Havaların soyuması ilə mənzillərin və fərdi yaşayış evlərinin qışa hazırlığı məsələsi yenidən gündəmə gəlir. Xüsusilə həyət evlərində və köhnə tikililərdə yaşayan sakinlər üçün qış aylarında evin kifayət qədər qızdırılması ilə yanaşı, enerji xərclərinə qənaət etmək də vacib məsələyə çevrilir. Mərkəzi istilik sisteminin olmadığı və ya yetərli istilik verilmədiyi evlərdə sakinlər müxtəlif alternativ vasitələrə üz tuturlar. Bəziləri elektrik qızdırıcılarından, digərləri kondisioner və qazla işləyən istilik sistemlərindən istifadə etməyə üstünlük verir.
Bəs bu vasitələrdən hansı daha sərfəlidir? Qışda evi həm isti saxlamaq, həm də qaz və elektrik xərclərini minimuma endirmək üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, qış mövsümündə mənzillərin isidilməsi üçün həm qiymət, həm də təhlükəsizlik baxımından ən sərfəli variant mərkəzləşmiş istilik sistemi — yəni qazanxanalardır. Bu sistemlərdən alınan istilik mənzilin kvadratmetrinə görə hesablanır və maliyyəti olduqca aşağıdır: "Mərkəzləşmiş qazanxanalar əsasən şəhərin mərkəzi hissələrində və mərkəzə yaxın ərazilərdə yerləşir, onların ətrafındakı yaşayış binalarını istiliklə təmin edir. Qazanxana tipli sistemdə enerji sərfiyyatı ümumi hesablandığı üçün vətəndaşlara fərdi qaydada qaz yandıraraq evi isitməkdən qat-qat ucuz başa gəlir.
Bu sistemin digər mühüm üstünlüyü insan həyatı üçün tam təhlükəsiz olmasıdır. Mənzil daxilində hər hansı qaz cihazı və ya qızdırıcı qurğu işləmədiyi üçün qaz sızması, dəm qazından zəhərlənmə və ya yanğın riski yaranmır. Halbuki, mənzillərdə quraşdırılan kombilər və ya kustar üsulla hazırlanmış qızdırıcı sobalar texniki baxımdan müəyyən risklər daşıyır.
Bununla belə, qazanxanaların sayı məhdud olduğu üçün mərkəzləşmiş istilik sistemi bütün binaları və yaşayış massivlərini əhatə etmir. Belə binalarda yaşayan vətəndaşlar qızdırıcı vasitə kimi daha çox kombilərdən, kombi olmayan mənzillərdə isə elektrik qızdırıcılarından və ya köhnə tikililərdəki ənənəvi qaz sobalarından istifadə edirlər. Bu vasitələr isə tam təhlükəsiz sayılmır. Məsələn, qazın verilməsində fasilə yarandıqda və sonradan təchizat bərpa olunduqda mənzilə qaz sızması nəticəsində boğulma, yanğın və ya partlayış baş verə bilər. Elektrik qızdırıcılarının uzun müddət fasiləsiz işləməsi isə naqillərdə qızmaya, qısaqapanmalara və elektrik şəbəkəsinin yüklənərək sıradan çıxmasına səbəb olur".
Ekspertin sözlərinə görə, mərkəzdən kənar qəsəbə və kəndlərdə, xüsusilə Bakıətrafı ərazilərdəki fərdi həyət evlərində isə seçim imkanı daha genişdir: "Burada sakinlər qaz sobaları ilə yanaşı, odun sobalarından və digər alternativ qızdırıcılardan da istifadə edirlər. Lakin qaz təzyiqinin tez-tez dəyişməsi və ya kəsilməsi bu ərazilərdəki qaz sobaları üçün də ciddi təhlükə mənbəyidir.
Ümumilikdə götürdükdə, fərdi yaşayış yerləri üçün optimal variant kombi sistemləri hesab olunsa da, həm qiymətinin ucuzluğu, həm də tam təhlükəsizliyi baxımından ən sərfəli istilik vasitəsi məhz mərkəzləşmiş qazanxana sistemləridir."
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər