Menu

Müxalifətdən Paşinyana rədd cavabı – “Onun sözünə inanmaq sadəlövhlük olardı...”

19.11.2026, 21:11
Müxalifətdən Paşinyana rədd cavabı – “Onun sözünə inanmaq sadəlövhlük olardı...”

Xəbər verdiyimiz kimi, səkkiz ildir Ermənistana rəhbərlik edən Baş nazir Nikol Paşinyan parlamentdəki müxalifətə yeni konstitusiya layihəsinin referenduma çıxarılmasını dəstəkləmək üçün növbəti dəfə çağırış edib. O, bunun müqabilində referendumun nəticələrindən asılı olmayaraq, növbəti seçkilərdə bir daha Baş nazir postuna namizəd olmayacağına söz verib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan bildirib ki, sülh gündəliyinin ictimai dəstək almadığı iddiaları fonunda o, bu məsələni növbəti seçkilərə qədər indiki statusunda həll etməyə çalışır: “Birinci halda tamamlanmamış sülh gündəliyi var, çünki bu gündəliyin – ən azı mənim təqdimatımda xalqın dəstəyini almadığı ortaya çıxdı. İkinci variantda isə mən bunu növbəti seçkilərə qədər bu statusda həyata keçirirəm, növbəti seçkilərdə Baş nazirliyə namizəd olmayacağam və bununla da əsas problemi həll edirəm”.

Qeyd edək ki, yeni konstitusiya mətni gələn həftə dərc olunacaq. Sənədin referenduma çıxarılması üçün əvvəlcə parlamentdə təsdiqlənməsi tələb olunur. İqtisadi-siyasi baxımdan hakim partiyaya bunun üçün ən azı 6 müxalifət deputatının lehinə səsi lazımdır. Lakin parlamentdəki hər iki müxalifət fraksiyası əvvəlcədən bəyan edib ki, bu sənədə səs verməyəcəklər. Paşinyan isə Baş nazirliyə namizəd olmamağın siyasətdən tamamilə gedəcəyi anlamına gəlmədiyini vurğulayıb.

Paşinyanın təklifindən dərhal sonra müxalifətdə olan "Ermənistan" fraksiyasının deputatı Kristine Vardanyan təklifi rədd etdiklərini və qəbuledilməz saydıqlarını bəyan edib: “Paşinyanla razılaşmaya getməməklə onun qurduğu tələdən yayınırıq. Paşinyanın hakimiyyətdən getmək kimi real məqsədlə saziş təklif edəcəyi bir ssenarini təsəvvür edə bilmirəm. Onun sözünə inanmaq sadəlövhlük olardı. Onunla razılaşma əldə olunmayan hər yerdə onu vəzifədən uzaqlaşdırmaq imkanı mövcuddur”.

"Güclü Ermənistan" fraksiyasının katibi Tiqran Abramyan da mövcud Konstitusiyanın müzakirə mövzusu olmadığını və Paşinyanın sözlərinə etibar etmədiklərini vurğulayıb.

Təklifinin rədd ediləcəyi təqdirdə müxalifəti siyasi səhnədən siləcəyi ilə hədələyən Paşinyan bildirib ki, növbədənkənar seçkilərə gedərək müxalifətin sülhə əngəl olduğunu sübut edəcək: “Göstərəcəyik ki, müxalifət əslində sülhə mane olur. Bu ictimai rəylə erkən seçkilərə gedəcəyik və mənim duyğum belədir ki, bugünkü iki müxalifət qrupunun heç biri parlamentə düşə bilməyəcək”.

Buna cavab olaraq "Ermənistan" fraksiyasının təmsilçiləri şantaj və təhdidlərdən qorxmadıqlarını, parlamentdə təmsil olunmamağın onlar üçün problem yaratmayacağını, lakin yeni konstitusiya layihəsinə heç vaxt səs verməyəcəklərini bəyan ediblər.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol