Menu

Rusiya bir aya kosmosa nüvə silahı çıxara bilər – Sensasiyalı iddia

23.11.2026, 15:59
Rusiya bir aya kosmosa nüvə silahı çıxara bilər – Sensasiyalı iddia

Almaniya mediası Almaniya Federativ Respublikası (AFR) və digər Qərb ölkələrinin xüsusi xidmət orqanlarının məlumatlarına əsaslanaraq Rusiyanın 2026-cı ilin sonuna qədər orbitə göyərtəsində nüvə silahı olan peyk çıxarmağı planlaşdırdığını iddia edib.

Bu barədə Almaniyanın WDR və NDR teleradio şirkətləri, həmçinin "Süddeutsche Zeitung" qəzeti birgə araşdırma materialları dərc edib. Məlumatda bildirilir ki, "Sputnik-S" adlandırılan kosmik aparat artıq yığılıb, Moskva vilayətində saxlanılır və yaxın həftələrdə buraxılışa tam hazırdır.

Nəşrlər Almaniya Silahlı Qüvvələrinin (Bundesver) və Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) qiymətləndirmələrinə istinad edirlər. Qeyd olunur ki, bir sıra NATO ölkələrinin hakimiyyət orqanları bu yaxınlarda məsələ ilə bağlı müvafiq xəbərdarlıq alıblar.

Rusiyanın Almaniyadakı səfirliyi WDR, NDR və "Süddeutsche Zeitung"un sorğusuna cavab olaraq belə bir peyk barədə məlumata malik olmadıqlarını bəyan edib və Rusiyanın kosmik fəaliyyəti ilə bağlı bütün "əsassız uydurmaları" qəti şəkildə təkzib edib. Məsələyə diqqət çəkən "Reuters" agentliyi isə Rusiya səfirliyinin, BND-nin və NATO-nun mənzil-qərargahının əlavə şərh sorğularına hələlik cavab vermədiyini yazıb.

Xatırladaq ki, 1967-ci il Kosmos Müqaviləsi Yer orbitində kütləvi qırğın silahlarının yerləşdirilməsini qəti qadağan edir. Rəsmi Moskva bundan əvvəl də oxşar planların mövcudluğunu təkzib edib.

Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi mövzusu ilk dəfə yüksək səviyyədə 2024-cü ilin əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin o zamankı sədri Mayk Törner tərəfindən gündəmə gətirilmişdi. O, Rusiya ilə bağlı ABŞ-nin milli təhlükəsizliyinə "ciddi təhdid" yarandığını bildirmişdi. Söhbət Rusiyanın nüvə texnologiyalarından istifadə etməklə peyk əleyhinə kosmik silah hazırlamasından gedirdi.

Həm Törnerin qiymətləndirmələrində, həm də "Sputnik-S"lə bağlı iddialarda nüvə başlıqlarının kosmosdan Yerə atılmasından deyil, orbitdəki digər peykləri sıradan çıxarmaq üçün nüvə silahından istifadə edilməsindən bəhs olunur.

NATO-nun Baş katibi Mark Rütte də Rusiyanın gələcəkdə kosmosda müharibə apara və peyklərə qarşı nüvə silahından istifadə edə biləcəyi ilə bağlı narahatlığını ifadə etmişdi. Bununla belə, bir sıra hərbi ekspertlər belə zərbələrin effektivliyinə və Moskvanın doğrudan da kosmosa nüvə başlığı çıxaracağına şübhə ilə yanaşırlar. Mütəxəssislər hesab edirlər ki, söhbət kosmosda nüvə silahı yerləşdirməkdən deyil, mühərrik kimi nüvə enerji qurğusundan istifadə edən peykin buraxılmasından gedə bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol