Menu

"BƏLKƏ DƏ BUNLAR BİR TAMAŞADIR, PAŞİNYAN BİLİR Kİ..." - "Kağız bizi qorumayacaq, güclü olmalıyıq"

24.11.2026, 08:55
"BƏLKƏ DƏ BUNLAR BİR TAMAŞADIR, PAŞİNYAN BİLİR Kİ..." - "Kağız bizi qorumayacaq, güclü olmalıyıq"

Azad İsazadə: "Hansısa qüvvələr müharibəni yenidən başlamaq istəsələr, kağıza baxmayacaqlar”

"Gələcəkdə Azərbaycan-İran münasibətləri Azərbaycan-Türkiyə və ya Azərbaycan-Pakistan münasibətləri səviyyəsinə yüksələ bilər"

“Trampın təminatına inanmaq, ümumiyyətlə, ayıbdır”

Ermənistanın yeni Konstitusiya layihəsinin açıqlanması Azərbaycanla sülh prosesi ətrafında müzakirələri yenidən aktuallaşdırıb. Rəsmi İrəvanın Müstəqillik Bəyannaməsinə istinadı yeni layihədən çıxarması ilə yanaşı, sənədin qəbulunun sülh danışıqlarına təsiri də hələ açıq qalan suallardandır. Digər tərəfdən, Ermənistan daxilində siyasi qarşıdurma, müxalifətin Paşinyanın təkliflərinə münasibəti və referendumun taleyi də prosesin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır.

Bütün bunların fonunda Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi, Rusiya-Ukrayna müharibəsinin gedişatı və böyük dövlətlərin regiona münasibəti də Azərbaycanın təhlükəsizlik maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Sülh müqaviləsi imzalansa belə, bu sənəd uzunmüddətli təhlükəsizliyə nə dərəcədə təminat verə bilər? Ermənistanın yeni Konstitusiyası real sülhə yol açacaqmı? Rusiya-Ukrayna müharibəsində cəbhədəki son vəziyyət hansı perspektivləri yaradır?

Hərbi ekspert Azad İsazadə bu və digər sualları “AzPolitika”ya müsahibəsində cavablandırıb.

– Azad bəy, Ermənistanın Ədliyyə Nazirliyi bu gün yeni Konstitusiya layihəsini elan edib. Bu, çoxdan gözlənilirdi. Amma hələlik söhbət yalnız layihənin elanından gedir və qarşıda kifayət qədər böyük proses var. Əslində, bundan sonra bizi nələr gözləyir və proses necə inkişaf edə bilər?

– Ümumiyyətlə, bu, kifayət qədər uzun çəkən proses oldu. Layihə çoxdan hazırlanmalı idi, lakin işi uzatdılar. Təxminən bir-iki ay əvvəl isə Nikol Paşinyan Konstitusiya ilə bağlı prosesi 2031-ci ilə qədər uzatmaq niyyətində olduğunu açıqladı. İndi layihəni dərc edirlərsə, deməli, Paşinyan 2031-ci ili bəyan edəndə də sənəd artıq hazır imiş. Çünki yeni Konstitusiya layihəsini bir ay ərzində yazmaq mümkün deyil. Görünür, bu istiqamətdə işlər əvvəldən aparılırmış.

Layihənin məzmununda nələrin əks olunduğu çox maraqlıdır. Şübhəsiz ki, hüquqşünaslar sənədi bənd-bənd araşdıracaq, Konstitusiyanın bütün müddəalarını diqqətlə oxuyub təhlil edəcəklər. Bizi maraqlandıran əsas məsələ isə budur ki, Ermənistan Konstitusiyasında Azərbaycan ərazisinə qarşı heç bir ərazi iddiası olmasın.

Amma nəzərə almaq lazımdır ki, Ermənistanın təkcə Azərbaycana deyil, Gürcüstana və Türkiyəyə də ərazi iddiaları var. Ona görə də bizdən başqa, gürcülər və türklər də yəqin ki, bu sənədi çox ciddi şəkildə araşdıracaqlar. Burada söhbət yalnız ərazi iddialarından getmir. “Soyqırımı” məsələsi və digər məqamlar da var.

Gözləyək, görək nə olacaq. Hər halda, Ermənistan Azərbaycan və Türkiyə ilə heç olmasa iqtisadi əməkdaşlıq qurmağı, müəyyən formada diplomatik münasibətlər yaratmağı planlaşdırırsa, yəqin ki, bizi narahat edə biləcək müddəaları Konstitusiyaya daxil etməyəcək.

Amma onu da başa düşməliyik ki, Konstitusiyadan, sazişlərdən və digər sənədlərdən asılı olmayaraq, müharibələr bəzən yenə də başlayır.

– Azad bəy, bizə məlum olan ilk məqamlardan biri budur ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmayacaq. Bu, özlüyündə nə deməkdir? Müstəqillik Bəyannaməsi ayrıca sənəd kimi qüvvədə qalır. Sizcə, belə bir vəziyyət Azərbaycan üçün qaneedicidirmi?

– Müharibə və problemlər başlayanda nə Konstitusiyada bu məsələlərlə bağlı hansısa müddəalar var idi, nə də Müstəqillik Bəyannaməsi mövcud idi. Ümumiyyətlə, "Qarabağ hərəkatı" başladı və nəticədə bugünkü vəziyyət yarandı. Deməli, hansısa qüvvələr müharibəni, qarşıdurmanı və ya münaqişəni yenidən başlamaq istəsələr, kağıza baxmayacaqlar. Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi yoxdur, amma müharibə də getmir. Rusiya ilə Ukrayna isə bir neçə beynəlxalq təşkilatda birlikdə təmsil olunurdular, vaxtilə vahid dövlətin tərkibində idilər. Hətta Konstitusiyalarında da bir-birinə qarşı heç bir ərazi iddiası yox idi. Buna baxmayaraq, müharibə başladı.

Deməli, sənədlər müəyyən mənada bizi sakitləşdirə bilər, amma kağız 100 faizlik təminat deyil. Aydındır ki, hətta Konstitusiyanı Azərbaycanda yazıb ermənilərə qəbul etdirsək, yaxud sülh müqaviləsini özümüz hazırlayıb onlara yalnız imza atdırsaydıq belə, bu, yenə də 100 faizlik təminat olmazdı. Ona görə də biz güclü olmalıyıq ki, bizə sataşmasınlar, bizdən çəkinsinlər, hətta qorxsunlar. Bizim onlara qarşı ərazi iddiamız yoxdur. Hələlik vəziyyət belədir. Bəlkə də gələcəkdə hansısa hadisələr baş verər, tarix və siyasət dəyişər. Amma bu gün Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur. Ölkəmiz öz daxili problemləri, ilk növbədə isə Qarabağın bərpası ilə məşğuldur və təhlükəsizliyini təmin etməyə çalışır.

– Demək istəyirsiniz ki, bütün bunlar həm də geosiyasi şəraitdən asılıdır? Ümumiyyətlə, sülh müqaviləsinin uzunmüddətli olması üçün hansı beynəlxalq təminatlar vacibdir və növbəti mərhələdə belə təminatlar gündəmə gələ bilərmi?

– Bugünkü vəziyyət göstərir ki, heç bir beynəlxalq təminat yoxdur. Geosiyasi şərait dəyişir. Gəlin, SSRİ dövrünü xatırlayaq. O vaxt ermənilərlə azərbaycanlılar eyni dövlətin tərkibində idilər. Hər iki respublikada yerləşən hərbi hissələrin zabitləri NATO ölkəsi olan Türkiyəyə qarşı döyüşməyə hazırlaşırdılar. Azərbaycan və Ermənistanda yerləşən ordunun iki əsas istiqaməti var idi: Türkiyəyə və İrana qarşı. Üstündən heç 30 il də keçmədi, Azərbaycan Türkiyənin müttəfiqinə çevrildi, Ermənistan isə onun düşməni oldu. Deməli, heç kim gələcək üçün zəmanət verə bilməz.

Geosiyasi vəziyyət dəyişə bilər. Sabah biz İranla da müttəfiq ola bilərik. Əgər İranda hansısa azərbaycanpərəst qüvvələr hakimiyyətə gəlsə, sözsüz ki, müttəfiqlik münasibətləri qurular, əməkdaşlıq inkişaf edər və sair. Bəlkə də gələcəkdə Azərbaycan-İran münasibətləri Azərbaycan-Türkiyə və ya Azərbaycan-Pakistan münasibətləri səviyyəsinə yüksələr. Ona görə də indidən gələcəklə bağlı qəti fikir söyləmək mümkün deyil. Amma bugünkü reallıq ondan ibarətdir ki, heç bir beynəlxalq təminat yoxdur.

Əvvəllər, demirəm ki, bu, yaxşı idi, beynəlxalq təminatların arxasında müəyyən mənada ABŞ dayanırdı. Lakin Tramp da göstərdi ki, özü heç bir beynəlxalq qaydaya riayət etmək niyyətində deyil və faktiki olaraq başqalarına da deyir ki, siz də bu qaydalara əməl etməyin.

– Belə mülahizələr var ki, uzunmüddətli sülhün təmin olunması üçün bu prosesə Rusiya və Türkiyənin də cəlb edilməsi daha etibarlı yanaşma olardı. Buna necə baxırsınız?

– Yadınızdadırsa, bir müddət “3+3” formatı gündəmdə idi. Bir tərəfdə Azərbaycan, Ermənistan və Gürcüstan, digər tərəfdə isə Rusiya, Türkiyə və İran dayanırdı. Amma Gürcüstan bu formatda iştirakdan imtina etdi. Bildirdi ki, Rusiyanın olduğu yerdə heç bir “3+3” formatı mümkün deyil. Bununla belə, yəqin ki, üç Cənubi Qafqaz ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın – bir araya gəlməsi mümkündür. Bu üç dövlət böyük ölkələrlə “3+1” formatında münasibətlər qura bilər: “3+Türkiyə”, “3+İran”, “3+Rusiya”. Yəni hər biri ilə ayrıca münasibətlər formalaşdırmaq olar.

Əlbəttə, böyük dövlətlərin hamısını bir formatda bir araya gətirəndə onların öz maraqları, Cənubi Qafqaz ölkələrinin isə başqa maraqları ortaya çıxır. Belə vəziyyətdə biz böyük dövlətlərin bir-biri ilə apardığı rəqabətin qurbanına çevrilə bilərik. Yəni prosesin subyekti deyil, obyekti olarıq. Amma “3+1” formatında üç Cənubi Qafqaz dövləti vahid regional yanaşma ortaya qoyaraq Türkiyə ilə bir formada, İranla başqa formada, Rusiya ilə isə ayrıca münasibətlər qura bilər.

– Bəs Ermənistanda referendum prosesi necə gedə bilər? Ölkə daxilində vəziyyət aydındır, müxalifət yeni Konstitusiya layihəsinə kəskin şəkildə qarşı çıxır. Paşinyanın müxtəlif təklifləri var. O, referendumda “yox” cavabı çıxacağı təqdirdə baş nazir vəzifəsindən istefa verəcəyini, xalq onu dəstəkləyəcəyi halda isə bir daha baş nazirliyə namizəd olmayacağını deyir. Eyni zamanda müxalifətə dövlət strukturlarında – Konstitusiya Məhkəməsində, Ali Məhkəmədə və digər qurumlarda təmsilçilik təklif edir. Lakin müxalifət bu təklifləri rədd edir. Üstəlik, Paşinyanın parlamentdə altı səsi çatmır. Sizcə, proses bundan sonra necə inkişaf edə bilər?

– Bunu dəqiq söyləmək çətindir. Çox güman ki, çatışmayan altı səsi hansısa yolla əldə edəcək. Bunun üçün puldan da, təzyiqdən də istifadə edə bilər. Hətta Paşinyan müxalifəti növbədənkənar seçki ehtimalı ilə şantaj edir. Bildirir ki, yenidən seçki keçirilsə, indiki deputatların bəziləri parlamentə düşə bilməyəcək və sair.

Bilmirəm, amma Konstitusiya məsələsində iki ehtimal var. Ya Paşinyan həmin altı səsi hansısa formada əldə edəcəyinə əmindir, ya da layihəni məhz ona görə ortaya atır ki, onsuz da qəbul edilməyəcəyini bilir. Təəssüf ki, bizim ermənilərə inanmağa əsasımız yoxdur. Bununla bağlı mənfi təcrübəmiz var. Bəlkə də bütün bunlar bir tamaşadır. Paşinyan bilir ki, layihə qəbul edilməyəcək, amma Azərbaycanı sakitləşdirmək üçün sənədi elan edir. Yəni demək istəyir ki, baxın, mən Konstitusiya layihəsini təqdim etdim, amma parlamentdən keçmədi.

Biz indiyədək şübhələnirik ki, vaxtilə Sarkisyan Qarabağı Azərbaycana vermək istəmədiyi üçün hakimiyyət dəyişikliyinə getdi. O zaman, Aprel döyüşlərindən sonra belə bir versiya yayılmışdı ki, guya Sarkisyan torpaqları qaytaracağına söz verib, sonradan isə Qarabağı verməmək üçün hakimiyyət dəyişikliyi edib. Bu, Azərbaycanda dolaşan konspiroloji versiyalardan biri idi.

Çünki burada söhbət təkcə Sarkisyandan və ya Paşinyandan getmir. Biz ermənilərə inanmırıq, onlara şübhə ilə yanaşırıq. Onlar da yəqin ki, bizə inanmır və şübhələnirlər. Onların da öz qorxuları var. Ermənistan mətbuatında yazırlar ki, guya onlar Konstitusiyaya dəyişiklik edəcəklər, Azərbaycan isə bundan sonra yeni şərtlər irəli sürəcək. Yəni biz onlara inanmırıq, onlar da bizə. Hər iki ehtimal mümkündür: ya Paşinyan çatışmayan altı səsi əldə edəcək, ya da referendumun baş tutmayacağını əvvəlcədən bilir və sonradan deyəcək ki, mən cəhd etdim, amma alınmadı.

– Bəs Ermənistanda yeni seçkilərin keçirilməsi mümkündürmü?

– Mümkündür.

– Azərbaycanın yeni şərtlər irəli sürməsi məsələsinə gəldikdə, sülh prosesi geosiyasi vəziyyətdən, xüsusilə Rusiyanın hazırkı durumundan və regiona təsir imkanlarından nə dərəcədə asılıdır? Bu istiqamətdə hansı dəyişikliklər baş verə bilər?

– Bunu demək çətindir. Mən məsələyə adi məntiqlə yanaşıram. Hesab edirəm ki, bizim yeni şərtlər irəli sürməyimizə ehtiyac yoxdur. İstədiklərimiz yerinə yetirilsin və biz də dinc, sakit yaşayaq.

Amma dünyada geosiyasi oyunlar davam edir. Başqa bir nümunə gətirim. 2020-ci ildə üçtərəfli bəyanata imza atdıq. Küçələrdə bayram idi, insanlar sevinirdi. Amma daxilimizdə müəyyən narahatlıq da vardı: Qarabağın qalan hissəsi, Xankəndi necə olacaq? Bir natamamlıq hissi yaşayırdıq. Şuşanın, Ağdamın, Kəlbəcərin azad olunmasına sevinirdik, amma Qarabağın digər hissəsi ilə bağlı suallar qalırdı. Hamımız əmin idik ki, ruslar ora gəldikdən sonra həmin torpaqları bir daha görə bilməyəcəyik, onları azad etmək mümkün olmayacaq. Lakin geosiyasi vəziyyət elə dəyişdi ki, 2023-cü ildə həm rusları çıxardıq, həm də erməniləri. Ona görə də indidən nə baş verəcəyini demək çətindir. Bəlkə hansısa yeni şərtlər ortaya çıxacaq, bəlkə də çıxmayacaq.

– Azad bəy, Rusiya-Ukrayna müharibəsinin gedişatında da yeniliklər var. Krım körpüsü vurulub, Baltik dənizində, eləcə də Liviya sahillərində Rusiya gəmilərinə hücumlar edilir. Hərbi əməliyyatlar meydanında hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

– Cəbhədə vəziyyət tam sabitləşib. Ukrayna ordusu, demək olar ki, Rusiyanın hücumlarının qarşısını alıb və onları dayandırıb. Son bir-iki gündə Rusiya ordusu bir-iki istiqamətdə irəliləyib, amma bu, əsasən, hansısa kənd ərazisində baş verib.

Bu gün səhər isə Ukrayna ordusu Rusiya sərhədini keçərək ölkə ərazisindəki hansısa yaşayış məntəqəsinə daxil olub. Bu, böyük irəliləyiş deyil. Amma faktiki olaraq, hazırda Ukrayna ordusu Rusiyanın öz ərazisində döyüş aparır. Bundan başqa, Baltik dənizində vurulan gəmi məsələsi də var. İndi guya gəmidə yanğını söndürürlər və onu yavaş-yavaş yedəyə alaraq Peterburqa və ya Kronştadta çatdırmağa çalışırlar. Amma burada əsas məsələ hadisənin simvolik xarakter daşımasıdır. Çox güman ki, bununla “biz bu marşrutu bağlayırıq” mesajı verilir.

Həmin gəmi Peterburqdan Kalininqrada gedirdi. Kalininqrad vilayəti də faktiki olaraq ada kimidir, anklavdır. Krım körpüsü vasitəsilə Krımın Rusiyanın əsas ərazisi ilə əlaqəsini necə kəsməyə çalışırlarsa, Kalininqrad vilayəti də oxşar şəkildə blokadaya düşə bilər. Üstəlik, Litva, Estoniya, Finlandiya və digər ölkələr sərhədləri bağlayırlar. Deməli, vəziyyət getdikcə gərginləşir. Bununla belə, xüsusilə dron texnologiyalarının tətbiqi sayəsində üstünlük kifayət qədər Ukraynanın tərəfindədir.

Ukrayna yalnız raket hücumları qarşısında aciz qalır. Bu da konkret olaraq Trampın “Patriot” raketlərini Ukraynaya verməməsi ilə bağlıdır. Tramp faktiki olaraq Çində də bəyan etdi ki, ukraynalılar Krım körpüsünü vurublarsa, Putin buna cavab verməlidir. Yəni Rusiyaya Putinə Ukraynaya zərbə endirmək üçün bir növ icazə verdi. Həmin gecə Kiyevdəki körpülərə zərbələr endirildi. Böyük dağıntılar olmasa da, hücum baş verdi və Ukrayna bacardığı qədər bu hücumun qarşısını aldı. Bununla belə, bəzi zərbələr kifayət qədər ciddi nəticələrə səbəb oldu.

– Bu gün səhər ABŞ prezidentinin müşaviri Cared Kuşner belə bir bəyanatla çıxış edib ki, ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti verməyə hazırdır və Rusiya da, prinsip etibarilə, bunu müzakirə etməyə razıdır. Bu, yeni situasiyadır. Belə bir təminatın verilməsi mümkündürmü? Çünki Ukraynanın tələbləri daha genişdir və Zelenski birbaşa NATO üzvlüyündə israr edir.

– Birincisi, NATO-nun 5-ci maddəsi kifayət qədər mürəkkəb mexanizmdir. Bəli, həmin maddəyə əsasən, NATO üzvləri hücuma məruz qalan ölkəyə dəstək verməlidirlər. Amma haradasa döyüşlər başlayarsa, hər bir ölkə bu prosesdə hansı formada iştirak edəcəyinə özü qərar verir.

Bu gün NATO üzvlərinin hamısı onsuz da hansısa formada müharibədə iştirak edir. Biri sursat verir, digəri təyyarə, başqası raket göndərir. Bu da iştirak formasıdır. NATO-nun 5-ci maddəsində birmənalı şəkildə yazılmayıb ki, münaqişə baş verəcəyi təqdirdə üzv ölkələr mütləq həmin əraziyə quru qoşunları yeritməlidirlər. Hər bir ölkə öz qərarını özü verir.

İkincisi, 5-ci maddədən də güclü təhlükəsizlik təminatı kimi təqdim olunan Budapeşt memorandumu var idi. Həmin sənəddə ABŞ, Rusiya və səhv etmirəmsə, Çin Ukraynanın təhlükəsizliyinin təminatçıları kimi çıxış edirdilər. Söhbət Ukraynanın nüvə silahından imtina etməsi müqabilində ona verilən təminatlardan gedirdi.

Amma gördük ki, bu təminatların heç biri işləmədi. Nə 2014-cü ildə Krım işğal olunanda, nə 2015-ci ildə, nə də 2022-ci ildə. ABŞ-nin verdiyi təminat da işləmədi. Üstəlik, burada söhbət təkcə Trampdan getmir. 2014-cü ildə də, 2022-ci ildə də ABŞ-da demokratlar hakimiyyətdə idilər, amma yenə də Ukrayna üçün real təhlükəsizlik təminatı olmadı. Ona görə də bu gün kiminsə Trampın verəcəyi təminata inanması, ümumiyyətlə, ayıbdır.

Elçin Rüstəmli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol