Menu

AZƏRBAYCAN ELMİNDƏ "QAPALI QAPILAR"... - Və ya Qəbələ layihəsi niyə keçmədi?

22.09.2026, 09:25
AZƏRBAYCAN ELMİNDƏ "QAPALI QAPILAR"... - Və ya Qəbələ layihəsi niyə keçmədi?

Qafar Cəbiyev

AMEA Arxeologiya və Antropologiya İnstitutu İslam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar jurnalisti.

Azərbaycan müstəqillik illərində içimizdən və kənardan olan satqın və məkirli qüvvələrin hər cür çirkin plan və təxribatlarına rəğmən dünyanı heyrətləndirəcək dərəcədə çox ciddi uğurlar qazanıb və bu gün də qazanmaqdadır. Bunu hər kəs görür, bilir və dəyərləndirir. 

Dostlarımız, tərəfdaşlarımız sevinir, bədxahlar isə qübar edir. Necə deyərlər, İlahi dağına baxıb qar verəndi! Hər kəsə o da bəllidir ki, Azərbaycan bu uğurlara əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzmlə, şövqlə, həm də son dərəcə peşəkarcasına həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində müvəffəq olmuşdur.

 Uğurların həzzini həzm edə bilməyənlər

Alim-ziyalı, bunlardan daha əvvəl isə həm də bir vətəndaş olaraq bütün bu uğurların həzzini yaşayırkən, onun fəlsəfi izahı və nəhayət, ölkəmizin bu uğur marafonunda sapı özümüzdən olan “baltalar” timsalında üzləşdiyi maneələr barədə düşünərkən qeyri-ixtiyarı olaraq dahi Mirzə Fətəli Axundovun məşhur “meymunu yada salma” kəlamı yadıma düşdü. Mən bu konteksdə “meymun” və ya sapı özümüzdən olan “baltalar” deyərkən dövlət başçısı tərəfindən etimad göstərilən, bəzən hətta mükafatlandırılan, lakin bütün bunlara rəğmən etimadı doğrultmayan, əyri yollara düşən, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək varlanmaq yolu tutan, xalqın xidmətçisi olmaq əvəzinə insanların haqqına girən, qayğı və problemlərini həll etməli olduqları halda onlara əlavə problemlər yaradan bəzi başabəla məmurları nəzərdə tuturam. Hansı ki, onların bir qismi artıq DTX və Korrupsiya ilə Mübarizə Baş İdarəsi tərəfindən ifşa edilərək layiq olduqları cəzanı almışlar. Digərlərini də sözsüz ki, eyni aqibət gözləyir.

Dərin məyusluq hissi ilə deməliyəm ki, Azərbaycan elmi də məhz bu səbəblər ucbatından xeyli itkilərə məruz qalıb və bu günün özündə də işlərin rəvan getmədiyi sahələr az deyildir. Fikrimi izah etmək üçün uzun illərdir ki, bilavasitə məşğul olduğum tarix və arxeologiya elmləri sahəsində şəxsən özümün üzləşdiyim bəzi konkret faktlar üzərində dayanacağam.

Albanşünaslıq Elmi Mərkəzi niyə lazım olmadı?!

2020-ci ildə birbaşa ölkə prezidentinin tövsiyyəsi əsasında AMEA-nın Rəyasət Heyəti nəzdində Albanşünaslıq Elmi Mərkəzi yaradılması bu istiqamətdə irəliyə doğru atılan çox mühüm addım oldu. Doğrudur, bir müddət sonra həmin Mərkəz AMEA-nın Rəyasət Heyəti nəzdindən çıxarılaraq Arxeologiya və Etnoqrafiya institutunun strukturuna əlavə edildi. Akademiya rəhbərliyinin təqdimatı əsasında mən də həmin Mərkəzin rəhbəri oldum. Lakin zaman keçdikcə bəlli oldu ki, belə bir elmi strukturun olması kimlərinsə ürəyincə deyil.

Bu səbəbdən də Mərkəzin kadrlarla komplektləşdirilməsi və təchizat məsələləri sonadək həll olunmamış qaldı. Amma bütün bunlara rəğmən Mərkəz əməkdaşları xüsusi bir entüziamhissi ilə işləməkdən zövq alırdılar. Az vaxt içərisində işğal dönəmində Qarabağda tarixi-mədəni irsin ermənilər tərəfindən vandalcasına dağıdılması, Albaniya tarixinin təhrif olunması və erməni kilsəsinin təxribat yönümlü fəaliyyəti ilə bağlı Albanşünaslıq Elmi Mərkəzinin silsilə bəyanatları oldu.

2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq bilavasitə Albanşünaslıq Elmi Mərkəzinin təşəbbüsü ilə İtaliya, Türkiyə, Gürcüstan, Koreya və Şimali Makidoniyadan olan tərəfdaşlarımızla birlikdə “Heydər Əliyev ili” çərçivəsində Ulu öndərin anadan olmasının 100 illiyinə həsr edilmiş I Beynəlxalq Albanşünaslıq Simpoziumu keçirməyi qərara aldıq. Özü də tərəfdaşlarımızla belə razılığa gəlmişdik ki, bu simpozium hər iki ildən bir keçirilsin.

1 iyun 2023-cü il tarixdə Simpozimun keçrilməsinə dair elan mətbuatda dərc olundu. Elana görə Simpozium 4-5 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində keçrilməli idi.

Simpoziumun aşağıdakı istiqamətlər üzrə işləməsi nəzərdə tutulurdu:

1.Albanşünaslığın nəzəri problemləri

2.Alban abidələrinin arxeoloji tədqiqi

3.Qafqaz Albaniyasının memarlıq irsi

4.Alban dili, əlifbası və yazılı abidələri

5.Albaniyada dini durum

6.Albaniyanın təsərrüfat həyatı

7.Albaniyanın xarici əlaqələri, ticarət və pul münasibətləri

8.Alban irsinin dağıdılması, saxtalaşdırılması və mənimsənilməsi cəhdləri.

Amma necə deyərlər, olmalıydı, olmadı.

Yəni, Simpoziumun elanı mətbuatda dərc olunandan bir gün sonra mənə çox yuxarı səviyyədən bir telefon zəngi gəldi: "Qafar müəllim, bu çox yaxşı, həm də aktual bir məsələdir. Amma məsləhət oldu ki, Simpoziumun vaxtını dəyişərək gələn il, həm də bəzi digər elmi qrumların da iştirakı ilə birlikdə keçirilərsə daha yaxşı olar". 

Mən bu telefon zənginin arxasında duran heç də xoş olmayan niyyəti dərhal anlasam da, səslənən təklifə yox da demədim. Lakin bu tədbirin nə vaxt və əlavə olaraq kimlərin iştirakı ilə keçrilməli olduğunu məhz onların müəyyən etməli olduğunu bildirdim. O şəxs də “tamam” deyərək mənlə razılaşdı. 

Nə qədər qəribə olsa da həmin telefon zəngindən uzun vaxt keçsə də, mənə məsləhət verən o yüksək vəzifəli şəxs və onun əhatəsindən bir daha bu mövzuya qayıdılmadı. Əksinə, bir müddət keçdikdən sonra AMEA sistemində struktur islahatları adı ilə Albanşünaslıq Elmi Mərkəzinin fəaliyyətinə xitam verildi. Beləliklə, ilk addım olaraq ölkə Prezidentinin sərəncamı ilə elan olunmuş “Heydər Əliyev ili” çərçivəsində, məhz Ulu öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş I Beynəlxalq Albanşünaslıq Simpoziumunun baş tutmasının qarşısı alınmış oldu.

Yəni, bu insanlar “Heydər Əliyev ili” çərçivəsində, özü də məhz Heydər Əliyevin xatirəsinə həsr olunmuş belə bir mötəbər beynəlxalq Simpoziumun keçirilməsinin qarşısının alınmasının məsuliyyətlərini dərk etmirlərmi?!

Soruşan gərəkdir axı, mövcud olduğu cəmisi 3 ilə yaxın bir müddətdə yetərincə aktiv elmi fəaliyyətlə məşğul olan Albanşünaslıq Elmi Mərkəzi kimi son dərəcə gərəkli bir elmi qurumun fəaliyyətinə hansı səbəbdən belə tezliklə xitam verildi?!

Albanşünaslığı monopoliyaya çevirmək cəhdləri

Hadisələrin sonrakı inkişafı göstərdi ki, islahat adı altında həyata keçilən bu və buna bənzər oyunların arxasında sən demə respublikada Albanşünaslığın bir monopoliya platformasına çevrilməsi cəhdi dururmuş. Təsəvvür edin, işğaldan azad olunduqdan dərhal sonra ABŞ, İtaliya, Şimali Makedoniya və Türkiyədən olan elm adamlarının iştirakı ilə Qarabağ ərazisindəki alban abidələrinin monitorinqini aparmaqla müvafiq hesabatlar hazırlamaq məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə təqdim etdiyimiz həm siyasi, həm də elmi baxımdan son dərəcə aktual layihəmizi batırdılar. Amma bir gün belə Albaniya tarixi ilə peşəkar səviyyədə məşğul olmayan birisinin diplomunun mürəkkəbi qurumamış kimlərinsə himayəsi sayəsində Qarabağın alban irsinə dair layihələr təqdim etməklə iri məbləğ qrantlar udması nədən xəbər verir?! Yaxud da ciddi akademik tədqiqatların mərkəzi olan AMEA-da Albanşünaslıq Elmi Mərkəzinin ləğvi fonunda bir nəfər belə albanşünas mütəxəssisin olmadığı hansısa bir universitetdə analoji qurum yaradılmasının məntiqliyi necə izah oluna bilər?!

Daha bir misal, 01iyun 2023-cü il tarixində elan etmiş olduğumuz I Beynəlxalq Albanşünaslıq simpoziumunun keçiriləcəyi tarix və iştirakçıların tərkibi ilə bağlı yuxarıdan təklif gözləyərkən “Elm Fondu”nun növbəti qrant müsabiqəsi barədə elan yayıldı. Biz də Albanşünaslıq Elmi Mərkəzi olaraq “Qafqaz Albaniyasının tarixi-arxeoloji atlası”nı hazırlamaq missiyası ilə müsabiqəyə qoşulduq. Lakin layihəmiz müsabiqədən keçmədi. Bəhanə də bu oldu ki, guya layihədə iştirak edənlərin problemlə bağlılığı yetərincə deyilmiş. 

Layihəyə imtina edilməsini “əsaslandıran” ekspert rəyində deyilir: Layihə komandası üzvlərinin elmi fəaliyyəti və akademik göstəriciləri mövcud çağırışların tələblərinə cavab vermir. Komandanın üzvləri üzrə elmi nəşrlərin miqdarı, beynəlxalq elmi bazalarda təmsilçilik səviyyəsi və son 5 ildəki elmi fəallığı aşağı qiymətləndirilmişdir. Eləcə də layihənin effektiv və keyfiyyətli icrasını təmin edə biləcək ixtisaslaşdırılmış kadr potensialı yetərli hesab edilməmişdir”. 

Bu rəydən belə nəticə çıxır ki, Elm Fondu qrantları layihələrə yox, şəxslərə verir.

Gəlin, görək bu layihə ilə bağlı rəyi hansı “ekspert” yazıb?! O “ekspertin”in Albaniya mövzusu barədə ümumiyyətlə anlayışı varmı?! layihə rəhbəri olaraq mən Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor, Albaniya tarixinə dair bir neçə fundamental tədqiqat əsərinin müəllifiyəm. Ümumilikdə, layihəni icra edəcək elmi heyətin 6 üzvündən 5-i elmi dərəcəsi və bilavasitə Albaniya tarixinə dair tədqiqatları olan şəxslərdir. Maraqlıdır ki, layihə barədə imtina hökmü verən cənablara daha nə lazım imiş?! Bu adamlar yazdıqları əsassız rəyin məsuliyyətini dərk etmirlər?!

Qəbələnin uğurlarına qısqanan kimlərdir?!

Məlum olduğu kimi 2025-ci il 11 iyul tarixində Parisdə UNESCO-nun Baş qərargahında Dünya İrsi Komitəsinin 47-ci Sessiyasında Qədim Qəbələ şəhəri Dünya irsinin ilkin siyahısına daxil edilib. Elə bu arada biz də “Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında saxlanılan Qəbələ materiallarının sistemli kataloqunun hazırlanması” layihəsi ilə Elm Fondu tərəfindən elan olunan növbəti qrant müqaviləsinə qoşulduq. Amma bu layihəmiz də keçmədi. Bəhanə yenə də layihə iştirakçılarının tərkibi ilə bağlı idi.

Mən hələ də anlaya bilmirəm ki, Qəbələ ilə bağlı təqdim etmiş olduğumuz son layihənin işçi tərkibinə hansı məntiqlə etiraz etmək olar?! Baxın, mən layihə rəhbəri olaraq 50 ilə yaxındır ki, davamlı olaraq Qəbələ tədqiqatlarında iştirak edirəm, Qəbələ arxeoloji ekspedisiyasının rəhbəriyəm. Layihənin digər iştirakçısı tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli xeyli müddət Milli Azərbaycan Tarixi Muzeyində arxeoloji fond şöbəsinin müdiri olmuş, hazırda isə Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi və mədəni irs üzrə beynəlxalq səviyyədə tanınmış ekspertdir. Layihə iştirakçısı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Nasir Quluzadə Milli Azərbaycan Tarixi Muzeyində arxeoloji fond şöbəsinin müdiri vəzifəsində çalışır. Nəhayət, layihənin digər üzvü Aida İsmayılova da məhz Milli Azərbaycan Tarixi muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktorudur.

Vallah, billah çox emosianal olsa da deməliyəm ki, Qəbələ probleminə dair tərəfimizdən təqdim olunan belə bir aktual layihə üçün təklif olunan elmi heyətə “mız” qoyan ekspert normalda ya hakim, yaxud da həkim qarşısında oturdulmalıdır.

Fikrimizcə, Qəbələ ilə bağlı təqdim etdiyimiz layihənin aktuallığı, mövzunun həm elmi, həm də siyasi əhəmiyyəti barədə uzun-uzadı şərhə ehtiyac yoxdur. Təkcə onu deyək ki, 2500 ildən çox yaşı olan Qəbələ 8 əsrədək bir zamanda qədim Azərbaycan dövləti olan Albaniyanın paytaxt şəhəri olub. Orada 100 ildir ki, arxeoloji tədqiqatlar gedir. Arxeoloji fondlarda 15000 ədəddən çox Qəbələ materialı yatmaqdadır. Nəhayət, təvazökarlıqdan uzaq olsa belə onu da deməliyəm ki, “Qədim Qəbələ şəhəri”nin YUNESKO tərəfindən Dünya irsinin ilkin mədəni irs siyahısına təqdimat faylı da şəxsən mən və rəhbəri olduğum şöbənin aparıcı elmi işçisi Fariz Xəlilli tərəfindən hazırlanmışdır. Bilmirəm biz daha nə etməliydik ki, Qəbələ ölkəmizdə elm sahəsini istiqamətləndirməli olan, bu sahədə söz sahibi olan məmurların da siyahısına düşmüş olsun?!

Ay əzizlərim, Qəbələ sıradan bir abidə deyil axı! Nəzərə alın ki, 1977-ci ildə erməni layihəçilərin tərtib etdiyi layihə əsasında Qəbələ RLS-ə yüksək gərginlikli elektrik xətti çəkilişi adı altında qədim şəhər yeri dağıntıya məruz qalarkən Ulu Öndər Heydər Əliyev şəxsən özü işə qarışaraq abidəni xilas edib. O zaman məhz Ulu öndərin tapşırığı əsasında Qəbələ Dövlət qoruğu elan edilib. Cənab Prezident 22 sentyabr 2024-cü il tarixində orada yeni inşa olunmuş Arxeoloji Mərkəzin açılışını edib. Çox mühim beynəlxalq tədbirlərin və görüşlərin keçirilməsi məqsədilə Qəbələdə Konqres mərkəzi tikilib. O Mərkəz ki, artıq neçə illərdir ki, ölkə Prezidenti orada qəbullar keçirir, sammitlər təşkil olunur və s. Yəni, bütün bunlar Qəbələnin tarixi və siyasi çəkisi barədə heç nə demir?!

Yeri gəlmişkən onu da deyim ki, Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri olaraq neçə vaxtdır Qəbələnin 2500 illiyinin rəsmi səviyyədə qeyd olunması təklifi ilə çıxış etməkdəyəm. Bununla bağlı müvafiq sənədlər paketini də hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim etmişəm. Arxeologiya və Antropologiya İnstitutu və AMEA rəhbərliyi mənim müraciətlərimə cavab olaraq müsbət rəy bildirib. Lakin görünən odur ki, bu müraciət və rəylərin də ölkə rəhbərliyinə gedib çatmasını bloklayan qüvvələr var.

Qəbələnin 2500 illiyinin rəsmi səviyyədə qeyd edilməsi ideyasının əleyhinə olanlara təkcə onu xatırladım ki, ermənilər Moskvanın etirazına və təzyiqlərinə rəğmən hələ 1968-ci ildə “İribuni” adı altında orta əsr Azərbaycan şəhəri olan İrəvanın 2750 illiyini rəsmi səviyyədə qeyd ediblər. Elə isə biz niyə hələ 2000 il bundan əvvəl Roma və Yunan mənbələrində adı çəkilən qədim paytaxt şəhərimiz olan Qəbələnin 2500 illiyini qeyd etməyək?!

 Neçə illərdir ayrılan iri məbləğ qrantlar Azərbaycan elminə nə verib?

Mən bir dəfə yazmışam və bir daha təkrar edirəm. Elm Fondu neçə illərdir ki, Azərbaycan elminin inkişafına xidmət əvəzinə səriştəli, vicdanlı və cəfakeş elm adamlarının haqqını yeməklə məşğul olur. Digər sahələri deyə bilmərəm, amma tarix, arxeologiya, etnoqrafiya və antropologiyaya dair son 10-15 ildə qalib elan edilmiş layihələrin çox böyük əksəriyyətinin Azərbaycan elminə xeyri olmayıb. Əksinə, cəmisi bir neçə il öncə Şüvəlandan, Novxanıdan, Əhmədlidən akademiyaya velisopedlə gələnlər Elm Fondunun qrantları hesabına bu gün bahalı maşınlarda “klas” köstərir. Ağılı-başı yerində olan hər kəs çox yaxşı bilir ki, bütün bunların arxasında nə fitri istedad, nə də gərgin və səmərəli əmək durur. Nəticədə dövlətin elmin inkişafı üçün ayırdığı pullar bəzi vəzifəli şəxslərin himayəsi altında olanlara verilir.  Necə olur ki, hər dəfə qrantlar ömründə bircə abidəni sonadək öyrənməyən, bir ədəd belə sanballı elmi məqaləsi olmayan, özünə 120-130 səhifədən ibarət dissertasiya işi yaza bilməyən şəxslərə verilir?!

Yeri gəlmişkən onu da qeyd edim ki, Elm Fondundan qrant alan üç-beş normal iş də əslində AMEA-nın ayrı-ayrı institutlarında, məhz akademiyanın büdcəsi hesabına icra olunan işlərdir. Yəni, ayrı-ayrı şəxslər tərəfindən hazır işlər müsabiqəyə təqdim olunmaqla əlavə qazanc əldə olunur. Başqa sözlə, eyni şəxs bir iş üçün dövlətdən iki-üç dəfə ödəniş almış olur. Əlbəttə ki, ayrı-ayrı vəzifəli şəxslərin himayəsi olmasaydı belə hallar da əsla baş verə bilməzdi.

İndi sual olunur?! Neçə illərdir ki, ayrılan iri məbləğ qrantlar Azərbaycan elminə nə verib?! Qalib elan olunan layihələrin nəticələri barədə hesabatlar haradadır? O hesabatlar niyə ən azı elmi ictimaiyyət üçün ictimailəşdirilmir?! Əlbəttə, bütün bunların hesabı soruşulmalıdır və əminəm ki, nə vaxtsa soruşulacaqdır.

Biz hər birimiz hüququ dövlətdə yaşadığımızın fərqində olmalıyıq. Nə yazıq ki, Azərbaycan elminin düzgün məcarada inkişafı üçün məsul olan bəzi şəxslər bunu hələ ki, ya dərk etmir, yaxud da onlara elə bu cür sərf edir.

P.S. Yazıda səslənən fikirlərlə bağlı Azərbaycan Elm Fondunun da mövqeyini işıqlandırmağa hazırıq. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol