Menu

TAKSİ, ŞƏXSİ MAŞIN, YOXSA AVTOBUS? – Bakıda hansından istifadə etmək daha sərfəlidir?

19.11.2026, 09:37
TAKSİ, ŞƏXSİ MAŞIN, YOXSA AVTOBUS? – Bakıda hansından istifadə etmək daha sərfəlidir?

Bakıda nəqliyyat sıxlığı və gündəlik gediş-gəliş xərclərinin artması fonunda taksidən istifadənin iqtisadi baxımdan nə dərəcədə sərfəli olması müzakirə mövzusuna çevrilir. Hər gün işə gedib-gəlmək üçün taksidən istifadə edən şəxslərin aylıq nəqliyyat xərcləri kifayət qədər yüksək məbləğə çata bilər. Digər tərəfdən, şəxsi avtomobil almaq da yanacaq, texniki xidmət, sığorta, parklanma və digər xərcləri nəzərə aldıqda əlavə maliyyə öhdəlikləri yaradır. Bu baxımdan, taksidən istifadə ilə şəxsi avtomobilə sahib olmağın uzunmüddətli iqtisadi müqayisəsi aktuallıq kəsb edir.

Gündəlik taksidən istifadə etmək hansı hallarda şəxsi avtomobil almaqdan daha sərfəli hesab oluna bilər? Avtomobilin alınması və saxlanılması ilə taksi xərcləri müqayisə edildikdə, vətəndaş üçün daha qənaətcil seçim hansı amillərdən asılıdır?

Bu barədə “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, vətəndaşlar üçün ən sərfəli və səmərəli nəqliyyat vasitəsi ictimai nəqliyyatdır.

Onun sözlərinə görə, şəxsi avtomobil saxlamaq və ya mütəmadi olaraq taksi xidmətindən istifadə etmək daha çox şəxsi rahatlıq və komfortla bağlı seçimlərdir: “Xərclərinə qənaət etmək istəyənlər üçün isə ictimai nəqliyyatdan yararlanmaq həm iqtisadi baxımdan daha məqsədəuyğundur, həm də ümumi cəmiyyət üçün faydalıdır. Şəxsi avtomobil və taksi xidmətləri insana hərəkət azadlığı və vaxt baxımından müəyyən üstünlüklər verir. Belə ki, bu nəqliyyat vasitələri ilə vətəndaş istədiyi vaxt yola çıxa, birbaşa getmək istədiyi ünvana çata və marşrutunu öz ehtiyaclarına uyğun müəyyənləşdirə bilər. Lakin bu rahatlığın müəyyən maliyyə qarşılığı var. Şəxsi avtomobilin alınması və saxlanılması, eləcə də taksi xidmətindən istifadə üçün ayrılan vəsait fərdi büdcəyə əlavə yük yarada bilər”.

Ekspertin fikrincə, şəxsi avtomobillə taksi arasında seçim etmək üçün hamıya aid vahid və dəyişməz meyar yoxdur: “Bu, ilk növbədə, insanın gündəlik hərəkət intensivliyindən, iş rejimindən, getdiyi məsafələrdən və nəqliyyata ayırdığı aylıq büdcədən asılıdır. Məsələn, gün ərzində tez-tez müxtəlif ünvanlara getməli olan şəxslə yalnız müəyyən vaxtlarda nəqliyyata ehtiyac duyan vətəndaşın xərcləri və seçimləri eyni ola bilməz”.

İqtisadçı əlavə edib ki, şəxsi avtomobilin iqtisadi baxımdan nə dərəcədə sərfəli olması onun markası, modeli və qiyməti ilə də birbaşa bağlıdır: “Avtomobillərin qiymətləri arasında böyük fərqlər olduğundan, onların alınmasına və saxlanılmasına çəkilən xərclər də eyni deyil. Eyni zamanda, taksidən istifadə tezliyi də aylıq nəqliyyat xərcinin müəyyənləşməsində mühüm rol oynayır.

Vətəndaşın hansı nəqliyyat vasitəsini seçməsi onun şəxsi ehtiyaclarından və maliyyə imkanlarından asılıdır. Bununla belə, sırf qənaət meyarı əsas götürülərsə, ictimai nəqliyyat daha əlverişli seçim olaraq qalır”.

Oğuz Ayvaz 

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol