Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib ki, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi zamanı onların maliyyə təminatı əvvəlcədən müəyyənləşdirilməli, dövlət orqanları ilə qarşılıqlı fəaliyyət mexanizmləri gücləndirilməlidir.
S.Novruzov 2027-ci ilin dövlət büdcəsi layihəsində yerli büdcələrə 7,5 milyon manat dotasiya və 1 milyon 550 min manat subvensiya ayrılmasının nəzərdə tutulduğunu xatırladıb.
O, bu vəsaitlərin səmərəliliyini artırmaq üçün mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib: “Dotasiyaların bölgüsündə əhalinin sayı, yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti və yerli büdcələrin gəlir imkanları obyektiv qiymətləndirilməlidir. Subvensiyaların ayrılmasında konkret layihələrin sosial-iqtisadi səmərəliliyinə və əhalinin həyat şəraitinə təsirinə üstünlük verilməlidir”.
S.Novruzov dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsaitlərin həcminin mərhələli şəkildə artırılmasının vacibliyini qeyd edib.
Deputat vurğulayıb ki, bələdiyyələrin maliyyə dayanıqlığı təkcə dövlət büdcəsindən ayrılan vəsaitlərlə təmin edilə bilməz: "Yerli vergilərin və ödənişlərin yığımının təkmilləşdirilməsi, bələdiyyə torpaqlarından və əmlakından səmərəli istifadə, əlavə qanuni gəlir mənbələrinin formalaşdırılması xüsusi aktuallıq kəsb edir".
O, bu sahədə rəqəmsallaşma tədbirlərinin davam etdirilməsinin, uçotun təkminləşdirilməsinin, hesabatlılığın və kadr potensialının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Həmçinin bələdiyyələrin kiçik sahibkarlığın təşviqində, yerli istehsal təşəbbüslərinin dəstəklənməsində və investisiya layihələrində dövlət-özəl sektor əməkdaşlığı vasitəsilə rolunun artırılmasının yeni məşğulluq imkanları yaradacağını qeyd edib.
Rasim Əliyev
“AzPolitika.info”


Şərhlər