiss etmişəm. Bu illər ərzində bizə güvənən hər kəsə və bütün vətəndaşlarımıza ürəkdən təşəkkür edirəm".
M.Abbaszadə dünən DİM-dəki kollektivi ilə sağollaşdığını qeyd edərək, birlikdə qurulan sistemin keçdiyi yoldan danışıb.Bəzən bir məsələnin həllini tapmaq üçün səhərə qədər çalışdıqlarını xatırladan sabiq sədr, bu gün hər kəs üçün açıq, şəffaf və əlçatan olan sistemi ürək rahatlığı ilə həmkarlarına həvalə etdiyini vurğulayıb.
O, 1999-cu ildə ilk dəfə internet vasitəsilə vətəndaşlara məlumat çatdırdıqları günləri xatırladaraq, əsas məqsədlərinin ölkənin istənilən yerində yaşayan vətəndaşın imtahan qaydalarını aydın bilməsi, məlumatı özü tapması və nəticəyə etibar etməsi olduğunu bildirib.
Yeni kadrların "Bunu başqa cür edə bilərikmi?" sualı ilə başlayan təşəbbüslərinin illərin təcrübəsi ilə birləşərək böyük işlərə çevrildiyini qeyd edən M.Abbaszadə bütün həmkarlarına təşəkkür edib.
Yeni fəaliyyətinə böyük vədlərlə başlamaq istəmədiyini deyən BDU rektoru ilkin mərhələdə görüləcək işləri belə sıralayıb:
Mövcud vəziyyətin dərindən öyrənilməsi;
Kollektivlə açıq və peşəkar dialoqun qurulması;
Tələbələrin fikirlərinə diqqətlə yanaşılması.
M.Abbaszadənin sözlərinə görə, BDU-da yaradılmış bütün dəyərli nailiyyətlər qorunmalı və inkişaf etdirilməlidir. Bununla yanaşı, müasir universitet yeni çağırışlara cavab verməli, elmi potensialını gücləndirməli, akademik dürüstlüyü və tənqidi düşüncəni təşviq etməlidir.
"İstəyirəm ki, gənclərimiz universitetdə öz suallarını sərbəst verə, fikirlərini açıq deyə və gələcəkləri barədə müstəqil qərar verə bilsinlər. Bundan sonrakı işimdə də bunun üçün əlimdən gələni edəcəyəm", – deyə yeni rektor açıqlamasını yekunlaşdırıb.
"AzPolitika.info"


Şərhlər