Menu

ƏSGƏR HANSI HALLARDA VAXTINDAN ƏVVƏL TƏRXİS OLUNA BİLƏR? - Ekspert 3 halı AÇIQLADI

19.11.2026, 09:20
ƏSGƏR HANSI HALLARDA VAXTINDAN ƏVVƏL TƏRXİS OLUNA BİLƏR? - Ekspert 3 halı AÇIQLADI

Müddətli həqiqi hərbi xidmət keçən şəxslərin xidmət müddəti başa çatmadan ordudan tərxis olunması qanunvericilikdə müəyyən edilmiş xüsusi hallarda mümkündür. Bu proses hərbi qulluqçunun sağlamlıq vəziyyəti, ailə şəraiti və digər hüquqi əsaslarla bağlı ola bilər. Xüsusilə xəstəlik, ailə üzvlərinin himayəyə ehtiyacı və məhkəmə qərarlarının vaxtından əvvəl tərxisə təsiri diqqət çəkir.

Bəs hansı hallarda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu vaxtından əvvəl tərxis edilə bilər? Bu proses zamanı hansı sənədlər və hüquqi əsaslar nəzərə alınır?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, müddətli həqiqi hərbi xidmət keçən şəxslərin xidmət müddəti başa çatmamış ehtiyata buraxılması mümkündür. Lakin bu proses fərdi qaydada, qanunvericilikdə nəzərdə tutulan konkret əsaslar və müvafiq təsdiqedici sənədlər əsasında həyata keçirilir.

Onun sözlərinə görə, burada əsas məqsəd bir tərəfdən hərbi qulluqçuların qanuni hüquqlarını qorumaq, digər tərəfdən isə Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsini və hərbi xidmət intizamını təmin etməkdir: “Hərbi qulluqçunun şəxsi istəyi və ya ailə vəziyyətinin çətin olması özlüyündə vaxtından əvvəl tərxis olunmaq üçün kifayət etmir. Bunun üçün qanunvericilikdə müəyyən edilmiş əsaslardan biri mövcud olmalı və müvafiq sənədlərlə təsdiqlənməlidir”.

E.Şıxəliyev vaxtından əvvəl tərxisin mümkün olduğu üç əsas halı diqqətə çatdırıb: “Sağlamlıq vəziyyətinə görə: Hərbi qulluqçunun səhhətində yaranan problemlər tibbi müayinə və müvafiq rəy əsasında qiymətləndirilir.

Ailə vəziyyətinə görə: Qanunvericilikdə nəzərdə tutulan ailə vəziyyəti ilə bağlı əsaslar və onları təsdiq edən sənədlər olduqda vaxtından əvvəl tərxis məsələsinə baxıla bilər.

Məhkəmə qərarı əsasında: Qanunvericiliklə müəyyən edilmiş hallarda məhkəmə qərarı hərbi qulluqçunun xidmətinə xitam verilməsi üçün əsas ola bilər”.

Hərbi ekspert vurğulayıb ki, sadalanan halların hər biri müvafiq sənədlərlə əsaslandırılmalı və fərdi qaydada qiymətləndirilməlidir: “Bu məsələnin hüquqi çərçivəsini Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunu və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə müəyyən edir”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol