Ukraynada Krım tatarlarına muxtariyyət verilməsi məsələsi yenidən gündəmə gəlib. Krım tatarlarının lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Əbdülcəmil Krımoğlu Kiyevlə bu istiqamətdə bütün əsas məsələlər üzrə razılıq əldə olunduğunu və hazırlıq işlərinin yekunlaşdığını açıqlayıb. Onun sözlərinə görə, hazırda davam edən müharibə və fövqəladə vəziyyət konstitusiya dəyişikliklərinə imkan verməsə də, muxtariyyətin yaradılması ilə bağlı razılaşma mövcuddur. Bu təşəbbüs təkcə Ukraynanın daxili siyasi məsələsi deyil, həm də Türk dünyası və bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Krım tatarlarının tarixi torpaqlarında özünüidarə hüququ əldə etməsi, deportasiya olunmuş əhalinin geri qayıdışı və Rusiyanın bu prosesə mümkün reaksiyası bir sıra siyasi və geosiyasi suallar yaradır. Bəs Krım tatarlarına muxtariyyət verilməsi regionda hansı dəyişikliklərə səbəb ola bilər? Bu addım Türk dünyasının birliyinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, bu, çox müsbət hadisə olar:
"Ukrayna vaxtında Krım tatarlarına öz tərkibində muxtariyyət verməli idi. Çünki Krım tarixən Krım tatarlarının torpağı olub. Onların Osmanlı imperiyası ilə də sıx və dostluq münasibətləri mövcud idi. Osmanlı dövlətinin zəiflədiyi dövrdə, 1783-cü ildə Rusiya Krımı işğal etdi. Daha sonra, 1954-cü ildə Xruşşovun qərarı ilə Krım Ukraynanın tərkibinə verildi. Krım başıbəlalı bir ərazi, onun xalqı isə çoxsaylı faciələrlə üzləşən bir xalqdır. Vaxtilə Krım tatarları regionda çox güclü mövqeyə malik olublar. Onlar birbaşa "Osmanlı"nın tərkibində olmasalar da, imperiyanın vassalı hesab edilirdilər. Həmçinin onun himayəsi altında idarə olunurdular. Lakin sonuncu Krım xanı Şahin Gəray siyasi baxımdan yanlış addımlar ataraq ölkədə qarışıqlığa səbəb oldu və Rusiyaya meyil göstərdi. Sonradan bu qərarından peşman olsa da, artıq gec idi. Həmin dövrdə Osmanlı imperiyası da Rusiyaya müqavimət göstərəcək qədər güclü deyildi və yaranan vəziyyətlə barışmağa məcbur qaldı. Bu gün Krım tatarları ən çox zülmə məruz qalan xalqlardan biridir. Vaxtilə onların paytaxtı Bağçasaray olub. Muxtariyyət yaradılacağı təqdirdə, yəqin ki, inzibati mərkəz də yenidən Bağçasaray olacaq. XVI əsrdə – 1521 və 1571-ci illərdə Krım tatarları Moskva üzərinə iki böyük yürüş həyata keçirib, hətta bir dəfə şəhəri yandırıblar. Həmin dövrdə Moskva knyazlığı Krım xanlığına vergi ödəyirdi. Bu xalqın zəngin tarixi var və onlar hər zaman müstəqil xalq kimi tanınıblar. Ukrayna hökuməti razılıq verərsə, yəqin ki, müharibə başa çatdıqdan sonra həlli vacib məsələlərdən biri də məhz bu olacaq".

Akif Nağının sözlərinə görə, Krım tatarlarının muxtar dövlət yaratması hər baxımdan faydalı ola bilrə:
"İsmayıl bəy Qaspıralı Krım tatarlarının ən görkəmli nümayəndələrindən biridir. O, Rusiya imperiyası ərazisində azərbaycanlı türkoloqlarla, türk hərəkatının liderləri – Əlimərdan bəy Topçubaşov və ondan sonrakı digər nümayəndələrimizlə çiyin-çiyinə fəaliyyət göstərərək mühüm rol oynayıb. Onların bu istiqamətdə misilsiz xidmətləri var. Eyni zamanda, bu addımın gerçəkləşməsi Türk dünyası üçün ədalətin bərpası deməkdir. İnsanlar öz doğma torpaqlarına qayıdacaq, tarixi vətənlərində yaşamaq və öz talelərini sərbəst şəkildə müəyyənləşdirmək imkanı əldə edəcəklər. Krım tatarlarının zəngin tarixi, özünüidarəçilik təcrübəsi və dövlətçilik ənənələri var. Onlar öz fədakarlıqları, bacarıqları və yüksək intellektual potensialları ilə Türk dünyasına da ciddi töhfə verə, onun əsas fikir və düşüncə mərkəzlərindən birinə çevrilə bilərlər. Hesab edirəm ki, bu, son dərəcə vacib məsələdir. Krım tatarları uzun illərdir öz haqları uğrunda mübarizə aparırlar. Mustafa Əbdülcəmil Qırımoğlu da bu yolda illərdir mübarizə aparır. Nəhayət, onların haqq səsi eşidilir və qarşılarına qoyduqları məqsədə çatmaq üçün imkan yaranır. Bunu çox müsbət və tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirmək lazımdır".
Müşviq Tofiqoğlu
AzPolitika.info


Şərhlər