Menu

Klintondan Trampa ağır ittihamlar - “Putinin məqsədlərinə xidmət edir”

20.11.2026, 10:04
Klintondan Trampa ağır ittihamlar - “Putinin məqsədlərinə xidmət edir”

ABŞ-nin keçmiş Dövlət katibi Hillari Klinton Çin səfəri və orada keçirilən görüşlərin nəticələri fonunda Prezident Donald Trampın Ukrayna siyasətini sərt şəkildə tənqid edib.

"AzPolitika" xəbər verir ki, sabiq Dövlət katibi bu barədə nüfuzlu “The New York Times” nəşrində dərc olunan xüsusi məqaləsində yazıb. 

Klintonun fikrincə, Ağ Ev rəhbəri Rusiya Prezidenti Vladimir Putini dayandırmaq əvəzinə, yürütdüyü siyasətlə Kremlin maraqlarının reallaşmasına şərait yaradır, Kiyevin mövqelərini zəiflədir və ümumilikdə Qərbin təhlükəsizlik arxitekturasına zərbə vurur.

Hillari Klinton hesab edir ki, Donald Tramp Vladimir Putin və Çin lideri Si Cinpinlə təmaslar zamanı prinsipial və sərt mövqe nümayiş etdirməli idi. Klintonun fikrincə, Tramp həmin görüşlərdə konkret olaraq aşağıdakı mesajları verməli idi:

Putindən Ukrayna şəhərlərinə və mülki infrastruktura endirilən zərbələri dərhal dayandırmağı tələb etməli;

Si Cinpinə açıq şəkildə bildirməli idi ki, Pekinin Rusiya hərbi sənayesinə göstərdiyi dəstək ciddi siyasi və iqtisadi nəticələr doğuracaq;

Kreml sahibinə anlatmalı idi ki, Ukraynanı qarşıdan gələn qış mövsümündə təslim olmağa məcbur etmək planları baş tutmayacaq;

ABŞ və NATO-nun Kiyevə hərbi dəstəyi daha da artıracağını bəyan etməli idi.

Sabiq Dövlət katibi Donald Trampın Putin barədə səsləndirdiyi müsbət və güzəştli bəyanatları da hədəfə alıb. Onun sözlərinə görə, Vaşinqtonun tərəddüd və zəiflik nümayiş etdirməsi, eləcə də Moskvanın addımlarına göz yumması Putini müharibəni davam etdirməyə daha da həvəsləndirir. Nəticədə Kreml danışıqlar masasında güzəştə getmək əvəzinə, təzyiqləri artırmaqla istədiyinə nail ola biləcəyi qənaətinə gəlir.

Məqalədə ABŞ administrasiyasının atdığı bəzi addımların Ukraynanın müdafiə qabiliyyətinə birbaşa mənfi təsir göstərdiyi vurğulanır. Klinton konkret olaraq üç ciddi problemə diqqət çəkir:

“Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün ləngidilməsi;

Ukrayna ordusunun “Starshield” peyk rabitə sisteminə çıxışında yaranan məhdudiyyətlər;

Rusiyanın raket hücumları ilə bağlı ABŞ kəşfiyyat məlumatlarının Kiyevlə paylaşılmasının məhdudlaşdırılması.

Klintonun qənaətincə, bu məhdudiyyətlər Ukrayna şəhərlərinin və dinc əhalinin hava hücumlarından qorunmasını ciddi şəkildə çətinləşdirir.

Hillari Klinton qeyd edir ki, Moskvanın hazırkı strategiyası təkcə cəbhə xəttində Ukrayna ordusunu məğlub etməyə hesablanmayıb. Rusiya ordusu sistematik şəkildə ölkənin elektrik, istilik, su təchizatı və ümumi enerji infrastrukturunu sıradan çıxarmağa çalışır.

Müəllifin fikrincə, Kremlin əsas məqsədi milyonlarla ukraynalını humanitar fəlakətlə üz-üzə qoymaq, Avropaya yeni və kütləvi miqrasiya dalğası yaratmaq və bununla da həm Kiyevi, həm də ona dəstək verən Avropa ölkələrini tükəndirməkdir.

Məqalənin sonunda sabiq Dövlət katibi vurğulayır ki, ABŞ-nin Ukrayna strategiyası təkcə Tramp administrasiyasının iradəsindən asılı qalmamalıdır. Klinton ABŞ Konqresini prosesə fəal müdaxilə etməyə və dörd əsas istiqamətdə addım atmağa çağırıb:

Ukraynaya hərbi yardımın həcminin artırılmasına nail olmaq;

Kiyevin kəşfiyyat məlumatlarına və peyk imkanlarına fasiləsiz çıxışını təmin etmək;

Müdafiə proqramlarının maliyyələşdirilməsi mexanizmlərindən Ağ Evə təzyiq vasitəsi kimi istifadə etmək;

Ukrayna üçün yeni və əlavə dəstək paketi qəbul etmək.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol