“Rus dünyası”nın ideoloqu kimi tanınan Aleksandr Duqinin növbəti qalmaqallı açıqlamaları geniş müzakirələrə səbəb olub.
“AzPolitika” xəbər verir ki, Aleksansr Duqin "Malorossiya"ya (Kiçik Rusiya) həsr olunmuş təbliğat verilişlərinin birində ukraynalıları “qardaş” hesab etdiklərini, onları sevdiklərini bildirib və əlavə edib ki, rusiyalılar onları sevərək öldürməyə məcburdurlar.
"Sizi öldürməyə məcbur olsaq da, sizi sevirik, sizə hörmət edirik”, - deyən Duqin Ukraynaya qarşı müharibəni hansısa ali məqsədlə həyata keçirildiyini iddia edib: “Hamımız bu müharibədə çox şey itirmişik, ona görə də hələ də qarşı tərəfdə olanlara müraciət etmək istəyirəm. Sizi sevirik, sizə hörmət edirik və sizi öldürməyə məcbur olsaq belə, bunu öz qardaş və bacılarımızın ürəyinə, üzünə, başına güllə atmaqla edirik. Bu, çox çətindir, amma biz bunu çox vacib bir məqsəd üçün edirik. Bunu hətta dərk edə də bilmirik. Bu məqsəd bütün rəsmi, bəyan edilmiş məqsədlərimizdən daha üstündür. Biz bunu xilas naminə, yenilənmə naminə edirik. Biz sizinlə birik, bunu sizinlə bir olmaq üçün edirik, çünki sizinlə birik".
Qeyd edək ki, bu, Duqinin Ukrayna mövzusunda heç də ilk qalmaqallı açıqlaması deyil. O, hələ Ukraynaya qarşı savaş əksər rusiyalılar üçün anormal göründüyü 1990-cı illərdən rusları Ukraynanı məhv etməyə çağırırdı. Duqin hələ 1997-ci ildə yazdığı və Rusiya hərbi elitasına böyük təsir göstərdiyi bildirilən "Geopolitikanın Əsasları" kitabında qeyd edirdi ki, müstəqil və suveren Ukrayna dövlətinin mövcudluğu guya Rusiyanın geosiyasi təhlükəsizliyinə "dəhşətli bir zərbədir". O, hələ o vaxt Ukraynanın ayrıca bir sivilizasiya və ya suveren ölkə ola biləcəyini qətiyyətlə rədd edir, Ukrayna ərazisinin mütləq Rusiyanın idarəçiliyinə (Avrasiya imperiyasına) qaytarılmalı olduğunu bildirirdi.
Duqin üçün bu müharibə sadəcə Rusiya ilə Ukrayna arasında bir münaqişə deyil, ABŞ-nin rəhbərlik etdiyi qlobalist, “birqütblü” Qərb dünyası ilə Rusiyanın qurmaq istədiyi "çoxqütblü" dünya arasındakı “qaçılmaz və müqəddəs” bir döyüşdür.
O, hazırda da kompromislərə və ya sülh danışıqlarına qəti şəkildə qarşı çıxır. Onun fikrincə, Rusiya bütün Ukrayna ərazisini (bəzi qərb bölgələri istisna olmaqla) nəzarətə götürməlidir, əks halda guya Rusiyanın gələcəyi təhlükə altındadır.
Duqin eləcə də iddia edir ki, əgər Rusiya qalib gəlsə, Ukrayna Rusiyanın bir hissəsi olacaq; yox, əgər Qərb qalib gəlməyə yaxın olsa, Rusiya nüvə silahından istifadə edəcək və hər iki halda müstəqil Ukrayna mövcud olmayacaq.
Duqin bu çıxışları və təqdim etdiyi “ideologiya”ya görə Ukrayna prokurorluğu tərəfindən "soyqırıma çağırış"da ittiham olunur. Ona qarşı cinayət işi açılıb. Qərb dövlətləri isə ona qarşı sanksiyalar tətbiq edir.
E.Qüdrətoğlu
“AzPolitika.info”


Şərhlər