Azərbaycanda ətraf mühitin çirkləndirilməsinə qarşı mübarizə və məsuliyyət mexanizmləri yenidən müzakirə mövzusuna çevrilib. Mövcud qanunvericilikdə tullantılarla ətraf mühitin çirkləndirilməsinə görə cərimələr nəzərdə tutulsa da, ictimai yerlərdə təmizliyə riayət olunması ilə bağlı problemlər qalmaqdadır. Bununla yanaşı, parlamentdə ekoloji verginin tətbiqi məsələsinin də gündəmə gətirilməsi ətraf mühitin qorunması üçün əlavə iqtisadi mexanizmlərin yaradılması müzakirələrini aktuallaşdırır.
Bəs ekoloji verginin tətbiqi və cərimələrin artırılması ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq üçün nə dərəcədə təsirli ola bilər? İnsanlarda ekoloji məsuliyyət formalaşdırmaq üçün maliyyə sanksiyaları ilə yanaşı hansı maarifləndirmə tədbirlərinə ehtiyac var?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev bildirib ki, şəhər mühitinin çirklənməsi, xüsusilə məişət tullantılarının düzgün idarə olunmaması problemi uzun müddətdir müzakirə edilsə də, bu istiqamətdə arzuolunan nəticələr əldə olunmayıb.
Onun sözlərinə görə, problemin həlli yolları məlumdur, lakin əsas məsələ mövcud mexanizmlərin işlək vəziyyətə gətirilməsi və qabaqcıl təcrübənin tətbiqidir. Şəhər mühitinin təmizliyinin təmin edilməsi yerli icra hakimiyyəti orqanlarının da üzərinə düşən vəzifələrdəndir və bu sahədə sistemli iş aparılmalıdır: “Torpaqların çirkləndirilməsi və yararsız hala salınaraq təsərrüfat dövriyyəsindən çıxarılması daha ciddi nəticələr doğurur. Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların qorunması, onların hər bir sahəsinin çirklənmədən mühafizə edilməsi və dövriyyədən çıxmış torpaqların yenidən istifadəyə qaytarılması vacibdir. Torpaqların şoranlaşması və digər səbəblərdən yararsız hala düşməsi kənd əhalisinin şəhərlərə üz tutmasına təsir göstərən amillərdən biridir”.

Ekoloq vurğulayıb ki, Bakı şəhərində tullantıların idarə olunması üçün müasir infrastruktur yaradılmalıdır. Bu sistem plastikdən tutmuş tikinti materiallarınadək müxtəlif tullantıların çeşidlənməsini, təkrar emalını və yenidən istehsal prosesinə qaytarılmasını əhatə etməlidir: “Plastik tullantıların ətrafa atılması əvəzinə onların təkrar emalından faydalı məhsulların istehsalında istifadə etmək mümkündür. Məsələn, bəzi ölkələrdə plastik tullantılar asfalt istehsalında xammal kimi tətbiq olunur. Bu üsulla əldə edilən yol örtüyünün davamlılığı və ekoloji xüsusiyyətləri də müsbət qiymətləndirilir”.
Ə.Əliyev karton tullantılarının da böyük həcmdə atılmasının ciddi problem olduğunu deyib: “Hər gün Bakıda tonlarla karton tullantısı toplanır, lakin onların çeşidlənərək təkrar emala yönəldilməsi əvəzinə bir hissəsi yandırılır və ya ümumi tullantılarla birlikdə atılır. Bu isə həm təbii resursların israfına, həm də atmosferin çirklənməsinə səbəb olur. Hesab edirəm ki, tullantıların idarə olunmasında yalnız cərimələrin artırılması ilə kifayətlənmək olmaz. Mövcud qaydaların real tətbiqi üçün nəzarət mexanizmləri və müvafiq infrastruktur yaradılmalıdır. Bu baxımdan, tullantıların atıldığı ərazilərin kameralar vasitəsilə müşahidə edilməsi, qayda pozuntularına yol verən şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması vacibdir”.
O əlavə edib ki, tullantılar mənbəyində çeşidlənməli, plastik, karton, məişət və iaşə tullantıları ayrı-ayrılıqda toplanmalıdır. Əks halda, onların sonradan təkrar emalı çətinləşir və xammal kimi istifadəsi üçün əlavə resurs tələb olunur: “Qanunvericilikdə nəzərdə tutulan cərimələrin tətbiqi ilə yanaşı, maarifləndirmə işləri də gücləndirilməlidir. İnsanlarda tullantıların düzgün idarə olunmasına dair məsuliyyət hissi formalaşdırılmalı, hər kəsin ətraf mühitin qorunmasında iştirak etməsi təmin olunmalıdır. Bunun üçün tullantıların çeşidlənməsi və toplanmasından başlayaraq, onların daşınması və təkrar emalınadək bütün mərhələləri əhatə edən vahid sistem qurulmalıdır.
Bu sahədə dəyişikliklərə konkret ərazilərdən başlayaraq mərhələli şəkildə nail olmaq mümkündür. Qanunların mövcudluğu özlüyündə problemi həll etmir. Əsas məsələ həmin qanunların icrasını təmin edən mexanizmlərin, infrastrukturun və ictimai maarifləndirmə sisteminin yaradılmasıdır”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər