Menu

AZƏRBAYCANDA ALBANŞÜNASLIQ ELMİ MƏKTƏBİ: təşəkkülü, formalaşması və hədəfləri

20.11.2026, 08:47
AZƏRBAYCANDA ALBANŞÜNASLIQ ELMİ MƏKTƏBİ: təşəkkülü, formalaşması və hədəfləri

Qafar Cəbiyev, AMEA

Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, 

tarix elmləri doktoru, professor

Dünyanın siyasi xəritəsində “Albaniya” adı ilə tanınan iki dövlət mövcud olub. Bunlardan birincisi Qafqaz Albaniyası adı ilə tanınan və qədim Azərbaycan dövləti olan tarixi Albaniya, digəri isə müasir Albaniya, yəni Balkan Albaniyasıdır. Qafqaz Albaniyası ilə Balkan Albaniyası arasında hansısa tarixi əlaqə və ya bağlılıq olduğu barədə hələ ki, elmə heç nə bəlli deyil. Daha doğrusu, bu istiqamətdə indiyədək demək olar ki, heç bir ciddi araşdırma aparılmayıb.

Cənubi Qafqazın qədim dövlətlərindən olan Qafqaz Albaniyası indiki Azərbaycan Respublikası, Sovet imperiyası tərəfindən Ermənistana hədiyyə edilmiş Zəngəzur mahalı, Rusiya Federasiyası Dağıstan Respublikasının cənub hissəsi və şərqi Gürcüstanın bir hissəsini əhatə edən geniş əraziyə malik qüdrətli bir dövlət olub.

Albaniya haqqında yazılı məlumatlara ilkin olaraq qədim yunan, latın, erməni, gürcü, Suriya və ərəb mənbələrində rast gəlinir. Məsələn, Strabonun, Xorenlinin, Yeqişenin, Koyunun, Sebeosun, Lazar Parpetsinin və digər müəlliflərin əsərlərində Albaniya tarixinə dair müəyyən məlumatlar var.

Albaniya tarixinə dair ən mükəmməl yazılı qaynaq isə Alban tarixçisi Musa Kalankatlının “Albaniya tarixi” əsəridir.

Qədim yunan coğrafiyaşünası Strabon Albaniyada 26 etnik vahidin yaşadığını bildirir. Hansı ki, həmin etniklər sırasında türkdilli etnoslar dominant olublar.

Əsrlərin, minilliklərin burulğanında Albaniyada yaşayan etnosların bir qismi assimilyasiyaya məruz qalaraq tarix səhnəsindən getsə də, bu gün belə Azərbaycanın etnik palitrasında özünə layiq yer alan və multikultural dəyərlər toplusu olan da məhz o etnoslardır. Bu mənada Azərbaycan 2000 il öncə olduğu kimi bu gün də dünyanın çox ölkələrinə nümunə ola biləcək multikultural bir ölkədir.

VII əsr müəllifi Əkbər Abid ibn Şərya əl-Cünumi yazır ki, Xilafət ordusu Azərbaycanı tutarkən I Müaviyyənin ərəb sərkərdəsinə “sən Azərbaycan haqqında nə deyə bilərsən”sualına o belə cavab verib: “Azərbaycan ta qədim zamanlardan türk ölkəsi olub və türklərlə də məskunlaşıb”. Deməli, Alban irsinin başlıca və əsas varisi də elə məhz bizlərik.

Yeri gəlmişkən son vaxtlar udilərin alban irsinin az qala yeganə varisləri olduğu barədə kifayət qədər geniş yayılan və müəyyən dairələr tərəfindən dəstəklənən mövqeyə də münasibət bildirmək istərdik. Bəli, udilərin də alban irsinin varisi olduğunu heç kəs danmır və dana da bilməz. Amma albanların varisi tək onlar deyil axı! Hapıtlar, qırızlar, kumıklar, ləzgilər, saxurlar, laklar, avarlar, ingiloylar, tatlar da alban irsinin daşıyıcıları deyilmi?! Hesab edirik ki, əzəldən Albaniyada yaşayan köklü etnosların hər biri albanların və alban irsinin varisidir.

Albaniya o dövrün nəhəng hərbi-siyasi gücləri olan Roma, Parfiya, Bizans, Sasani imperiyaları, Xəzər xaqanlığı, Ərəb Xilafəti və digər dövlətlərlə zaman-zaman gah çox ciddi hərbi qarşıdurmalar, gah da diplomatik təmaslar və ya müttəfiqlik əlaqələrində olmuşdur . Oroyz, Kozis, Cəsur Vardan, I Vaçe, Urnayr, Yelisey, III Mömin Vaçaqan, II Vaçe və Cavanşir kimi ağıllı, qüdrətli və uzaqgörən siyasi və dini liderlərin, sərkərdə və diplomatların səyləri nəticəsində Albaniya dünyaya meydan oxuyan nəhəng imperiyaların maraqlarının toqquşduğu məkan və zaman çərçivəsində nisbi də olsa özünün ərazi bütövlüyü və dövlət müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Albaniya əhalisinin etnik tərkibinin müxtəlif olduğu kimi dini durumunda da müxtəliflik hökmran idi. Ölkənin ayrı-ayrı regionlarında bütpərəstliyin hələ də qaldığı və zərdüştliyin tədricən yayılmaqda olduğu bir vaxtda xristian missionerləri də Cənubi Qafqaza ayaq açıb. Beləliklə, I əsrdən etibarən bu din Albaniyada yayılmağa başlayıb. İlkin olaraq I əsrdə Şəkidə “Şərq kilsələrinin anası” hesab olunan alban Kiş məbədi fəaliyyətə başlayıb. 313-cü ildə Çar Urnayr tərəfindən xristianlıq Albaniyada rəsmi dövlət dini elan olunub. VII əsrdən başlayaraq Albaniyada həm də İslam dini yayılmağa başlayıb. Bununla belə alban tarixçisi Musa Kalankatlının qeyd etdiyi kimi ölkə ərazisinin ayrı-ayrı yerlərində, o cümlədən Girdimanda bütpərəstliyin hələ də qalması bütövlükdə ölkədə dini durumun son dərəcə mürəkkəb olduğundan xəbər verirdi.

Uzun illər ərzində albanşünaslığa dair bəzi araşdırmalarda belə bir yalnış fikir hökmran olub ki, guya sağ sahil Albaniyasında xristianlıq Ermənistandan göndərilən missionerlərin, ölkənin şimal-qərb ərazilərində isə Gürcüstandan gələn vaizlərin təbliğatı əsasında yayılıb. Albanşünaslıqdakı bir çox dolaşıq mülahizələr kimi, bu fikrin də ilk müəllifi üzdəniraq qafqazşünas S.T.Yeremyandır. Əslində isə xristianlıq Albaniyada Ermənistandan xeyli qabaq yayılıb. Hansı ki, M. Kalankatlının əsərində bu barədə bəhs edilir: “Müqəddəs Yelisey orada (yəni Albaniyada -Q.C) xristianlığı Ermənistandan qabaq təbliğ etmiş və ... Giş kəndində (Kiş-Q.C) Ermənistandan qabaq kilsə tikdirmişdir. Həmin kilsə Şərq kilsələrinin anası idi, yəni metropoliya idi”.

O da təsadüfi deyildi ki, alban hökmdarlarının himayəsi və dəstəyi sayəsində xristian ruhanilər Albaniyada yüksək mənsəbli əyanlarla bərabər tutulurdu. M. Kalankatlının məlumatına görə təkcə mömin Vaçaqan “Albaniyada ildə olan günlərin sayı qədər kilsə tikdirib.... Varaz Tiridat isə müqəddəs Ruh Vənginə kənd bağışlayıb”. Bütün bunlar isə sözsüz ki, ölkədə xristianlığa hərtərəfli dövlət dəstəyinin olduğundan xəbər verirdi. 488-ci ildə Alban hökmdarı III Vaçe tərəfindən çağrılan Aquen kilsə məclisi, onun iştirakçılarının tərkibi, orada müzakirə olunan məsələlər və qəbul olunan qərarlar Albaniyada rəsmi dövlət dini olaraq xristianlığın yeri və rolu barədə çox şey deyir.

Yadellilərin basqın və hücumları, xüsusən də ərəb işğalı və daxildəki feodal pərakəndəliyinin artması zəminində VIII əsrin əvvəlindən etibarən Qafqaz Albaniyası bir dövlət olaraq tədricən tarix səhnəsindən gedib. Onun ərazisində və bilavasitə onun siyasi varisləri olan yeni-yeni Azərbaycan feaodal dövlətləri yaranıb. Təbiidir ki, həmin dövlətlərin də hər birinin tarixi-mədəni irsinin kökündə məhz alban irsi dururdu. Hansı ki, onlar da öz növbəsində yeni tarixi şəraitdə və yeni siyasi reallıqlar müstəvisində bu irsi qorumuş, yaşatmış, inkişaf etdirərək daha da zənginləşdirmişlər. Ötən yüzilliklər ərzində, istər çar Rusiyası, istər Sovet imperiyası, istərsə də Sovet ittifaqının süqutundan sonrakı dönəmdə Baş Qafqaz dağ silsiləsindən Araz çayınadək, Şərqi Gürcüstan və Zəngəzurdan Xəzər dənizinədək olan ərazilərdə davamlı olaraq aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar nəticəsində alban irsinə aid çoxsaylı abidələr, zəngin və rəngarəng çeşidli maddi mədəniyyət qalıqları aşkar edilərək tədqiq olunmuşdur. Baxmayaraq ki, bu missiyanın icrasının özü də asan proses olmayıb. Baxın, erməni dövlətçiliyi daim erməni kilsəsinin, kilsə də erməni dövlətçiliyinin yanında olub. Əksər ölkələrdə də belə olub və bu gün də belədir. Lakin Albaniyanın bir dövlət olaraq süqutu və VIII əsrdən etibarən ölkənin islamlaşması ilə Azərbaycanda bir qədər fərqli vəziyyət yaranıb. Belə ki, yeni yaranan Azərbaycan feodal dövlətlərinin hər biri faktiki olaraq İslam dövləti idi. Fəaliyyətini davam etdirməkdə olan Alban kilsəsi isə təbiidir ki, proseslərdən bir qədər kənarda qalmış drumda idi. Ona həm daxildən, həm də xaricdən, xüsusən də şər yuvası olan erməni-qriqoryan kilsəsi, daha sonra isə çar Rusiyası tərəfindən təzyiqlər vardı. Beləliklə də, həm Azərbaycanın yeni yaranan feodal dövlətləri, həm də Alban kilsəsi Alban irsinin daşıyıcısı və davamçısı olmalarına baxmayaraq çox zaman vahid mövqedən çıxış edə bilməzdilər. Təbiidir ki, hadisələrin bu cür davamı şəraitində Alban kilsəsinin elektoratı və sosial bazası durmadan zəifləməkdə idi ki, bu da 1836-cı ildə onun fəaliyyətinə xitam verilməsi ilə nəticələndi. Əlbəttə belə bir mürəkkəb və ziddiyyətli tarixi anlar yaşamış olan alban irsini qoruyub saxlamaq və onu daha da inkişaf etdirmək heç də asan missiya olmayıb. Odur ki, albanşünaslığın problemləri ilə məşğul olan mütəxəsislər öz araşdırmalarında bu vacib və incə nüansları mütləq şəkildə nəzərə almalıdırlar. Bu baxımdan Qəbələ, Mingəçevir, Şamaxı, Gəncə, Şabran, Mehrəvan kimi şəhər yerlərində davamlı olaraq aparılmış genişmiqyaslı arxeoloji tədqiqatlar xüsusilə qeyd oluna bilər. Mollaisaqlı, Qalagah, Nüydi, Uzunboylar, Tərkəş, Yaloylutəpə, Nərgizava, Dəmirçi və digər çoxsaylı şəhər tipli yaşayış yerləri və nekropollarda aparılmış arxeoloji tədqiqatlar nəticəsində Azərbaycandakı alban irsi kolleksiyası daha da zənginləşdirilmişdir. Alban-xristian abidələri olan Girdiman, Kilsədağ, Kürmük, Kiş, Qum, Ləkit, Xudavəng, Ağoğlan, Amaras, Gəncəsər, Yelisey məbəd( monastr) komplekslərinin istər tarixi-arxeoloji, istərsə də memarlıq baxımından öyrənilməsi istiqamətində də davamlı olaraq tədqiqat işləri aparılmışdır. Çoxsaylı nekropollarda aparılmış tədqiqatlar yolu ilə alban əhalisinə xas olan dəfn adətləri və qəbir tipləri öyrənilmişdir. Aşkar olunmuş arxeoloji nümunələr, xüsusən də sənətkarlıq nümunələri, onların çeşid, forma, bədii-texniki və texnoloji xüsusiyyətlərindəki özünəməxsusluq əsasında Yaloylutəpə və Küp qəbirləri kimi sırf Albaniyaya aid arxeoloji mədəniyyətlər qeydə alınmışdır.

Alban hökmdarlarının inşa etdirmiş olduğu müdafiə tikililərinin bir qismi lokal, digərləri isə həm də regional funksiya daşıyan tikililər idi. Gilgilçay, Beşbarmaq və Dərbənd sədləri kimi geniş əraziləri əhatə edən nəhəng tikililər təbiidir ki, regional əhəmiyyət kəsb edən müdafiə tikililəri idi. Hansı ki, onlar daha çox məhz dövlətlərarası müharibələr zamanı müdafiənin təşkilinə xidmət edirdi. Cavanşir qalası, Xanəgah Qız qalası, Niyal qalası, Mehrəvan qalası, Çıraqqala, Basqal qalası, Katex və Xirəki müdafiə tikililəri isə daha çox məhz lokal əməliyyatlara hesablanmışdı.

Qalıqları zəmanəmizədək gəlib çatmış olan çoxsaylı möhtəşəm müdafiə tikililəri,qala və istehkamlar,arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş çeşidli silah nümunələri və digər artefaktlar tarixi mənbələrdə də qeyd olunduğu kimi Albaniyada hərb sənətininin yüksək səviyyədə olduğundan xəbər verir.

Arxeoloji axtarışlar zamanı aşkar olunmuş tapıntılar yazılı qaynaqların Albaniya tarixinə dair məlumatlarındakı boşluqlara, qaranlıq və ziddiyyətli məqamlara aydınlıq gətirilməsi baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Məhz arxeoloji tədqiqatlar nəticəsində Albaniya əhalisinin təsərrüfat həyatı-sosial mədəni və dini durumu, yaxın və uzaq ölkələrlə ticarət və mədəni əlaqələri, pul zərbi, pul tədavülü və bu kimi məsələlərin elmi cəhətdən izahını tapmağa imkan yaratmışdır. Antik və ilk orta əsrlər dövrünə aid bir sıra alban şəhərlərinin, şəhər tipli yaşayış məntəqələrinin, məbəd, qala və digər müdafiə tikililərinin yerinin dəqiqləşdirilməsi, ayrı-ayrı inzibati-siyasi vahidlərin coğrafi baxımdan lokalizəsi də məhz arxeoloji axtarışlar nəticəsində mümkün olmuşdur.

Belə bir məqamı da xüsusi olaraq qeyd edək ki, Azərbaycanda albanşünaslıq sahəsində əldə olunan uğurlar demək olar ki, bütünlüklə XX əsrin 40-cı illərindən sonrakı dönəmə aiddir. Başqa sözlə, ötən əsrin 40-cı illərinədək ölkəmizdə albanşünaslıq məktəbi demək olar ki, hələ heç təşəkkül tapmamışdı. Məhz bu səbəb üzündən SSRİ tarixinə dair Moskvada hazırlanan ümumiləşdirici əsərlərin Azərbaycan bölməsinin işlənməsi qeyri millətlərdən, xüsusən də erməni millətindən olan tədqiqatçılara həvalə olunmuşdur. Təsəvvür edin, 1958-ci ildə Moskvada nəşr olunan “SSR tarixinin oçerkləri (III-IX əsrlər)” adlı fundamental əsərdəki “III-VII əsrlərdə Albaniyada iqtisadiyyat və ictimai quruluş”, “III-VII əsrlərdə Albaniyanın siyasi tarixi” və “III-VII əsrlərdə Albaniyada ideologiya və mədəniyyət”bölmələrinin işlənməsi S.T. Yeremyana həvalə edilmişdir. Ermənilərin Albaniya tarixini total şəkildə saxtalaşdırmaq cəhdləri də əslində elə o zamandan başlanıb.

Azərbaycanda albanşünaslıq məktəbinin təşəkkül tapmaqda olduğu dönəmdə akademiyanın Tarix İnstitutu və Azərbaycan Tarixi Muzeyində çalışanlar arasında milli kadrların az olması, bir sıra aparıcı elmi istiqamətlər üzrə isə yadların söz sahibi olması da ümumi vəziyyəti xeyli dərəcədə mürəkkəbləşdirməkdə idi.

Ötən əsrin 40-cı illərinin ikinci yarısından etibarən Mingəçevir, Qəbələ, Şamaxı, Gəncə və digər abidələrdə başlanan genişmiqyaslı arxeoloji axtarışların təsiri ilə qısa zaman kəsiyində Azərbaycanda Ziya Bünyadov, İqrar Əliyev, Fəridə Məmmədova, Kamal Əliyev, Zelik Yampolski,Tofiq Məmmədov, Cabbar Xəlilov, Saleh Qazıyev, Ömər İsmizadə, Rəhim Vahidov, İlyas Babayev, Rəşid Göyüşov, Fazil Osmanov, Firidun Qədirov, Voroşil Quqasyan, Qiyasəddin Qeybullayev, Nəsir Rzayev kimi peşakar albanşünas alimlər nəsli yetişmiş oldu. Bu, respublikamızda albanşünaslıq elmində ciddi oyanışın başlanğıcı demək idi. Məhz həmin tədqiqatçıların səyləri nəticəsində Qafqaz Albaniyasının 1000 ildən artıq bir dövr ərzində Cənubi Qafqazın qüdrətli dövləti olduğu təkzibolunmaz dəlil və sübutlar əsasında təsdiq edilmiş oldu. Məhz o illərdən etibarən Qafqaz Albaniyasının tarixi-mədəni irsinə yiyələnməkdə iddialı olan qonşu dövlətlərin elmi dairələri ilə Azərbaycan albanşünasları arasında bir çox hallarda normal elmi diskussiya həddini aşan dartışma və çəkişmələr getdikcə daha artıq gündəm oldu.

Ötən əsrin 60-80-ci illərində Albaniya tarixinin arxeoloji əsaslarla öyrənilməsi istiqamətində xüsusilə çox ciddi uğurlar əldə olundu. Qəbələ, Şamaxı, Şabran, Gəncə, Şəmkir, Bərdə kimi iri şəhərlərlə yanaşı, ölkənin şimal və şimal-qərb regionunda, Qarabağ, Naxçıvan və Mərkəzi Aran ərazilərində də tədqiqatlar vüsət almış oldu.

Ədalət naminə deməliyik ki, Azərbaycanda albanşünaslıq elmi indiki səviyyəyə heç də asanlıqla gəlib çıxmayıb. Təsəvvür edin, uzun illər Azərbaycanda tarix və arxeologiya ixtisasları üzrə mütəxəssis çatışmazlığı üzündən müvafiq dissertasiya Şuraları olmayıb. Odur ki, hər kəs dissertasiya müdafiəsi üçün Tiblisi, İrəvan, Leninqrad, Moskva, Kiyev və digər kənar elmi mərkəzlərə getməli olub. Orada isə yadların, daha çox da ermənilərin təsiri altında olan söz sahibləri hər cür əngəl olmaqdan belə çəkinmirdilər. Bu, hələ harasıdır?! Çətinliklə orda-burda müdafiə olunan dissertasiyalar da təsdiq üçün Moskvaya-SSRİ Ali Attestasiya Komisiyasına göndərilirdi. Orada nələr baş verdiyini, vicdanlı elm adamlarımızın uzun-uzadı əsasız olaraq get-gələ salındığını təsəvvürə gətirəndə adam indinin özündə belə stres yaşamalı olur. Bəli, Azərbaycan alimləri çoxsaylı baryerləri olan bu çətin yolları keçməklə kənar dairələrin, onların mövqeyindən çıxış edən qüvvələrin Albaniya tarixini saxtalaşdırmağa və özününküləşdirməyə yönəlik cəhdlərini elmi əsaslarla alt-üst etməyə müvəffəq olublar.

Artıq yuxarıda qeyd olunduğu kimi, tarixi Albaniya torpaqları Azərbaycan Respublikası ərazisi ilə yanaşı, Cənubi Dağıstan, Şərqi Gürcüstan ərazilərinin, habelə indiki Ermənistan respublikası ərazisinin də böyük bir hissəsini əhatə edirdi. Bu baxımdan Albaniya tarixinin öyrənilməsinə Azərbaycandan kənar elmi dairələr tərəfindən də maraq göstərilməsi əlbəttə ki,başa düşüləndir. Lakin bu heç kəsin Albaniya tarixini saxtalaşdırması və ya özününkiləşdirməsi cəhdləri üçün əsas ola bilməz. Görkəmli qafqazşünas alim Y.İ.Krupnov yazırdı ki, Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar.

Bu bir həqiqətdir ki, xaricdən olan maraqlı dairələrin Qafqaz Albaniyası tarixini saxtalaşdırmaq və alban irsinə sahib durmaq cəhdlərinin arxasında birbaşa ölkəmizə qarşı ərazi iddiaları durur. Ən azı son yüzilin hadisələri göstərdi ki, erməni kilsəsi və diasporu əvvəlcə üzdəniraq tarixçiləri “silahlandırmaqla” ön cəbhəyə yollayıb. Onlar da öz növbəsində saxta faktlar və tezislərlə necə deyərlər erməni cəmiyyyətini və rəsmilərini ideoloji baxımdan “silahlandırıblar”. Bu minvalla saxta erməni təbliğatı az qala bütün dünyaya yayılaraq beyinləri zəhərləyib. ABŞ Konqresi, Fransa senatı, Yunan cəmiyyəti və onlara yaxın siyasi dairələr neçə onilliklərdir ki, bax beləcə zəhərlənib.Torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal altında saxlanıldığı dönəmdə Azərbaycanı daim kompromisə səsləyən də, 44 günlük müharibə zamanı Azərbaycan ordusunun Zəfər yürüşünü dayandırmaq naminə min cür hoqqadan çıxan da, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzalamış olduğu 10 noyabr 2020-ci il tarixli bəyanat əsasında hərbi əməliyyatlar dayandırıldıqdan sonra guya Qarabağ ərazisindəki erməni-xristian mədəni irs nümunələrinin təhlükə altında qaldığı barədə şivən qoparan da, nəhayət, tərəflər arasında sülh müqaviləsinin hazırlanmasına, regionun gələcək inkişafının lokomativi ola biləcək kommunikasiya xətlərinin işə düşməsinə hər vasitə ilə əngəl olan da məhz həmin dairələrdir.

Əsil həqiqət, tarixi həqiqət ondan ibarətdir ki, İrəvan da, indiki Ermənistan ərazisinin böyük bir hissəsi də əzəli Azərbaycan torpaqlarıdır. Tarixi sənədlər və xəritələr bunu təsdiq edir. Amma bütün bunlara rəğmən son 200 il ərzində maraqlı dairələr zaman-zaman ermənilərin planlı şəkildə Azərbaycan torpaqlarına köçünü təşkil edib. Bununla da Şərqi Anadoludan və Qərbi Azərbaycandan Altaya qədər olan geniş ərazini tutan Türk dünyasını parçalayıblar. Ermənilər havadarlarının himayə və dəstəyi sayəsində Cənubi Qafqazdakı ərazilərini tədricən daha da genişləndirməklə kifəyətlənməyərək yeni-yeni ərazilərə iddialarla çıxış ediblər. Onlar Ermənistanda yaşayan azərbaycanlıları və digər xalqların nümayəndələrini mərhələ-mərhələ departasiya edərək, oradakı Qafqaz Albaniyasına aid tarixi-mədəni irsi məhv edərək, “özününküləşdirərək” saxta və monoetnik dövlət yaradıblar. Əhalisi deportasiyaya məruz qalan yaşayış məntəqələrinin adı dəyişdirilmiş, tarixi abidələrin dövrü və təyinatı saxtalaşdırılmış, İslam dəyərlərinə münasibətdə analoqu olmayan vandalizm aktları törədilmişdir. İki əsrdən artıq bir müddətdə Mockvanın və erməni kilsəsinin planları əsasında bənzər proseslər Qarabağda da davam etdirilib. Bütün bu reallıqlar isə öz-özlüyündə indiki dönəmdə respublikamızın albanşünas alimləri qarşısında duran vəzifələrin miqyasının, elmi və siyasi yükünün əvvəlki dönəmlə müqayisədə qat-qat artdığından xəbər verir.

Çar Rusiyası və sovetlər dönəmindən başlayaraq ermənilərin və ermənipərəst dairələrin Albaniya tarixinə dair saxta və qərəzli yanaşmalarına əsaslanan nəşrləri, çıxşları və bəyanatları yağışdan sonra göbələk artan kimi artıbdır. Əfsuslar olsun ki, bu tendensiya indiki halda daha şaxəli və daha aqresiv fonda davam etdirilməkdədir. Onları susdurmağın, xar etməyin ən effektli yolu isə Albaniya tarixinə dair elmi həqiqətlərin davamlı və sistemli şəkildə dövriyəyə buraxılmasındadır. Bunun üçün isə ilk növbədə işğal dönəmində tarixi-mədəni irs nümunələrinin ermənilər tərəfindən dağıdılması, məhv edilməsi və saxtalaşdırılmasına dair fakt və sübutlar bir an belə gecikmədən, ləngimədən sənədləşdirilməli, ifşa edilməli və nəhayət, beynəlxalq səviyyədə məhkəmə predmeti olması üçün zəruri tədbirlər görülməlidir. Alban abidələrinin elektron kataloqunun və tarixi-arxeoloji atlasının hazırlanması, həmin abidələrdə kompleks tədqiqatların aparılması, tarixi yer adlarının bərpası, tədqiqat işləri yekunlaşan abidələrin bərpa və konservasiya edilərək cəlbedici turistik məkana çevrilməsi istiqamətində fəal və ardıcıl iş aparılmalıdır. Alban dövrünə aid memarlıq abidələrinin, yaşayış yerlərinin, xatirə tikililərinin, qala və istehkamların,kurqan və məzarlıqların hər birinin tarixcəsi öyrənilməklə elmi dövriyyədə yer almalıdır. Özü də bu işlər təkcə Qarabağ və Şərqi Zəngəzurda deyil, hər zaman kənar dairələrin marağında olduğu Naxçıvanda, ölkənin şimal və şimal-qərb regionlarında da eyni fəallıqla davam etdirilməlidir.

Müxtəlif istiqamətlərdən olan ayrı-ayrı elmi, millətçi və separatçı dairələrin zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları səsləndirdiklərini bir an belə nəzərdən qaçırmaq olmaz. Vaxtı ilə Qarabağda buraxılmış olan səhvləri digər regionlara münasibətdə təkrar etmək olmaz. Yaddaşları təzələmək naminə deməliyəm ki, Sovet hakimiyyəti illərində professor Rəşid Göyüşovdan savayı demək olar ki, heç bir arxeoloq Qarabağ ərazisindəki alban-xristian abidələrinin tədqiqi ilə məşğul olmadı. Akademiyamızın və Mədəniyyət Nazirliyimizin fəaliyyətsizliyi ucbatından yaranan boşluq sözün əsl mənasında erməni daşnaklarının o yerlərdə, necə deyərlər bütün cəbhə boyu məkrli fəaliyyəti üçün fürsət oldu. Mən reallıqları əsla şişirtmədən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün ölkəmizin şimal və şimal-qərb bölgələrinin həm memarlıq, həm də arxeoloji abidələrinin tədqiqi istiqamətində də oxşar boşluqlar mövcuddur.

Bu yerdə diqqəti Azərbaycanın qərb və şimal-qərb bölgələrinin problemləri ilə bağlı bəzi məqamlara yönəltmək istərdim. Heç kəsə sirr deyildir ki, istər qonşu Gürcüstan, istərsə də Dağıstan yöndən olan separtçı dairələr Albaniyanın Şəki, Kambisena, Çola və Lipina vilayətlərinin əraziləri olan bu yerlərin və oradakı alban abidələrinin guya gürcülərə və digər etnoslara mənsub olduğuna dair iddiaları davamlı olaraq gündəmdə saxlayırlar. Təbiidir ki, həmin separatçı dairələrlə əlbir olan bəzi elm adamları da onlara dəstək verməkdədirlər. Uzun illərdir ki, Kürmük məbədi ətrafında davam etməkdə olan fərqli yanaşmalar sözüz ki, qarşı tərəfin xoş olmayan niyyətlərindən xəbər verir. Etiraf etməliyik ki, Sovetlər dönəmində Kürmük məbədi, habelə regiondakı çoxsaylı digər alban abidələri nəzarət və tədqiqatdan kənarda qaldığından qarşı tərəf üçün belə bir boşluqlar fürsəti yaranmışdır. Gürcüstanla sərhəddə olan Keşikçidağ kompleksi barədə də eyni sözləri demək olar.

Acı həqiqət olsa da etiraf etməliyik ki, son illər Azərbaycanda tarix və arxeologiya sahəsinə diletantların, baza təhsili uyğun olmayan insanların böyük axını müşahidə olunmaqdadır. Baza təhsili olduğu elm sahəsində uğur qazanmaq şansı olmayan, o sahədə özünə yer tapa bilməyən vəzifəli şəxslər, onların övladları və yaxınları az bir zaman içərisində “tarixçi alim” olublar. Əlbəttə, bu cür təsadüfü alimlərlə elmimizi inkişaf etdirmək qeyri-mümkündür. Yəni, bu sahədəki boşluqları tez bir zamanda istedadlı gənclərlə doldurmaq tələb olunur. Yaxşı olar ki, həvəskarlar öz qabiliyyətlərini başqa sahələrdə sınasınlar. Unutmayaq ki, tariximizin dərin qatlarının və albanşünaslıq kimi çox ciddi siyasi yükü olan problemlərin araşdırılması peşəkarların işi və vəzifəsidir.

Narahatçılıq doğuran haldır ki, hələlik nə AMEA, nə də Elm və Təhsil Nazirliyi sistemində albanşünaslığın strategiyası və hədəfləri ilə bağlı qüvvələri səfərbər edə biləcək aydın bir strategiya yoxdur. Odur ki, problemin ciddiliyini nəzərə alaraq albanşünaslığa dair xüsusi Dövlət Proqramı işlənib hazırlanmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol