Menu

İT OVÇULARI...

23.11.2026, 17:42
İT OVÇULARI...

Xaləddin İbrahimli,

professor

Səhər tezdən məhəllədə vur-çatlasın qopmuşdu. Sahibsiz itləri qırırdılar. Səhərin sükutunu güllə səsləri, itlərin qorxu dolu zingiltisi və ovçuların bağırtıları pozurdu. Hər şey o qədər sürətlə baş verirdi ki, sanki bu məhəllədə həyatla ölüm arasındakı məsafə bir güllənin uçuş müddətinə bərabər olmuşdu.

İt ovçularının, demək olar ki, gülləsi boşa çıxmırdı. İtlər də bir güllə ilə yıxılıb ölürdülər. Şəhər itlərinin belə mafrax olduqlarını heç bilməzdim. Bəs canı bərk adamlara niyə “bunda it canı var” deyirlər? Görünür, bu deyim şəhər itlərinə aid deyilmiş.

Nə isə...

Çox acınacaqlı mənzərə idi. İt ovçuları mitinqləri dağıdan polislərin taktikasından istifadə edirdilər. İtlər hər tərəfdən mühasirəyə alınmışdı. Ovçular çevrəni yavaş-yavaş daraldır, əcaib səslər çıxarırdılar. Elə bil dubinkalarını qalxanlara vururdular. Görünür, it ovçuları da təlim-məşqlər keçmişdilər. Bəlkə də, bu işdə insanları mühasirəyə almaq təcrübəsindən yararlanırdılar. Axı qorxutmağın üsulları çox olsa da, qorxunun təbiəti dəyişmir.

İtlərin gizlənmək imkanları da aradan qaldırılmışdı. Ovçular bütün dəlik-deşikləri, zirzəmiləri, divar diblərini arayırdılar. Hətta insanın gözünə görünməyən sığınacaqlar belə onların nəzərindən yayınmırdı. Qəribədir, insan bəzən bir canlını xilas etmək üçün bu qədər səy göstərmir, amma onu məhv etmək istəyəndə ağlına gəlməyən vasitə, baxmadığı künc-bucaq qalmır.

Ən dəhşətlisi isə bilirsinizmi nə idi?

Balaca küçüklər...

Onlar vəziyyətdən çıxış yolunun qalmadığını hiss edəndə qaçıb gizlənmək əvəzinə özləri it ovçularına yaxınlaşır, ayaqlarının altına yıxılıb quyruqlarını bulayırdılar. Sanki yalvarırdılar, sanki bu adamların mərhəmətinə sığınmaq istəyirdilər. Hələ insanın əlindən yalnız yemək və nəvaziş gözləməyə alışmış bu balaca canlılar bilmirdilər ki, bəzən üz tutduğun əl səni xilas etmək üçün deyil, öldürmək üçün qalxır.

Bu mənzərəni görmək ağır idi. Çünki küçüklərin quyruq bulaması qorxaqlıqdan çox, dünyaya olan inamlarının son ifadəsi idi. Onlar təhlükəni hiss etmişdilər, amma təhlükənin məhz insandan gəldiyini anlamağa macal tapmamışdılar.

İt olmaq da zor bir şey imiş...

Ertəsi gün yenə həmin yerdən keçib işə gedirdim. Yolboyu itləri düşünürdüm. Görəsən, salamat qalanı vardımı? Məhəllə qəribə bir sükuta qərq olmuşdu. Gözümə inni-cinni dəymirdi. Dünənə qədər hürüşmələri ilə adamı bəzən hövsələdən çıxaran itlərin yoxluğu indi məhəlləni kimsəsiz göstərirdi. Demə, insan bəzən bir varlığın mövcudluğunu onun səsi kəsiləndən sonra anlayırmış.

Fikirləşirdim ki, yəqin, hamısını qırıblar. Küçüklər də gözə dəymirdi.

Elə bu vaxt binanın tinindən hər səhər işə gedəndə gördüyüm qara it çıxdı. Tanıdım onu. Canını qurtara bilmişdi. İçimdə qəribə bir sevinc oyandı. Heç olmasa, biri sağ qalmışdı.

Ancaq it məni görən kimi dayandı.

Əvvəllər məni görəndə rahat davranan bu heyvan indi sanki tamam başqa bir məxluqa çevrilmişdi. Məni tanıyırdı, buna şübhəm yox idi. Amma qorxurdu. Gözlərindən hiss edirdim ki, artıq etibar etmir.

Dayanıb bir-birimizə baxırdıq.

Mən dünənki qırğını xatırlayırdım, o isə bəlkə də hələ həmin dəhşətin içində yaşayırdı. Aramızda cəmi bir neçə addımlıq məsafə vardı, amma dünən baş verənlər bu məsafəni keçilməz uçuruma çevirmişdi. İnam qəribə şeydir: illərlə yaranır, bir anın içində dağılır. Dağılan inamın yerində isə çox vaxt qorxu məskən salır.

Birdən it əlimdəki çətiri gördü.

Nə düşündüsə, yerindən sıçradı. Yəqin, çətiri tüfəng zənn etmişdi. Bağıra-bağıra elə qaçmağa başladı ki, yalan olmasın, güllə də ona çatmazdı. Çatsa da, yəqin, sadəcə dəyib yerə düşərdi.

Dünən bir güllə ilə yıxılıb ölən itlər haqqında düşündüklərim yadıma düşdü. Demə, it canı elə-belə şey deyilmiş. Bəzən bir gülləyə tab gətirməyən canlı qorxunun verdiyi güclə ölümün özündən də sürətlə qaça bilirmiş.

Amma məni düşündürən onun necə qaçması deyildi.

O itin gözləri idi.

Dünənə qədər insanlara alışmış, məhəllədə özünü sərbəst hiss edən qara it artıq hər kəsdən şübhələnirdi. Onun üçün insanla təhlükə arasındakı fərq silinmişdi. Bəlkə də, sağ qalmağın əvəzində ən qiymətli xüsusiyyətlərindən birini — insana olan inamını itirmişdi.

O an anladım ki, ölüm yalnız can almaqla məhdudlaşmır. Bəzən sağ qalanın içində də nəyisə öldürür. Qorxu insanı da, heyvanı da dəyişdirir. Hər ikisi yaşamağa davam edir, amma əvvəlki kimi yaşaya bilmir.

Əmin oldum ki, dünənki həngamədən sonra salamat qalan itlər daha əvvəlki itlər olmayacaqlar.

Axı it hürməlidir.

Siz heç itlərin hürəndə necə cəsarətli, qürurlu, hətta bir az da dambat göründüklərinə fikir vermisinizmi? Balaca bir it bəzən özündən qat-qat böyük canlıya meydan oxuyur. Hürüşündə onun varlığı, özünəinamı, yaşadığı yerə sahib çıxmaq iddiası duyulur. İtin hürməsi təkcə səs deyil, həm də onun dünyaya “mən də varam” deməsidir.

Bəs qorxudan hürə bilməyən it? Hər addımda diksinən, hər əl uzananda qaçan, hər əşyada silah görən it?

Belə it sağ qalsa da, əvvəlki həyatını itirmiş olur. Çünki canlı varlığın faciəsi yalnız ölməsində deyil, bəzən öz təbiətinə uyğun yaşamaq imkanından məhrum edilməsindədir.

Hürməyən it, bəlkə də, itliyini itirmiş itdir. Amma burada günah itdə deyil, onu hürməkdən qorxan hala salanlardadır.

İnsan da belədir. Onun insanlığı yalnız nəfəs almasında, yeriyib-danışmasında deyil. İnsanlığın mənası vicdanında, ləyaqətində, başqasının ağrısını duya bilməsindədir. İnsan bu xüsusiyyətlərini itirəndə zahirən əvvəlki kimi qalır, amma daxilən başqalaşır.

İtliyini itirən itlər də insanlığını itirən insanlar kimi mənasız məxluqlara çevrilirlər.

Ancaq bir fərqlə: it öz itliyini qorxudan itirir, insan isə bəzən insanlığını başqalarını qorxutmaqla.

Yeni Günəşli, 5 dekabr 2016

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol