Menu

Professor adı, elmi fəaliyyət və akademik dürüstlük... - Və institusional nəzarət problemi

20.11.2026, 09:13
Professor adı, elmi fəaliyyət və akademik dürüstlük... - Və institusional nəzarət problemi

Zahid Fərrux Məmmədov

İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim

Son illər Azərbaycanda narahatedici bir tendensiya müşahidə olunur: elmi dərəcəsi, professor elmi adı və ya müvafiq akademik statusu olmayan bəzi şəxslər özlərini ictimaiyyətə «professor» kimi təqdim edirlər. Sosial şəbəkələrdə, televiziya proqramlarında, müxtəlif konfransların elanlarında, müsahibələrdə, reklam materiallarında və şəxsi təqdimatlarda «prof.», «professor» ifadələrindən istifadə edilməsi artıq adi hala çevrilməkdədir.

Sual yaranır: professor olmaq bu qədər asanlaşıbmı? Bir neçə elmi məqalə yazmaq, hansısa beynəlxalq tədbirdə iştirak etmək, özünü ekspert adlandırmaq, xarici universitetlə əlaqə qurmaq və ya sadəcə adının qarşısına «prof.» yazmaqla professor olmaq mümkündürmü?

Əlbəttə, xeyr!

Professorluq şəxsi təqdimat vasitəsi, reklam elementi və ya sosial status nümayiş etdirmək üçün istifadə olunan söz deyil. Bu, müəyyən hüquqi və akademik prosedurlarla təsdiqlənən, uzunmüddətli elmi fəaliyyətə, intellektual əməyə və akademik nailiyyətlərə əsaslanan statusdur.

Professor adını insan özü özünə vermir. Onun hüquqi əsasını müvafiq səlahiyyətli qurumun qərarı və rəsmi sənəd təsdiq edir.

Azərbaycan qanunvericiliyi nə deyir?

Məsələnin hüquqi tərəfinə nəzər salaq. Azərbaycan Respublikasının «Elm haqqında» Qanununun 18-ci maddəsi elmi dərəcələrin və elmi adların verilməsi qaydasını müəyyən edir.

Qanunun 18.1-ci maddəsinə əsasən, elmi adlar elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuralarının vəsatəti əsasında ali attestasiya orqanı tərəfindən verilir. Azərbaycanda bu səlahiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) həyata keçirir. 11 iyun 2019-cu il tarixli Prezident Fərmanı ilə təsdiq edilmiş «Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə» isə professor elmi adının verilməsinin konkret şərtlərini müəyyənləşdirir.

Əsasnamənin 1.6-cı bəndində açıq şəkildə göstərilir: «Professor elmi adı yalnız dosent elmi adı olan şəxslərə verilir».

Professor elmi adına iddia edən şəxslər üçün elmi dərəcə, elmi və ya elmi-pedaqoji iş stajı, müvafiq vəzifədə fəaliyyət, monoqrafiyalar, elmi məqalələr, beynəlxalq elmi tədbirlərdə iştirak və elmi kadr hazırlığı ilə bağlı tələblər müəyyən edilib.

Məsələn, əsas elmi və elmi-pedaqoji istiqamətlər üzrə professor elmi adına iddia edən şəxslərdən, bir qayda olaraq, elmlər doktoru elmi dərəcəsi, dosent elmi adı və azı beş il müvafiq elmi və ya elmi-pedaqoji iş stajı tələb olunur. Əsasnamədə fəlsəfə doktorları və müəyyən xüsusi sahələr üçün ayrıca şərtlər və istisnalar da nəzərdə tutulub.

Deməli, professorluq təsadüfi və özbaşına mənimsənilən titul deyil.

Burada bir mühüm hüquqi məqamı da unutmaq olmaz. «Elm haqqında» Qanunun 18.4-cü maddəsinə əsasən, universitetlər və elmi müəssisələr fəxri professor adı vermək hüququna malikdirlər. Lakin fəxri professor adı ilə AAK tərəfindən verilən professor elmi adı eyni hüquqi status deyil. Bu fərq təqdimat zamanı mütləq göstərilməlidir.

Eyni zamanda, universitetdə «professor» vəzifəsində işləmək ilə «professor» elmi adına malik olmaq da eyni anlayışlar deyil. Birincisi əmək və vəzifə münasibətidir, ikincisi isə müvafiq qaydada təsdiqlənən elmi addır.

Xarici universitetdə professor vəzifəsində çalışan şəxsin statusu da Azərbaycan AAK-sı tərəfindən verilmiş professor elmi adı ilə avtomatik eyniləşdirilə bilməz. Xarici elmi adların tanınması ayrıca hüquqi prosedur məsələsidir.

Əsl professoru nə müəyyən edir?

Ay «professor», sən professorsan? Sənin professorluğunu kim təsdiq edib? Hansı elmi əsərlərin var? Hansı elmi məktəbi yaratmısan? Hansı universitetdə və ya elmi-tədqiqat müəssisəsində akademik fəaliyyət göstərmisən? Elmi fəaliyyətinin nəticələri harada görünür?

Əsl professorun akademik bioqrafiyası olmalıdır. Onun elmi əsərləri, monoqrafiyaları, dərslikləri, elmi rəhbərliyi altında yetişən tədqiqatçılar, elmi istinadları və beynəlxalq akademik mühitdə fəaliyyəti mövcud olmalıdır.

Bu baxımdan Google Scholar, Scopus, Web of Science kimi beynəlxalq biblioqrafik və elmi informasiya platformaları mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, həmin platformalarda profilin olması da professor elmi adını təsdiq etmir. Professor elmi adının hüquqi sübutu müvafiq qərar və rəsmi attestatdır. Elmi platformalar isə şəxsin real tədqiqat fəaliyyətini, əsərlərini və elmi təsirini qiymətləndirmək üçün əlavə vasitələrdir.

Professorun elmi nüfuzu onun illərlə formalaşdırdığı elmi irslə ölçülür.

Bəs nə üçün nəzarət boşluğu var?

Ən ciddi problem də məhz budur. Niyə özünü professor kimi təqdim edən şəxsin akademik statusu yoxlanılmır? Niyə televiziya kanalları, xəbər portalları, konfrans təşkilatçıları, ictimai qurumlar və müxtəlif təşkilatlar dəvət etdikləri şəxsin professor elmi adına malik olub-olmadığını dəqiqləşdirmirlər? Niyə tədbirin elanında kiminsə adının qarşısına «professor» yazılması kifayət hesab olunur?

Niyə universitetlər, elmi-tədqiqat institutları və aidiyyəti dövlət qurumları bu məsələdə daha prinsipial mövqe nümayiş etdirmirlər?

Professor titulu cəmiyyət üçün müəyyən etimad göstəricisidir. İnsanlar professorun fikrinə, ekspert rəyinə və ictimai çıxışına onun elmi nüfuzuna əsaslanaraq münasibət bildirirlər. Deməli, bu titulu əsassız mənimsəmək ictimai etimaddan sui-istifadə riskini yaradır.

Burada təkcə fərdi etik məsuliyyətdən söhbət getmir. Söhbət bütövlükdə elmin nüfuzundan, akademik dürüstlükdən və cəmiyyətin elmə münasibətindən gedir.

Müstəqilliyin ilk illərinin acı təcrübəsi

Müstəqilliyimizin ilk illərində rəyasət heyətinin protokollarına əsasən diqqətçəkən meyllərə və məqamlara da təsadüf edirik. AAK Pəyasət Heyətinin Əsasnamə tələblərindən irəli gələn müraciət və xəbərdarlıqlarına baxmayaraq bəzi institut və universitet elmi şuraları və ixtisaslaşmış dissertasiya şuralarında ciddi prosedur pozuntuları davam etdirilmişdir (https://www.anl.az/down/meqale/525/2022/aprel/792560.htm?utm_source).

Bu problemin Azərbaycanda müəyyən tarixi kökləri də var. Xüsusilə müstəqilliyin ilk illərində ölkədə formalaşmaqda olan yeni elmi və akademik idarəetmə sisteminin institusional zəifliklərindən istifadə edən bəzi xarici şəxslərin fəaliyyəti ciddi suallar doğururdu.

Həmin dövrdə xaricdən Azərbaycana gələn, özlərini tanınmış alim, professor, beynəlxalq ekspert və elmi təşkilatların nümayəndəsi kimi təqdim edən şəxslərlə müxtəlif görüşlər keçirilir, onlar konfranslara dəvət olunur, ictimaiyyətə nüfuzlu elm adamları kimi təqdim edilirdilər.

Lakin sonradan bəzi belə şəxslərin elmi və akademik bioqrafiyalarının təqdim etdikləri statusla uyğun gəlmədiyi, Azərbaycandakı mövcud institusional boşluqlardan istifadə edərək yerli elmi ad və dərəcələr əldə etməyə çalışdıqları barədə məlumatlar və iddialar ortaya çıxırdı.

Məsələnin daha paradoksal tərəfi isə bundan sonra başlayırdı: Azərbaycanda əldə edilən elmi ad və ya dərəcə həmin şəxslər tərəfindən öz ölkələrində əlavə akademik nüfuz və status göstəricisi kimi təqdim edilirdi. Beləliklə, bir ölkədəki institusional boşluqdan əldə edilmiş titul başqa ölkədə şəxsi reputasiya və ictimai etimad vasitəsinə çevrilə bilirdi.

Elmi adın verilməsi milli elmin nüfuzuna, dövlətin akademik attestasiya sisteminə və elmi ictimaiyyətin etimadına birbaşa təsir göstərir. Əgər hər hansı şəxs öz ölkəsində təsdiqlənməmiş elmi statusunu Azərbaycanda əldə etdiyi titul vasitəsilə legitimləşdirirsə, bu, yalnız həmin şəxsin deyil, titul verən institutların da məsuliyyət məsələsini gündəmə gətirir.

Əlbəttə, xarici vətəndaşın Azərbaycanda professor və ya dosent elmi adı alması özlüyündə şübhəli və ya qanunsuz hal deyil. Xarici alimlərin Azərbaycan elminə cəlb edilməsi, beynəlxalq əməkdaşlıq və elmi inteqrasiya müsbət proseslərdir. Problem yalnız elmi və akademik tələblərə uyğunluğun lazımi səviyyədə yoxlanılmadığı, təqdim edilən bioqrafiyanın və elmi nəticələrin obyektiv qiymətləndirilmədiyi hallarda yaranır.

Məhz buna görə həmin tarixi təcrübədən nəticə çıxarmaq lazımdır. Azərbaycan elmi adların verilməsi məsələsində nə xarici şəxslərə, nə də yerli iddiaçılara güzəştli və qeyri-şəffaf münasibət göstərməməlidir.

Professor adı beynəlxalq titul alverinin predmetinə çevrilməməlidir. Azərbaycan elmi başqa ölkələrdə kiminsə şəxsi reputasiyasını süni şəkildə yüksəltmək üçün istifadə edilən akademik platforma olmamalıdır.

Xarici ölkələrin təcrübəsi: titulun mənimsənilməsi hüquqi məsuliyyət yarada bilər

Dünyanın müxtəlif ölkələrində akademik adların və titulların istifadəsinə fərqli yanaşmalar mövcuddur.

Almaniya təcrübəsi: Almaniya Cinayət Məcəlləsində akademik dərəcələrin, titulların və digər rəsmi adların icazəsiz istifadəsini cinayət əməli kimi müəyyən edir.

Bu normaya görə, müvafiq hüquqi əsası olmadan ölkədaxili və ya xarici akademik dərəcə və titullardan istifadə edən şəxslər bir ilədək azadlıqdan məhrumetmə və ya pul cəriməsi ilə cəzalandırıla bilərlər. Bu, akademik titulların hüquqi müdafiəsinə dair ciddi nümunədir.

Rusiya təcrübəsi: Rusiyada professor və dosent elmi adlarının verilməsi dövlət attestasiya sistemi vasitəsilə həyata keçirilir. Elmi adlarla bağlı qərarlar, attestat məlumatları və müvafiq qərarlar dövlət informasiya sistemində əks olunur. Bu sistem akademik statusun yoxlanılmasını asanlaşdırır və ictimai şəffaflığı artırır.

Türkiyə təcrübəsi: Türkiyədə professorluq 2547 saylı Yüksəköğretim Qanunu və universitetlərin akademik təyinat qaydaları ilə tənzimlənir. Professor vəzifəsinə təyin olunmaq üçün elmi fəaliyyət, akademik təcrübə və müvafiq qiymətləndirmə prosedurları tələb olunur.

Böyük Britaniya və ABŞ təcrübəsi: Bu ölkələrdə professorluq əsasən universitetlərin akademik vəzifə və status sisteminə əsaslanır. Universitetlər professor, associate professor, assistant professor və fəxri professor anlayışlarını bir-birindən fərqləndirir. Akademik statusun düzgün təqdim olunmasına institusional qaydalar vasitəsilə nəzarət edilir.

Burada bir mühüm fərqi nəzərə almaq lazımdır: Almaniya və Rusiya kimi ölkələrdə dövlət tərəfindən verilən akademik adların müdafiəsi ön plandadır, Böyük Britaniya və ABŞ-da isə universitetin verdiyi akademik vəzifə və status əsas rol oynayır. Bu modelləri eyniləşdirmək olmaz. Lakin hər iki yanaşmanın ortaq məqsədi akademik status haqqında ictimaiyyətin yanlış məlumatlandırılmasının qarşısını almaqdır.

Azərbaycanda hüquqi məsuliyyət məsələsi

Mövzunun ən həssas tərəfi də budur: özünü professor kimi təqdim edən şəxsə hansı halda hüquqi məsuliyyət tətbiq oluna bilər?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə ilə bağlı məsuliyyəti müəyyən edir.

Beləliklə, şəxs saxta professor attestatı hazırlayır və ya bilə-bilə saxta rəsmi attestatdan istifadə edirsə, əməlində cinayət tərkibinin bütün əlamətləri olduqda həmin maddə tətbiq oluna bilər.

Əgər şəxs yalançı professor statusundan istifadə etməklə insanları aldadaraq pul vəsaiti və ya başqa əmlak əldə edirsə, konkret hallardan asılı olaraq dələduzluqla bağlı hüquqi məsuliyyət də yarana bilər.

Bununla yanaçı, Azərbaycan qanunvericiliyində Almaniya təcrübəsinə bənzər ayrıca hüquqi mexanizmin yaradılması məsələsi müzakirə olunmalıdır.

Mən hesab edirəm ki, bu problemin həlli üçün aşağıdakı institusional addımlar atılmalıdır.

Birinci: Professor və dosent elmi adlarının vahid elektron reyestri yaradılmalıdır.

Hər bir vətəndaş, jurnalist, universitet və tədbir təşkilatçısı şəxsin professor elmi adına malik olub-olmadığını yoxlaya bilməlidir.

Reyestrdə aşağıdakılar göstərilməlidir:

Şəxsin adı və soyadı;

Elmi dərəcəsi;

Professor və ya dosent elmi adının verilməsi haqqında qərarın tarixi və nömrəsi;

Müvafiq elmi ixtisas;

Attestatın qeydiyyat məlumatları;

Xarici elmi adların tanınması barədə müvafiq məlumatlar.

İkinci: Akademik titulun qanunsuz istifadəsinə görə hüquqi məsuliyyət mexanizmi araşdırılmalıdır.

Cinayət və inzibati məsuliyyətin sərhədləri dəqiq müəyyənləşdirilməklə, rəsmi elmi adın bilərəkdən mənimsənilməsi və bundan ictimaiyyəti aldatmaq, maddi və ya digər üstünlük əldə etmək məqsədilə istifadə olunması üçün mütənasib məsuliyyət mexanizmi yaradılması nəzərdən keçirilməlidir.

Üçüncü: Media qurumları akademik statusu yoxlamalıdır.

Televiziya kanalları, xəbər portalları və digər media subyektləri ekspert kimi təqdim etdikləri şəxsin professor elmi adına malik olub-olmadığını rəsmi mənbələr əsasında dəqiqləşdirməlidirlər.

Dördüncü: Universitetlər və elmi müəssisələr məsuliyyət daşımalıdırlar.

Öz əməkdaşlarını ictimaiyyətə professor kimi təqdim edən ali təhsil müəssisələri həmin statusun hüquqi əsasını göstərməlidirlər. Professor vəzifəsi, professor elmi adı və fəxri professor adı bir-birindən fərqləndirilməlidir.

Beşinci: Özünü professor və ya dosent kimi qanunsuz təqdim edən şəxslərlə bağlı AAK neçə müraciət daxil olub?

Nəticə: Professorluq özünütəsdiq deyil, elmi məsuliyyətdir!

Elm və akademik nüfuz hər bir cəmiyyətin intellektual kapitalıdır. Professor adı isə bu kapitalın mühüm elementlərindən biridir. Ona görə də bu addan əsassız istifadə olunmasına laqeyd yanaşmaq olmaz. Həqiqi alimlə özünü alim kimi təqdim edən şəxsin fərqləndirilməsi elmi ictimaiyyətin, universitetlərin, medianın və dövlət qurumlarının ortaq məsuliyyətidir.

Bir daha sual edirəm: Ay «professor», sən professorsan?

Sənin professorluğunu kim təsdiq edib? Elmi adın hansı qərarla verilib? Attestatın varmı? Hansı elmi əsərlərin, monoqrafiyaların, tədqiqatların və elmi nəticələrinlə bu adı doğruldursan?

Əgər professor elmi adına sahibsənsə, bunu təsdiqləyən rəsmi sənədin olmalıdır. Əgər xarici universitetin professorusan, hansı universitetdə, hansı statusla və hansı hüquqi əsasla fəaliyyət göstərdiyini dəqiq təqdim etməlisən. Əgər fəxri professora maliksənsə, bunu AAK-nın verdiyi professor elmi adı ilə qarışdırmamalısan.

Professorluq illərlə aparılan tədqiqatın, elmi yaradıcılığın, akademik dürüstlüyün, yetişdirilən elmi kadrların və cəmiyyət qarşısında qazanılmış nüfuzun nəticəsidir.

Elmi adlara hörmət tələb ediriksə, ilk növbədə həmin adların mənimsənilməsinə qarşı prinsipial mövqe nümayiş etdirməliyik.

Professorluq şəxsi reklam vasitəsi deyil və akademik nüfuz isə saxta təqdimatlarla qazanılmır.

Həqiqi professorun adını onun vizit kartı deyil, elmi irsi təsdiq olunur!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol