Menu

BAKIYA MAŞINLA GİRİŞ PULLU OLA BİLƏR? – Tıxaclara qarşı yeni təklif gündəmdə...

18.11.2026, 19:25
BAKIYA MAŞINLA GİRİŞ PULLU OLA BİLƏR? – Tıxaclara qarşı yeni təklif gündəmdə...

Bakıda nəqliyyat sıxlığının azaldılması yolları yenidən müzakirə mövzusuna çevrilib. Paytaxtda avtomobillərin sayının artması, xüsusilə səhər və axşam saatlarında əsas küçə və prospektlərdə yaranan tıxaclar alternativ həll mexanizmlərinin tətbiqini gündəmə gətirir. Bu baxımdan, şəhərə kənar rayonlardan və digər bölgələrdən daxil olan avtomobillər üçün ödənişli giriş sisteminin yaradılması da mümkün variantlardan biri kimi nəzərdən keçirilə bilər. 

Bəs belə bir sistemin tətbiqi nə dərəcədə realdır? Bu mexanizm paytaxtda nəqliyyat sıxlığını azaltmağa kömək edə bilərmi? Ödənişli giriş sistemi tətbiq olunarsa, hansı avtomobillərə güzəştlər nəzərdə tutulmalı və bunun hüquqi, iqtisadi və sosial nəticələri necə tənzimlənməlidir?


Mövzu ilə bağlı "AzPolitika"ya danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, koronavirus pandemiyası dövründə bu kimi məhdudiyyətlər tətbiq olunurdu. Həmin vaxt nəqliyyat vasitələrinin müəyyən ərazilərə, xüsusilə də şəhər mərkəzinə daxil olmasına məhdudiyyətlər qoyulurdu: "Lakin burada bir məqamı nəzərə almaq lazımdır. Söhbət təkcə şəhər mərkəzinə girişdən deyil, ümumilikdə Bakıya avtomobillərin giriş-çıxışına tətbiq edilən məhdudiyyətlərdən gedirdi. Həmin dövrdə nəqliyyat vasitələrinin paytaxta daxil olması və şəhərdən çıxması müəyyən qaydalarla tənzimlənirdi. Bu cür məhdudiyyətlər dünyanın müxtəlif ölkələrində də tətbiq olunub. Lakin həmin təcrübələri birbaşa Azərbaycana şamil etmək düzgün olmaz. Çünki hər bir ölkənin nəqliyyat infrastrukturu, yol şəbəkəsi və şəhərsalma xüsusiyyətləri fərqlidir.

Şəhərdaxili yolların ödənişli olması məsələsinə gəldikdə isə, burada əsas şərtlərdən biri alternativ yolların mövcudluğudur. İstər ödənişli, istərsə də ödənişsiz yollardan istifadə üçün vətəndaşlara seçim imkanı yaradılmalıdır. Alternativ yollar mövcud olduqda ödənişli yol sisteminin tətbiqi müəyyən müsbət nəticələr verə bilər. Lakin alternativ marşrutlar olmadığı halda belə bir mexanizmin tətbiqi əlavə problemlərə və nəqliyyat sıxlığının artmasına səbəb olacaq"

Ekspertin sözlərinə görə, ödənişli yolların tətbiqi müəyyən maliyyə gəlirləri formalaşdıra bilər: "Ancaq alternativ imkanlar yaradılmadan bu sistemin tətbiqi vətəndaşların gündəlik hərəkətinə çətinlik törədə, onların narazılığına səbəb ola bilər. Ona görə də şəhərdə ödənişli yol sisteminin tətbiqi məsələsinə kompleks yanaşılmalı, ilk növbədə alternativ nəqliyyat marşrutlarının mövcudluğu və vətəndaşların rahat hərəkət imkanları nəzərə alınmalıdır".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol