Azərbaycanda stomatoloji klinikaların sayı son illərdə sürətlə artsa da, ölkənin regionlarında diş həkimi çatışmazlığı problemi qalmaqda davam edir. Mövcud bazar məlumatlarına görə, Bakıda bir diş həkiminin üzərinə orta hesabla 1200 pasiyent düşür. Regionlarda isə bu rəqəm 4000-ə çatır. Qeyd edək ki, bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 1500:1 nisbətindən təxminən üç dəfə yüksəkdir.
Digər tərəfdən, stomatologiya bazarında son illərdə ciddi genişlənmə müşahidə olunur. Belə ki, 2025-ci ildə ölkədə təxminən 1800 stomatoloji klinikanın fəaliyyət göstərdiyi bildirilir. Bu, 2019-cu illə müqayisədə 65 faiz çoxdur. Bazarın ümumi həcminin 380 milyon manata çatdığı, 2026-cı ildə isə klinikaların sayının 2 000-i keçəcəyi proqnozlaşdırılır.
Amma qeyd olunduğu kimi, buradakı əsas problem stomatoloqların Bakıda cəmləşməsidir ki, bunun da bir neçə iqtisadi səbəbi var. Əsas səbəblərdən biri daha böyük pasiyent bazasının paytaxtda olmasıdır. Klinikaların çoxluğu və əhalinin alıcılıq qabiliyyətinin nisbətən yüksək olması stomatoloqlar üçün Bakıdakı bazarı daha cəlbedici edir. Bundan başqa, gənc stomatoloqlar üçün iş və təcrübə imkanlarının böyük hissəsi də paytaxtdakı klinikalarda formalaşır. Nəticədə yeni məzunların regionlara yönəlməsi zəifləyir, təcrübəli mütəxəssislər isə əsasən Bakıda qalmağa üstünlük verirlər.

Üz-çənə cərrahı Tural Mirzəyev “AzPolitika”ya şərhində bildirib ki, regionlarda stomatoloq tapmağın çətin olmasının əsas səbəblərindən biri bölgələrdə stomatoloji sahədə çalışan mütəxəssislərin “ehtiyac yoxdur” adı altında ixtisara salınmasıdır: "Regionlarda niyə stomatoloq tapmaq çətindir? Hamısını ixtisar etdilər. Bir çox bölgələrdə hamısını "ehtiyac yoxdur" adı ilə ixtisara saldılar. Ona görə də bölgələrdə stomatoloq yoxdur. Niyə bölgələrdən həkimlər şəhərlərə qaçırlar? Çünki orada çalışmağa şərait qurmurlar. Hər kəs mane olur. Ciddi şəkildə stomatoloji sahədə lisenziya tələblərinə yenidən baxılması lazımdır".
"Bu gün hazırda Azərbaycanda cərrahi lisenziyası olmayan yerdə diş çəkmək olmaz. Bu, Səhiyyə Nazirliyinin verdiyi "çox ağıllı" bir qərardır. Məsələn, bu gün Hacıqabul rayonunda bir dənə də olsun cərrahi kabinet yoxdur. Gərək lisenziyası olsun. Ona görə də Hacıqabul rayonunda bir nəfər belə diş çəkəcək stomatoloq yoxdur. Deməli, bu bölgədə yaşayan pasiyent nə etməlidir? Axtarmalıdır, tapmalıdır ki, diş çəkən, lisenziyası olan klinika haradadır. Ən azı 50-60 kilometr yol getməlidir, pul ödəməlidir və dişini çəkdirməlidir. Çünki hər hansı stomatoloq cərrahi klinikası olmayan yerdə diş çəkirsə, onu cərimələyirlər",- deyə stomatoloq bildirib.
Qeyd edək ki, stomatologiyada gəlir ixtisasdan və iş modelindən asılı olaraq ciddi şəkildə dəyişir. Mövcud bazar məlumatlarına görə, ümumi diş həkiminin baza maaşı 800-2 000 manat arasında dəyişir. Təcrübəli həkimlər 2 500-4 000 manat, özəl praktikada çalışanlar isə 5 000-10 000 manat və daha yüksək gəlir əldə edə bilirlər. Ortodontların gəliri 2 000-5000 manatdan başlayaraq təcrübə ilə 5 000-8 000 manata, özəl praktikada isə 10 000-20 000 manatdan yuxarı qalxa bilir. İmplantoloqlarda isə baza maaşı 2 500-6 000 manat, təcrübəli mütəxəssislərdə 6 000-10 000 manat, özəl praktikada isə 15 000-25 000 manatdan yuxarı göstərilir.
Məlumat üçün bildirək ki, Azərbaycanda stomatoloq olmaq üçün ən azı 5 illik ali təhsil tələb olunur. Bundan sonra ixtisaslaşmq istəyənlər üçün 2-3 illik rezidentura mərhələsi gəlir. Yəni, əslində bu sahədə kadr çatışmazlığını qısa müddətdə aradan qaldırmaq mümkün görünmür.
E. Bəyməmmmədli
"AzPolitika.info"


Şərhlər