Azərbaycanda taksi sürücülərinin vergi ödənişlərinin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur.
Yeni mexanizmə əsasən, taksi sifarişi operatorları vasitəsilə fəaliyyət göstərən sürücülər indiki kimi sabit məbləğdə deyil, aylıq gəlirlərinin 1 faizi həcmində sadələşdirilmiş vergi ödəyəcəklər. Bu isə sürücülərin əldə etdiyi gəlirdən asılı olaraq vergi yükünün artmasına və ya azalmasına səbəb olacaq.
Hazırda taksi sürücüləri qazancından asılı olmayaraq Bakıda ayda 18 manat, Sumqayıt, Gəncə və Abşeron ərazisində 13,5 manat, digər şəhər və rayonlarda isə 9 manat vergi ödəyirlər. Təklif olunan dəyişiklik qəbul edilərsə, az gəlir əldə edən sürücülərin ödədiyi vergi məbləği azalacaq, daha çox qazananların vergi yükü isə artacaq.
Məsələn, Bakıda aylıq gəliri 1000 manat olan taksi sürücüsü hazırda ödədiyi 18 manat əvəzinə 10 manat vergi ödəyəcək. Aylıq gəliri 2000 manat təşkil edən sürücünün vergisi isə 20 manata yüksələcək. Beləliklə, Bakıda aylıq gəliri 1800 manatdan çox olan sürücülərin vergi yükü artacaq, bu məbləğdən az qazananların isə azalacaq. Sumqayıt, Gəncə və Abşeronda vergi yükünün artması aylıq 1350 manatdan, digər şəhər və rayonlarda isə 900 manatdan yüksək gəlir əldə edən sürücülər üçün başlayacaq.
Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “AzPolitika”ya açıqlamasında bildirib ki, taksi fəaliyyətində vergi ödənişlərinin yeni qaydada hesablanması sürücülərə ciddi təsir göstərməyəcək. Onun sözlərinə görə, yeni mexanizm daha az qazanan sürücülərin daha aşağı, yüksək gəlir əldə edənlərin isə daha çox vergi ödəməsini nəzərdə tutur.

Ekspert qeyd edib ki, Dövlət Vergi Xidmətinin açıqlamalarından belə başa düşülür ki, hazırda taksi sürücüləri qazancından asılı olmayaraq sabit məbləğdə vergi ödəyirlər. Yeni qaydalar isə bu yanaşmanı dəyişərək vergi məbləğini sürücünün aylıq gəlirinə uyğunlaşdırır: “Bu dəyişiklik taksi fəaliyyətində vergi ödənişlərinin fərqli formada həyata keçirilməsini nəzərdə tutur. Hesab edirəm ki, bu, sahədə çalışanlara ciddi təsir göstərməyəcək. Çünki Dövlət Vergi Xidmətinin açıqlamalarından belə başa düşürük ki, indiki halda bütün taksi sürücüləri aylıq 18 manat vergi ödəyirlər. Amma yeni qaydalar onu deməyə əsas verir ki, az qazanan taksi sürücüləri 18 manatdan daha az, çox qazananlar isə 18 manatdan artıq vergi ödəyəcəklər. Yəni burada elə də ciddi bir problem olmayacaq".
"Ümid edirəm ki, bu dəyişiklik taksi sürücülərinə münasibətdə normal və ədalətli yanaşma olacaq. Çünki çox işləyən və daha çox qazanan sürücü 18 manatdan artıq, az işləyən və daha az qazanan sürücü isə 18 manatdan aşağı məbləğdə vergi ödəyəcək. Məsələnin mahiyyəti bundan ibarətdir”, -deyə ekspert qeyd edib.
Qeyd edək ki, yeni vergi mexanizminin taksi sifarişi operatorları vasitəsilə tətbiq edilməsi nəzərdə tutulur. Verginin hesablanması və tutulması da həmin operatorlar tərəfindən həyata keçiriləcək. Məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta ödənişlərinin isə əvvəlki qaydada saxlanılması təklif olunur. Dəyişikliklər hazırda qanun layihəsi mərhələsindədir və qüvvəyə minməsi üçün qəbul edilməlidir.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər