Menu

Azərbaycan öz üzərinə düşəni edir, Ermənistan nəyi gözləyir? - Zəngəzur dəhlizində yeni mərhələ

23.11.2026, 16:12
Azərbaycan öz üzərinə düşəni edir, Ermənistan nəyi gözləyir? - Zəngəzur dəhlizində yeni mərhələ

ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə əldə olunan razılaşma Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsini yenidən gündəmə gətirib. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşlər zamanı əldə olunan razılaşmalar regionda yeni əməkdaşlıq imkanları yaratmaqla yanaşı, tərəflərin üzərinə konkret öhdəliklər də qoyub. Azərbaycan isə öz ərazisində üzərinə düşən işləri həyata keçirir və prosesin digər iştirakçılarının da razılaşmalara uyğun addımlar atmasını gözləyir.

Bəs ABŞ-Ermənistan razılaşması TRIPP layihəsinin reallaşmasına nə vəd edir və bu proses Azərbaycanın gözləntilərinə nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, bu gün təkcə Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın müasir tarixində mühüm günlərdən biri hesab edilə bilər:

"Belə ki, Nikol Paşinyan ötən ilin 8 avqustunda Vaşinqtonda ABŞ və Ermənistan arasında əldə olunan razılaşmaya uyğun sülh layihəsi çərçivəsində Zəngəzur dəhlizinin açılması istiqamətində tikinti işlərinə start verildiyini bəyan etdi. Bu, region üçün olduqca mühüm bir hadisədir. Qeyd etmək lazımdır ki, həmin razılaşmaya əsasən, Zəngəzur dəhlizinin reallaşdırılması məqsədilə ABŞ və Ermənistan tərəfindən 74/26 faiz nisbətində birgə konsorsium yaradılıb. Ötən müddət ərzində bu istiqamətdə intensiv hazırlıq işləri aparılıb və artıq layihənin praktiki icrasına rəsmən başlanılır. Bu baxımdan, nəqliyyat-kommunikasiya xəttinin açılması elə ilk gündən Azərbaycanın əsas hissəsinin Naxçıvanla, o cümlədən Türkiyə ilə birbaşa, maneəsiz və təhlükəsiz əlaqəsini təmin edəcək. İkincisi, bu dəhliz Türkiyənin Cənubi Qafqaz, xüsusilə Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin intensivləşməsinə xidmət edəcək. Dəhliz vasitəsilə ildə 15 milyon tona yaxın yükün daşınması isə bölgə ölkələrinə həm siyasi, həm də iqtisadi dividendlər gətirəcək. Xatırladaq ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı ilk razılaşma 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda əksini tapıb. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı həmin sənədin 9-cu bəndində regiondakı kommunikasiyaların açılması, eləcə də Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz və təhlükəsiz hərəkətinin təmin olunması nəzərdə tutulurdu. Proses uzun müddət ləngisə də, nəhayət, ötən ilin 8 avqustunda bununla bağlı konkret razılaşmalar əldə edildi. Azərbaycan isə 2020-ci il 44 günlük Vətən müharibəsindən dərhal sonra işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması üzrə dövlət proqramının icrasına başladı. Bu çərçivədə Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən və 30 il Ermənistan işğalı altında qalmış 132 kilometrlik hissəsində dəmir yolu və avtomobil yollarının tikintisinə start verilib və bu işlər artıq böyük ölçüdə yekunlaşmaq üzrədir. Gələn ilin ortalarına qədər hər iki istiqamətdə, həm dəmir yolu, həm də avtomobil yollarının tikintisi üzrə işlərin tam başa çatdırılması gözlənilir".

Politoloqun sözlərinə görə, bu layihənin həyata keçirilməsi həm də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına ciddi stimul verən amildir:

"Şübhəsiz ki, tərəflər arasında davamlı sülhün əldə olunması üçün vacib şərtlərdən biri qarşılıqlı etimad mühitinin formalaşdırılmasıdır. Buna təsir edən əsas amillər isə məhz kommunikasiyaların açılması, ticarətin və iqtisadi əlaqələrin genişlənməsidir. Bu baxımdan, Zəngəzur dəhlizinin və digər kommunikasiya xətlərinin açılması hər iki ölkənin bir-birinə yaxınlaşmasına və münasibətlərin normallaşmasına müsbət təsir göstərəcək. Bütün bunları nəzərə alaraq demək olar ki, bugünkü hadisə tarixi əhəmiyyət daşıyır və Baş nazir Nikol Paşinyanın da qeyd etdiyi kimi, müasir Ermənistan tarixinə ilk böyük regional layihə kimi düşəcək".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol