Rusiya və ABŞ arasında Ukraynadakı müharibənin dayandırılması və münaqişənin nizamlanması istiqamətində artıq konkret anlaşma əldə olunub.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp və Çin sədri Si Cinpinlə baş tutan üçtərəfli görüşün yekunlarına həsr olunmuş brifinqdə danışıb.
Kreml rəhbərinin sözlərinə görə, sülh prosesi ilə bağlı kompromis təklifləri məhz Vaşinqtondan gəlib və Moskva bu şərtləri qəbul edib: "Ukrayna böhranının nizamlanması üzrə kompromislər mövcuddur. Bu təkliflər ABŞ tərəfindən irəli sürülüb və biz onlarla hələ Ankoricdə razılaşmışıq".
Putin həmçinin Ağ Ev rəhbəri Donald Trampın münaqişəyə son qoymaq və Rusiya-ABŞ münasibətlərini normallaşdırmaq istəyinin səmimiliyinə heç bir şübhə etmədiyini dilə gətirib.
Lakin Rusiya Prezidenti prosesin önündəki əsas maneələrə də toxunub. O iddia edib ki, Vaşinqton və Moskva arasındakı anlaşmaya baxmayaraq, Avropa İttifaqı və rəsmi Kiyev döyüş əməliyyatlarının dayandırılmasına və sülh kompromislərinə hələ də hazır deyil.
“AzPolitika.info”


Şərhlər