Azər Rəşidoğlu
Şençjendə bu gün dünyanın diqqətini özünə çəkən bir görüş keçirilir. ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin eyni masa arxasına əyləşirlər. Vaşinqton, Moskva və Pekinin maraqlarını təmsil edən üç siyasi lider, dünyanın ən böyük hərbi və iqtisadi güc mərkəzlərinin rəhbərləri bir araya gəlir. Bu, sadəcə diplomatik görüş deyil. Bu masanın arxasında veriləcək qərarların, deyiləcək sözlərin, hətta deyilə bilməyən fikirlərin belə dünyanın gələcəyinə təsir etmək potensialı var.
1945-ci ildə Yaltada Ruzvelt, Çörçill və Stalin müharibədən sonrakı dünyanın xəritəsini müzakirə edirdilər. İndi, 81 il sonra, başqa üç lider Şençjendə yeni beynəlxalq münasibətlər sisteminin mürəkkəb sualları ilə üz-üzədir. Tarix təkrarlanmasa da, bəzən ona çox bənzəyən mənzərələr yaradır.
Görüşün gündəliyində nüvə silahlarının azaldılması, İran ətrafındakı müharibə və qlobal təhlükəsizlik məsələləri dayanır. Amma bu üç liderin maraqları və dünyaya baxışları eyni deyil. Hər biri öz ölkəsinin strateji mövqelərini qorumağa, beynəlxalq münasibətlərdə daha geniş imkanlar əldə etməyə çalışır. Əsas sual isə budur ki, bu masa arxasında böyük dövlətlər arasında anlaşmanın əsası qoyulacaq, yoxsa dünyanı yeni qarşıdurmalara aparan fikir ayrılıqları daha da dərinləşəcək?
Əslində, bugünkü dünyanın ən böyük narahatlığı da buradan başlayır. Çünki bəzən tarixin istiqamətini milyonlarla insan deyil, bir nəfərin verdiyi qərar dəyişir. Bir imza, bir telefon zəngi, bir hərbi əmr, yaxud vaxtında verilməyən qərar... Sonra həmin qərarın nəticələrini nəsillər boyu milyonlarla insan yaşayır.
Siyasətin ən böyük paradoksu budur: qərarı bir nəfər verir, bədəlini isə bütöv dünya ödəyə bilər.
Dünya indi qəribə bir mərhələdən keçir. Köhnə beynəlxalq nizamın dayaqları laxlayır, yeni güc mərkəzləri öz mövqelərini möhkəmləndirməyə çalışır. Dövlətlər bir-birinin niyyətini oxumağa, rəqibin növbəti addımını hesablamağa çalışır. Amma bütün bu hesablamaların ortasında dəyişməz bir amil qalır- insan faktoru.
Ən mükəmməl siyasi strategiya belə bir liderin yanlış hesablaması qarşısında mənasını itirə bilər. Bəlkə də dünya müharibənin özündən daha çox, müharibəyə aparan yanlış qərarlardan qorxmalıdır.
Şekspirin «Makbet» əsərini xatırlayaq. Hakimiyyət ehtirası insanın daxilindəki bütün mənəvi sədləri dağıdır. Makbet əvvəlcə gələcəyin ona vəd etdiklərinə inanır, sonra həmin gələcəyi zorla gerçəkləşdirməyə çalışır. Nəticədə hakimiyyətə aparan yol onu öz qorxularının əsirinə çevirir.
Şekspirin qəhrəmanı yalnız bir insanın faciəsi deyil. Bu, hakimiyyətin özünü məqsəd hesab etdiyi zaman necə dağıdıcı qüvvəyə çevrilə biləcəyinin ədəbi nümunəsidir.
Böyük dövlətlərin rəhbərləri üçün də bu, ciddi xəbərdarlıqdır. Bəzən lider öz siyasi ambisiyasını dövlətin milli maraqları ilə eyniləşdirir. Ona etiraz edənləri təhlükə, fərqli düşünənləri rəqib, geri çəkilməyi isə məğlubiyyət hesab edir. Halbuki beynəlxalq siyasətdə ən böyük məğlubiyyət bəzən vaxtında geri çəkilməyi bacarmamaqdır.
Şekspirin başqa bir əsəri - «Yuli Sezar» da bu baxımdan düşündürücüdür. Sezarın ətrafındakı xəbərdarlıqlar, Brutusun tərəddüdü, hakimiyyət uğrunda qurulan sui-qəsd... Burada təkcə bir hökmdarın ölümü deyil, siyasi qərarların nə qədər mürəkkəb nəticələr doğura biləcəyi göstərilir. Sezarı aradan götürməklə Roma üçün yeni və sabit gələcək yaratmaq istəyənlər, əslində, ölkəni daha böyük qarışıqlığa sürükləyirlər.
Bəzən bir problemi həll etmək üçün atılan addım problemin özündən daha böyük fəlakət yaradır.
Lev Tolstoyun «Hərb və sülh» romanında Napoleonun obrazı da bu müstəvidə maraqlıdır. Napoleon özünü tarixin istiqamətini müəyyən edən şəxsiyyət kimi görür. Ancaq Tolstoy göstərir ki, tarixi yalnız hökmdarların iradəsi ilə izah etmək mümkün deyil. Böyük hadisələrin arxasında milyonlarla insanın iradəsi, təsadüflər, sosial proseslər və saysız-hesabsız səbəblər dayanır.
Bir insan özünü tarixin sahibi hesab edə bilər, amma tarix heç vaxt yalnız bir insanın mülkiyyətində olmayıb.
Bu gün dünya siyasətinin ən təhlükəli tərəfi də məhz budur: böyük dövlətlərin rəhbərləri bəzən mürəkkəb prosesləri öz iradələri ilə idarə edə biləcəklərinə həddindən artıq inanırlar. Halbuki müasir dünyada bir qərarın nəticəsi dövlət sərhədlərini çoxdan aşır. Enerji bazarları, maliyyə sistemləri, ərzaq təhlükəsizliyi, miqrasiya və beynəlxalq ticarət bir-birinə elə bağlanıb ki, dünyanın bir nöqtəsində baş verən qarşıdurmanın təsiri minlərlə kilometr uzaqda hiss olunur.
2026-cı ilin Dünya İqtisadi Forumunun qlobal risklər hesabatında da geoiqtisadi qarşıdurma və dövlətlərarası silahlı münaqişələr əsas risklər sırasında göstərilir. Bu, təhlükələrin artıq yalnız hərbi güclə ölçülmədiyini, böyük dövlətlərin iqtisadi və siyasi qərarlarının da qlobal nəticələr doğurduğunu təsdiqləyir.
Bəs böyük liderlərin səhv etmək ehtimalı niyə bu qədər təhlükəlidir?
Çünki müasir siyasətdə səhvin qarşısını alan mexanizmlər bəzən qərarvermənin sürətindən geri qalır. Bir vaxtlar diplomatik böhranın həlli üçün günlər, hətta həftələr lazım gəlirdi. İndi isə informasiya saniyələr ərzində yayılır, hərbi texnologiyalar qərarvermə müddətini daraldır, ictimai rəy siyasətçiləri dərhal cavab verməyə məcbur edir.
Sürət artdıqca düşünmək üçün zaman azalır. Bir yanlış siqnal, səhv oxunmuş hərbi manevr, qarşı tərəfin niyyətinin düzgün qiymətləndirilməməsi... Bunların hər biri eskalasiyanın yeni mərhələsinə çevrilə bilər. Ən təhlükəlisi isə odur ki, heç kim müharibə istəmədiyini söylədiyi halda, hadisələr hamını müharibəyə yaxınlaşdıra bilər.
Remarkın «Qərb cəbhəsində yenilik yoxdur» romanını bu məqamda xatırlamamaq mümkün deyil. Müharibə haqqında qərarları kabinetlərdə verənlərlə səngərlərdə onun nəticələrini yaşayanlar eyni insanlar deyil. Əsərin qəhrəmanları böyük siyasi şüarların, vətənpərvərlik çağırışlarının arxasında insan həyatının necə əzildiyini göstərirlər.
Müharibənin əsl qiyməti xəritədəki sərhədlərlə deyil, itirilmiş ömürlərlə ölçülür.
Bəlkə də dünyanın böyük dövlətlərini idarə edən hər bir lider qərar verməzdən əvvəl özünə bir sual verməlidir ki, bu qərarın nəticəsini mənim övladım, mənim ailəm, mənim xalqım yaşayacaqmı? Daha vacibi, həmin qərarın nəticələrini öz ölkəmin sərhədlərindən kənarda yaşayan milyonlarla insanın da ödəyəcəyini nəzərə alırammı?
Tarixdə Çörçillin, Kennedinin və Xruşşovun adları ilə bağlı böhranlar, xüsusilə 1962-ci il Karib böhranı göstərdi ki, ən kəskin qarşıdurmalarda belə geri addım atmaq, qarşı tərəfin mövqeyini anlamaq və danışıqlar üçün qapını açıq saxlamaq mümkündür.
O böhran tarixə yalnız nüvə silahlarının qarşı-qarşıya gəldiyi təhlükəli qarşıdurma kimi düşmədi. O, həm də iki böyük dövlətin rəhbərlərinin fəlakətin astanasında məsuliyyətli qərar vermək məcburiyyətində qaldıqları an kimi yadda qaldı.
Kennedi və Xruşşov başa düşürdülər ki, qarşı tərəfə qalib gəlmək naminə atılan yanlış addım hər iki tərəfin məğlubiyyəti ilə nəticələnə bilər. Bəzən siyasi müdriklik rəqibi diz çökdürməkdə deyil, hamını uçurumdan uzaqlaşdırmaqda üzə çıxır.
Bu gün də dünya oxşar məsuliyyət qarşısındadır. ABŞ, Rusiya və Çin rəhbərləri yalnız öz dövlətlərinin deyil, bütövlükdə beynəlxalq sistemin gələcəyinə təsir edən qərarlar verirlər. Onların hər biri öz strategiyasının məntiqinə inanır. Amma tarix göstərir ki, siyasi əminlik həmişə düzgün qərarın təminatı deyil.
Donald Trampın, Vladimir Putinin və Si Cinpinin qəbul etdiyi qərarların təsir dairəsi onların ölkələrinin sərhədləri ilə məhdudlaşmır. Bu liderlərin hər birinin siyasi hesablamaları qlobal iqtisadiyyata, beynəlxalq təhlükəsizliyə və ayrı-ayrı regionlarda sabitliyə təsir göstərə bilər. Məsələ onların hansı siyasi sistemə, hansı ideologiyaya və hansı geosiyasi baxışa sahib olmalarında deyil. Əsas məsələ sahib olduqları gücün qarşısında daşıdıqları məsuliyyətdir.
Çünki böyük güc böyük səhv etmək imkanını da artırır.
Kiçik dövlətlər üçün bu reallıq xüsusilə həssasdır. Böyük dövlətlərin bir-biri ilə hesablaşdığı masada bəzən başqa ölkələrin gələcəyi də müzakirə olunur. Qafqaz kimi strateji əhəmiyyətli regionlarda beynəlxalq münasibətlərdəki hər bir dəyişiklik öz əks-sədasını tapa bilər. Bu baxımdan sülhün qorunması yalnız regional aktorların deyil, böyük güclərin də məsuliyyətli davranışından asılıdır.
Azərbaycan da bu mürəkkəb beynəlxalq münasibətlər sisteminin bir hissəsidir. Dünyada sabitliyin qorunması, böyük dövlətlər arasında qarşıdurmanın dərinləşməməsi və beynəlxalq hüququn işlək mexanizmlərinin saxlanılması bütün regionlar, o cümlədən Cənubi Qafqaz üçün əhəmiyyət daşıyır.
Əslində, siyasi liderin böyüklüyü heç vaxt yalnız verdiyi əmrlərin miqyası ilə ölçülməyib. Bəzən onun böyüklüyü vermədiyi əmrdə, başlamadığı müharibədə, vaxtında dayandırdığı qarşıdurmada üzə çıxıb.
Tarix qaliblərin adlarını yadda saxlayır, amma çox vaxt qarşısı alınmış fəlakətlərin qəhrəmanlarını tanımır. Halbuki milyonlarla insanın həyatını xilas edən qərar bəlkə də ən böyük siyasi qələbədir.
Dünya bu gün bir nəfərin səhvini gözləyir demək bəlkə də düzgün olmazdı. Dünya daha çox bir nəfərin öz səhvini vaxtında anlaya bilməsini gözləyir.
Çünki bəzən tarix böyük hadisələrlə deyil, bir insanın vaxtında dayandığı yerdə dəyişir.
Ən böyük faciə odur ki, siyasətdə səhv edən bir nəfər ola bilər, amma onun səhvini düzəltmək üçün bəzən bütöv bir dünyanın ömrü çatmır.
“AzPolitika.info”


Şərhlər