Menu

Ermənistanın zəmanəti İrana kifayət etmir - Tehrandan növbəti TRİP xəbərdarlığı

23.11.2026, 15:30
Ermənistanın zəmanəti İrana kifayət etmir - Tehrandan növbəti TRİP xəbərdarlığı

İran yalnız Ermənistan tərəfinin Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı verdiyi zəmanətlərə etibar etmək niyyətində deyil və onun irəliləyişini yaxından izləməyə davam edəcək.

“AzPolitika” İran mediasına istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqayi bu gün keçirilən brifinqdə deyib.

Baqayi TRIPP məsələsinin yalnız Xarici İşlər Nazirliyinin səlahiyyətində olmadığını, həm də milli əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Biz digər tərəflərin vədləri və zəmanətləri ilə kifayətlənməyəcəyik. Əvvəla, bu məsələ təkcə Xarici İşlər Nazirliyinə aid deyil; bu, milli əhəmiyyət kəsb edən məsələdir və ölkədəki bütün müvafiq qurumlar vəziyyəti yaxından izləyir, lazım olduqda lazımi tədbirləri görəcəklər", - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

O qeyd edib ki, Tehranın fundamental mövqeyi dəyişməz olaraq qalır. Baqayinin sözlərinə görə, mövcudluğu regional təhlükəsizliyə təhdid yarada, qonşuluq münasibətlərinə mənfi təsir göstərə biləcək üçüncü ölkələrin və qüvvələrin müdaxiləsinin qarşısını almaq xüsusi əhəmiyyət kəsb edir.

XİN nümayəndəsi həmçinin Tehran və İrəvan arasında “tarixən” qurulmuş münasibətlərə diqqət çəkib: "Əlbəttə ki, heç bir tərəf bu etimadın bölgəmizdə sülhə və sabitliyə əhəmiyyət verməyən üçüncü ölkələrin müdaxiləsi ilə təhlükəyə atılmasında maraqlı deyil".

O xatırladıb ki, İran dəfələrlə sərhədləri yaxınlığında hər hansı bir hərbi və ya təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinin qəbuledilməz olduğunu bildirib.

Baqayi əlavə edib ki, Tehran TRIPP ətrafındakı hadisələri izləməyə və Ermənistanın müvafiq hakimiyyət orqanları ilə sıx əlaqə saxlamağa davam edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol