Ötən gecə Rusiya Ukraynaya, xüsusilə də paytaxt Kiyevə bir neçə ballistik raket zərbəsi endirib. Raketlər strateji bombardmançı təyyarələrdən atılıb. Eləcə də hücum zamanı qanadlı raketlərdən istifadə olunub. Xatırladaq ki, Prezident Vladimir Putin başda olmaqla, Rusiya rəhbərliyi son günlərdə Krım körpüsünə endirilən zərbələrə görə mütləq cavab veriləcəyini bəyan etmişdi.
“AzPolitika” xəbər verir ki, son zərbələrdən sonra baş verən dağıntılarla bağlı Kiyev meri Vitali Kliçko məlumat paylaşıb.
Kiyev merinnin sözlərinə görə, paytaxtın bir sıra rayonlarında infrastruktur obyektlərinə və yaşayış binalarına zərbə endirilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Rusiyanın hücumu nəticəsində paytaxtda üç nəfər həlak olub. 15 nəfər yaralanıb.
Eləcə də Kiyevdəki Darnitski, Podolski və Cənub körpülərinə zərbə endirildiyi bildirilir.
"Paytaxta ballistik hücum nəticəsində Podilsko-Voskresenski körpü keçidi zədələnib. Sağdan sol sahilə doğru nəqliyyatın hərəkəti hazırda bağlıdır", - deyə mer sosial mediada bildirib.
O, həmçinin Darnitski körpüsünə və Cənub körpüsünə daha bir zərbə barədə məlumat verib. Kliçko bildirib ki, Cənub körpüsündə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb - yalnız sol sahildən sağa, nəqliyyat vasitələrinin çəkisinə məhdudiyyət qoyulub.
Kliçko Kiyev sakinlərini şəhərə mütləq zərurət olmadığı təqdirdə şəxsi nəqliyyat vasitələri ilə çıxmamağa çağırıb.
Monitorinq kanallarının məlumatına görə, vilayətdəki Tripilska İstilik Elektrik Stansiyasına da hücum edilib və elektrik kəsilib.
Əlavə edək ki, ötən gün baş verən PUA hücumları nəticəsində Kiyevdəki Avstriya və Hollandiya səfirliklərinə ziyan dəyib. Bununla bağlı Hollandiya Rusiya səfirini XİN-ə çağırıb.
Partlayışlar Ukraynanın digər bölgələrində də eşidilib. Xarkovda Rusiya pilotsuz təyyarəsi Şevçenkivski rayonundakı xəstəxananı hədəf alıb. Mer İqor Terexovun sözlərinə görə, zərbə nəticəsində dörd nəfər yaralanıb.
https://t.co/NKJr9WaRk6
— Новости (@gulnarazeynal) November 20, 2026
Ukrayna isə Rusiyanın daha bir iri kimya zavodunu vurub. Ukrayna dronları Smolensk vilayətindəki Dorogobuj mineral gübrə zavoduna hücum edib. Yerli sosial media istifadəçiləri tərəfindən çəkilən zərbənin foto və videoları Ukrayna monitorinq kanalları tərəfindən yayımlanıb.
Dorogobuj şəhərindən dörd kilometr aralıda yerləşən Dorogobuj zavodu azot gübrələri, eləcə də partlayıcı maddələrin istehsalında istifadə olunan ammonyak və ammonium nitrat istehsal edir.
Dorogobuj Smolensk vilayətindəki ən böyük müəssisə və Rusiyanın aparıcı mineral gübrə istehsalçılarından biri hesab olunur. O, Rusiyanın ümumi ammonium nitrat istehsalının təxminən 11%-ni təmin edir. Bu, zavodun dronlar tərəfindən hücuma məruz qaldığı ilk hal deyil. Dorogobuj sonuncu dəfə 25 fevral gecəsi zərbəyə məruz qalıb, nəticədə zavodda yanğın və ammonyak sızması baş verib. Həmin hücum nəticəsində yeddi nəfər həlak olmuşdu.
C.Məmmədli
“AzPolitika.info”


Şərhlər