Menu

Paşinyan həyat yoldaşının tənqidlərinə cavab verdi – “Mənə ünvanlanıb”

19.11.2026, 13:52
Paşinyan həyat yoldaşının tənqidlərinə cavab verdi – “Mənə ünvanlanıb”

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə keçirdiyi brifinqdə həyat yoldaşı Anna Akopyanın İrəvandakı nəqliyyat tıxacları ilə bağlı tənqidlərinə münasibət bildirib.

Baş nazir bu fikirləri şəxsən özünə ünvanlanmış tənqid kimi qəbul etdiyini deyib: "Mən bunu özümə qarşı tənqid kimi qəbul edirəm və açıq-aşkar mövcud olan bu problemlərin həlli yollarını tapmaq üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, bir neçə gün öncə Anna Akopyan konkret vəzifəli şəxsin adını çəkmədən paytaxtdakı tıxac problemini tənqid etmişdi. O, İrəvan meriyasının fəaliyyətinə açıq eyham vuraraq bildirmişdi: "Bəzi insanlar üçün bu problemin cavabını çoxdan tapmaq vəzifə borcudur. Düzdür, bu, milyonlarla dollar sərmayə qoyan şirkətlərə tikinti icazəsi verməkdən bir qədər mürəkkəb öhdəlikdir".

İrəvan meri Tiqran Avinyan isə yeni tikililərin şəhərdə əhalinin və avtomobillərin sayını artırmadığını israrla müdafiə edir. Mer bu gün verdiyi açıqlamada paytaxt əhalisinin artmasını Rusiya–Ukrayna müharibəsi nəticəsində gələnlər və Qarabağı tərk edən ermənilərin İrəvanda məskunlaşması ilə əlaqələndirib. Avinyan həmçinin yeni tikililərdən alınan rüsumlardan razı qaldığını və bu vəsaitlərin futbol meydançalarının və kanalizasiya sistemlərinin tikintisinə yönəldildiyini vurğulayıb.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol