Çoxmənzilli yaşayış binalarında liftlərin köhnəlməsi, tez-tez sıradan çıxması və texniki xidmətin lazımi səviyyədə göstərilməməsi sakinlərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar yaradır. Xüsusilə, istismar müddəti uzun illər əvvəl başa çatmış köhnə binalardakı liftlərin vəziyyəti aktual problemlərdən birinə çevrilib. Nasazlıqlar, qəfil dayanma və liftlərin təmirinə ehtiyac yaranması sakinləri həm maddi, həm də təhlükəsizlik baxımından çətin vəziyyətlə üz-üzə qoyur. Digər tərəfdən, liftlərin saxlanılması, təmiri və yenilənməsi xərclərinin kim tərəfindən qarşılanması da mübahisə doğurur.
Bəs köhnə binalarda liftlərin texniki vəziyyətinə görə kim məsuliyyət daşıyır? Nasazlıq nəticəsində qəza baş verərsə, məsuliyyət kimin üzərinə düşür və sakinlər öz təhlükəsizliklərini qorumaq üçün hansı hüquqi imkanlardan istifadə edə bilərlər?

Mövzunu "AzPolitika"ya şərh edən əmlak eksperti Elnur Azadov bildirib ki, qanunvericiliyə əsasən, liftlərin faktiki idarə olunması və məsuliyyətin kimin üzərinə düşməsi ilə bağlı son 5–10 ildə ayrıca bir yenilik qəbul edilməyib: "Mövcud praktikada əsasən köhnə tənzimləmələr tətbiq olunur. Halbuki Mənzil Məcəlləsinin müvafiq maddələrinə görə, çoxmənzilli binanın idarə olunması onun mülkiyyətçiləri hesabına həyata keçirilir. Qanunda yeni və ya köhnə tikili kimi bölgü aparılmayıb. İki və daha çox mənzili olan bina çoxmənzilli hesab olunur və onun bütün ümumi hissələrinin, o cümlədən müvafiq texniki avadanlıqların saxlanma xərcləri birbaşa mülkiyyətçilərin üzərinə düşür.
Bəs ölkəmizdə faktiki vəziyyət necədir? Dövlət qurumları yeni inşa olunmuş binalara ümumiyyətlə xidmət göstərmir və bunu həmin binaların onların balansında olmaması ilə əsaslandırırlar. Sovet dövründən qalmış mənzil-istismar xidmət sahələri isə köhnə yaşayış fonduna aid binaların və oradakı liftlərin istismarını qismən də olsa həyata keçirirlər. Doğrudur, bu, son 10–15 ilin açıq qalmış məsələlərindən biridir. Çünki zamanla qəbul olunmuş qanunvericiliyə əsasən, binaların daxilinə xidmət göstərmək səlahiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliklərinin (MKTB) üzərindən götürülüb. Onlar yalnız ərazi üzrə ara yollara, yaşıllıqlara, məişət tullantılarının daşınmasına və binanın girişinə qədər olan mühəndis-kommunikasiya xətlərinə cavabdehdirlər. Çoxmənzilli binanın girişindən içəri — blokların təmiz saxlanılması və bina daxilində yaranan problemlərin aradan qaldırılması artıq onların səlahiyyətinə daxil deyil. Hazırda MKTB-lər sadəcə vaxtilə onlara təhkim olunmuş binalardan məişət tullantılarına, istilik təchizatına və lift xidmətinə görə ödəniş toplayırlar. Baş nazirin müvafiq sərəncamına əsasən isə bu qurumların yaxın vaxtlarda müştərək cəmiyyət formasına keçidi nəzərdə tutulur.
Ortada rəsmi xidmət müqaviləsi olmadıqda məsuliyyətin kimin üzərinə düşməsi sual altında qalır. Bununla belə, son 10 il ərzində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtdakı 9–10 mərtəbəli binalarda istismar müddəti bitmiş liftlərin dövlət hesabına yenilənməsi prosesi aparılır. Artıq Bakıdakı bu tip binaların azı 50 faizində liftlər yenilənib və proses davam edir. Lakin təhlükəsizlik baxımından liftdə hər hansı bədbəxt hadisə baş verərsə, məsuliyyəti kimin daşıyacağı yenə də açıq məsələ olaraq qalır. Mövcud vəziyyətdə məsuliyyət həmin binalara texniki xidmət göstərən "Azərlift" kimi müəssisələrin üzərinə düşə bilər. Təbii ki, qarşı tərəf də bina ilə rəsmi müqaviləsinin olmadığını əsas gətirə bilər".
Ekspertin sözlərinə görə, gələcəkdə mənzil-istismar sahələri müştərək cəmiyyətlərə çevrildikdən sonra onların xidmət göstərdikləri ərazilərdə yaşayan vətəndaşlarla rəsmi xidmət müqaviləsi imzalamaq hüququ yaranacaq: "Burada iki əsas məqam diqqət çəkir. Birincisi, xidmətlərin seçilməsində vətəndaşların azadlığı təmin olunmalıdır. Bu gün ölkədə çoxmənzilli binaları idarə edən müxtəlif şirkət və təşkilatlar fəaliyyət göstərir. Eyni zamanda, sakinlərin özlərinin də toplaşaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmaq, ümumi qərarla binanı kimin idarə edəcəyini seçmək və hansı xidmətlərin göstəriləcəyini müəyyənləşdirmək hüququ var. Sovet dövründən qalmış tək-tük kooperativ binalarda bu mexanizm hələ də işləyir. Sakinlər idarə heyəti seçir, tarifləri özləri müəyyənləşdirir və binanı idarə edirlər.
İkincisi isə, keçmiş Mənzil-Kommunal Təsərrüfat Birlikləri ilə fərdi qaydada bağlanacaq müqavilələrin nə dərəcədə məcburi xarakter daşıyacağı sual doğurur. Əhalinin bu prosesdə nə qədər maraqlı olacağı, kimlərinsə müqavilədən imtina edəcəyi təqdirdə bunun məcburi qaydada tətbiq olunub-olunmayacağı hələlik açıq qalan məsələdir".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər