Altı il öncə bu gün – 8 noyabrda Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsində Zəfərin de-fakto qazanılması və Ermənistan üçün məğlubiyyətin qəbul edilməsi idi. Bu tarixdən iki gün sonra – 10 noyabrda Ermənistanın kapitulyasiyaya imza atması ilə Azərbaycanın Zəfəri rəsmiləşdi. Şuşanın azad edilməsi həlledici idi, çünki şəhər həm strateji mövqeyi, həm də simvolik əhəmiyyətinə görə Qarabağın açarı hesab edilir və tarix boyu bura nəzarət edən tərəf qalib olub.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qarşısında ardıcıl məğlubiyyətlərlə üzləşən Ermənistan “son ümid” kimi Şuşanı əlində saxlamağa çalışırdı. Buna görə əsas qüvvələrini də şəhərə cəlb etmişdi. Sıldırım qayalıqlarla əhatə olunmuş Şuşanın strateji mövqeyi və erməni silahlı qüvvələrinin burada cəmləşməsi şəhərin azad edilməsini, demək olar ki, mümkünsüz edirdi. Azərbaycan Ordusu isə sıldırım qayalara dırmaşaraq, hətta əlbəyaxa döyüşə girərək mümkünsüz görünəni bacardı. Təsadüfi deyil ki, Şuşa əməliyyatı müasir hərb elminin bütün prinsiplərinə zidd hesab edilir.
Son altı ildə Şuşa əməliyyatının detalları ilə bağlı müxtəlif araşdırmalar aparılıb, bu əməliyyatı təşkil edən komandanlıqdan tutmuş, döyüşdə birbaşa iştirak edən hərbçilərə qədər canlı şahidlərdən müsahibələr alınıb. Lakin Şuşa əməliyyatı öz unikallığı ilə dünyada hələ də müzakirələrə səbəb olur, bununla bağlı detallar maraqla qarşılanır.

“Modern War Institute”un Şuşa döyüşləri ilə bağlı apardığı geniş araşdırma xüsusilə diqqət çəkir. Araşdırmanın müəllifləri ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin təqaüddə olan polkovniki, hərbi ekspert Liam Collins, Kanada Ordusunun Doktrina və Təlim Mərkəzində xidmət edən Kanada Kral Alayının zabiti, şəhər əməliyyatları təlimi üzrə ixtisaslaşmış mayor Ceyson Qeroux və “Modern War Institute”da şəhər müharibəsi tədqiqatları üzrə sədr Con Spenserdir.
Hərbi sahə üzrə ixtisaslaşmış müəlliflər Şuşa əməliyyatını şəhər döyüşlərinin aparılmasında fundamental praktika kimi nəzərdən keçirirlər. Azərbaycan hərbçiləri ilə müsahibələrə əsaslanan araşdırmada kifayət qədər maraqlı detallar yer alır.
ŞUŞA ƏMƏLİYYATINA HAZIRLIQ
Oktyabrın 28-də Şuşadan altı kilometr cənub-şərqdə yerləşən Sığnaq kəndinin azad edilməsi tarixə düşən mükəmməl əməliyyata hazırlığın başlanğıcı oldu. Şuşanın azad edilməsi tapşırığı Xüsusi Təyinatlı Qüvvələrə həvalə edildi və nizami qoşun bölmələri də onlara təhkim olundu.

Beləliklə, birgə əməliyyat qrupu yaradıldı.
-Hər birində təxminən 110 hərbçi olmaqla, xüsusi təyinatlılar və komando bölmələrindən ibarət 4 xüsusi əməliyyat qrupu;
-BTR-80 zirehli transportyorları, BMP-2 piyadaların döyüş maşınları və T-72 tankları ilə təchiz edilmiş dörd batalyondan ibarət bir mexanikləşdirilmiş briqada;
-Dörd batalyondan ibarət bir motoatıcı briqada.
Əməliyyata artilleriya və PUA-lar da dəstək verməli idi. Lakin hava şəraiti – duman və bulud örtüyü PUA-ların geniş dəstək göstərməsinə mane oldu.
Ermənilər isə Şuşanı şəhərin daxilindəki batalyon və Daşaltıda bir bölükdən ibarət qüvvə ilə müdafiə edirdilər. Bu bölmələr atıcı silahlar, pulemyotlar, minaatanlar, 2S1 “Qvozdika” özüyeriyən haubitsaları və 9K111 “Fagot”, “Kornet” və digər sistemlər də daxil olmaqla, tank əleyhinə idarəolunan raket kompleksləri ilə təchiz edilmişdi. Erməni qüvvələrinin ən azı 4 tankı və 4 BMP-2 piyadaların döyüş maşını da var idi. Bununla yanaşı, Şuşakənd yaxınlığında mexanikləşdirilmiş batalyon da mövqe tutmuşdu. Ermənilər şəhərin strateji üstünlüyünə də arxayın idilər.
Azərbaycan Ordusu döyüş başlamamışdan əvvəl erməni qüvvələrini Şuşadan kənara çəkməyi və şəhəri təcrid edərək əlavə qüvvələrin göndərilməsinin qarşısını almağı planlaşdırırdı. Burada əsas məqsədlərdən biri də uzunmüddətli şəhər döyüşünə cəlb olunmamaq və Şuşanın mədəniyyətinə dəyəcək zərəri minimuma endirmək idi. Buna görə əməliyyat qrupu şəhər daxilində artilleriya və ağır minaatanlardan imtina etdi, əsasən yüngül, 60 millimetrlik minaatanlardan birbaşa tuşlama rejimində istifadə etməyə üstünlük verdi.
Plana əsasən, Şuşa daxilində döyüşlər başlamamışdan əvvəl mexanikləşdirilmiş briqada Şuşakənd istiqamətində irəliləməli idi. Məqsəd ermənilərdə əsas hücumun məhz həmin istiqamətdən həyata keçiriləcəyinə dair təəssürat yaratmaq idi. Eyni zamanda, motoatıcı briqada Daşaltının qərbindəki yüksəklikləri ələ keçirərək kənddəki erməni qüvvələrinin Şuşaya əlavə dəstək göndərməsinin qarşısını almalı və birgə əməliyyat qrupunun qərb cinahının təhlükəsizliyini təmin etməli idi. Xarici mühasirə xətti təmin edildikdən və erməni ehtiyat qüvvələri Şuşakənd istiqamətinə yönəldildikdən sonra 4 xüsusi təyinatlı qrup dağlıq ərazidən uzun və çətin hərəkət marşrutunu keçməklə şəhərə qərbdən hücum etməli, 4 kiçik xüsusi təyinatlı qrup isə digər istiqamətlərdən şəhərə sızmalı idi.

29 OKTYABR: Birgə əməliyyat qrupu komando bölüyünün dəstəyi ilə 1553 yüksəkliyinin zirvəsini kiçik erməni qüvvələrindən təmizlədi və 18 komandodan ibarət kiçik mühafizə dəstəsi burada yerləşdirildi.
Lakin 30 dəqiqə sonra ermənilər əks-hücuma keçərək onları geri çəkilməyə məcbur etdilər. Az keçməmiş birgə əməliyyat qrupu yüksəkliyə nəzarəti bərpa etdi və daha böyük mühafizə dəstəsi yerləşdirdi. Günortadan sonra ermənilər ikinci dəfə əks-hücuma keçsələr də, uğur qazana bilmədilər.
NOYABRIN 1-DƏN 2-NƏ KEÇƏN GECƏ: Əməliyyatın planlaşdırılması və hazırlığı üçün 4 gün vaxt ayrıldı, mexanikləşdirilmiş və motoatıcı briqadalar isə hərəkətə keçdi.
Mexanikləşdirilmiş briqada Şuşakənd istiqamətində irəlilədi, motoatıcı briqadaya isə Daşaltının qərbindəki dağ silsiləsini ələ keçirmək tapşırığı verildi.
2 NOYABR: Axşam saatlarında birgə əməliyyat qrupunun hər biri 15 hərbçidən ibarət 4 xüsusi təyinatlı qrupu Şuşaya sızdı.
Bu qrupların tapşırığı məxfi idi. Məxfilik o qədər yüksək idi ki, Şuşanın qərbinə doğru irəliləyən xüsusi təyinatlı bölmələr yalnız bir neçə həftə sonra həmkarlarının da belə bir tapşırığı yerinə yetirdiyindən xəbər tutdular. Hər bir qrup ona ayrılmış istiqamət üzrə qayalıq yamacla yuxarı qalxmaq üçün öz marşrutunu hazırlamışdı. Əmr belə idi ki, qruplar şəhərə daxil olduqdan sonra mövqelər tutmalı və hücum başlayana qədər gözləməli idilər.
Cənub-qərb istiqamətində hərəkət edən qrup yuxarı qalxarkən erməni müşahidə məntəqəsi tərəfindən aşkarlandı və minaatan atəşinə, eləcə də ağır pulemyotlardan açılan atəşə məruz qaldı. Nəticədə iki hərbçi şəhid oldu, ikisi yaralandı. Buna baxmayaraq, qalan hərbçilər həlak olan yoldaşlarının cəsədlərini də özləri ilə daşıyaraq irəliləməyə davam etdilər və yaylanın ən yüksək hissəsində yerləşən meşəlik ərazidə nəzərdə tutulmuş mövqeyə çatdılar.

Cənub və şərq istiqamətlərində hərəkət edən qruplar təxminən 30 metrlik şaquli qayalıqları kəndirlərin köməyi ilə aşmalı idilər. Sonuncu qrup isə şimaldan – relyefin nisbətən asan olduğu istiqamətdən yuxarı qalxdı. Lakin bunun üçün Şuşanın şərqindəki çay boyunca uzanan marşrutla hərəkət etməli idilər. Qayalıqlara qalxmağın çətinliyi və hərəkət məsafəsinin uzunluğuna görə bu qruplar səhər açılana qədər yaylanın zirvəsinə çata bilmədilər. Həmin gecə ilk iki xüsusi təyinatlı bölüyü də şəhərə doğru sızmağa başladı. Sıx meşəlik dağlıq ərazidən hərəkət edən bölüklər erməni müdafiə mövqelərindən yan keçərək Şuşanın kənarından 4 kilometrədək məsafədə irəlilədilər. Onların marşrutu ermənilərin nəzarətində olan ərazinin dərinliklərindən keçir və Şuşanın qərbindəki hücum mövqelərinə qədər uzanırdı. Bu istiqamətdəki dik yamaclar və meşə örtüyü hərəkətin gizli saxlanılması üçün əlverişli şərait yaradırdı. Nəticədə hər iki bölük aşkarlanmadan mövqelərinə daxil ola bildi.
3 NOYABR: Səhər tezdən Şuşanın şərqindəki qayalıqdan yuxarı qalxan xüsusi təyinatlı qrup ermənilər tərəfindən aşkarlandı və minaatan atəşinə məruz qaldı. Buna rəğmən, iki hərbçisi yüngül xəsarət aldı və qrup zirvəyə çataraq Şuşanın kənarında yerləşən binadakı mövqeyinə doğru irəlilədi. Cənub istiqamətində kəndirlərlə qayalıqlara dırmanan qrup isə aşkarlanmadan yaylanın zirvəsinə çatdı və şəhərə daxil oldu.
Şimaldan irəliləyən qrup Şuşadan bir neçə yüz metr məsafədə ermənilər tərəfindən aşkarlandı. Qısa atışmadan sonra erməni qrupları şəhərə doğru geri çəkildilər. Qrup Şuşa həbsxanasının divarlarını aşaraq şəhərə daxil oldu və doqquzmərtəbəli otel binasının yuxarı mərtəbəsində snayper mövqeyi yaratdı. Döyüş başlayana qədər qrup orada gözləmə mövqeyində qaldı. Tapşırıq belə idi ki, bu qrup döyüş başlayanda snayper atəşi ilə erməni hərbçilərini sıradan çıxarmalıdır. Buradakı məqsəd mümkün qədər geniş qarışıqlıq yaratmaq və ermənilərdə Azərbaycan Ordusunun hər tərəfdən hücum etdiyi təəssüratını formalaşdırmaq idi.
Əraziyə dumanın çökməsi “Bayraktar”lar da daxil olmaqla, müşahidə və zərbə PUA-larından istifadəyə mane oldu. Digər tərəfdən, duman xüsusi təyinatlı qüvvələrin gizli şəkildə şəhərə sızmasına və mövqelənməsinə şərait yaratmışdı. Duman noyabrın sonrakı günlərində daha da sıxlaşdı, noyabrın 7-də isə qatı bulud örtüyünə çevrilərək güclü yağışa səbəb oldu.

Xüsusi təyinatlı qüvvələrlə yanaşı, mexanikləşdirilmiş və motoatıcı briqadalar da tapşırıqlarını yerinə yetirdilər. Mexanikləşdirilmiş briqada Şuşakəndin cənubundakı yüksəklikləri təmizlədi və bununla da kəndə aparan yollara nəzarəti təmin etdi. Motoatıcı briqada isə Daşaltı ətrafındakı yüksəklikləri, o cümlədən kəndin şərq hissəsini təmizlədi. Yüksəklikləri tutduqdan sonra bölmələr müdafiə xətləri və dayaq məntəqələri yaratdılar. Bu mövqelər tezliklə Şuşaya hücum edəcək xüsusi təyinatlı bölmələrin cinahlarını qorumaq üçün nəzərdə tutulmuşdu. Bu qruplar əsas hücum görüntüsü yaradaraq ermənilərin ehtiyat qüvvələrini hər iki istiqamətə cəlb etməli idilər.
4 NOYABR: Noyabrın 3-dən 4-nə keçən gecə üçüncü xüsusi təyinatlı qrup şəhərin qərbində yerləşən hücum mövqeyinə doğru sızmağa başladı. Səhər saatlarında qrup Laçın yolu boyunca 30 hərbçidən ibarət dəstə yerləşdirərək bloklama mövqeyi yaratdı, sonra isə hücum mövqeyinə doğru hərəkətini davam etdirdi. Gün ərzində motoatıcı və mexanikləşdirilmiş briqadalar Daşaltı və Şuşakənd ərazilərində erməni qüvvələrinə qarşı yayındırıcı döyüş əməliyyatlarını davam etdirdilər. Hər iki istiqamətdəki əməliyyatlar çoxsaylı erməni müdafiəçilərini Şuşadan kənarda döyüşə cəlb etdi və onların şəhər daxilində yaxınlaşan döyüşə dəstək vermək üçün mövqelərini dəyişməsinin qarşısını aldı.
5 NOYABR: Səhər saat 06:00 radələrində Laçın yolu boyunca bloklama mövqeyində yerləşən xüsusi təyinatlı dəstə erməni bölüyünün Şuşaya doğru irəlilədiyini aşkar etdi.
Azərbaycan qüvvələrinin artıq həmin yola çıxdığından xəbərsiz olan ermənilər döyüş düzülüşündə deyil, yürüş düzülüşündə hərəkət edirdilər. Erməni qüvvələrinin ön hissəsi yolun döngəsinə çatanda xüsusi təyinatlılar atıcı silahlardan atəş açaraq pusquya başladılar. Nəticədə ermənilər geri çəkilməyə məcbur oldular. Xüsusi təyinatlı qrup əlavə qüvvələrin Şuşaya daxil olmasının qarşısını aldı.
ŞUŞAYA HÜCUM ƏMRİ VERİLDİ
6 NOYABR: Gecə saat 03:00-da birgə əməliyyat qrupu Şuşaya hücum əmri verdi.
Şuşanın şimalında yerləşən xüsusi təyinatlı qrup şəhərə çatan ilk bölük oldu. Qrup sübh açılmamışdan əvvəl şəhərin şimal-qərbindəki kiçik təpədən Şuşaya daxil oldu və dərhal əsas hədəfinə – Şuşa qalasına doğru hərəkət etdi. Qrup qala divarları boyunca və yaxınlıqdakı binalarda mövqelənən erməni əsgərlərini təmizləməyə başladı. Qalanı nəzarətə götürdükdən sonra bu qrup Xankəndi istiqamətindən gələ biləcək erməni əks-hücumlarına qarşı müdafiə olunmaq üçün divar boyunca mövqelər qurdu.

Şimal istiqamətindəki üç xüsusi təyinatlı qrup şəhəri sektorlara ayıraraq şimal-qərbdən cənub-şərqə doğru təmizləməyə başladı. Dördüncü qrup isə Şuşaya şəhərin cənub-qərb küncündən daxil olan yol boyunca irəlilədi. Bu qrup ən çətin müqavimətlə qarşılaşdı, çünki ermənilər şəhərə əsas hücumun məhz bu yolla həyata keçiriləcəyini gözləyirdilər. Qrup yamacda möhkəmləndirilmiş bir neçə erməni mövqeyi ilə üzləşdi və onların məhv edilməsi istiqamətindəki döyüş səhər boyunca davam etdi. Günorta saatlarında qrup şəhərə daxil olmağa başladı, lakin bu dəfə şəhərdən çıxmağa çalışan erməni bölmələri ilə qarşılaşdı və üz-üzə gələn qüvvələr arasında ağır döyüş baş verdi.
Mərkəzdə yerləşən iki xüsusi təyinatlı qrupun hədəfləri o qədər də çətin olmasa da, onların irəliləməsi də asan deyildi. Çünki onlar tanklar, BMP-lər və artilleriya ilə silahlanmış kiçik erməni qüvvələri ilə üz-üzə gəlirdilər. Dörd xüsusi təyinatlı qrup tutduqları mövqelərdən erməni müdafiəçilərinə qarşı döyüşü davam etdirirdi. Bunun fonunda güclü duman şəhər daxilindəki döyüşlərin xaotik vəziyyətini daha da artırırdı, çünki bir neçə istiqamətdə görünüş məsafəsi on metrə və daha aşağı həddə qədər düşürdü. Bu, hərbçiləri yaxın məsafədə döyüşməyə məcbur edir, bəzi hallarda əlbəyaxa döyüşlərə səbəb olurdu. Həmin vaxt Xankəndidə olan fransız jurnalistlərindən biri oraya təxliyə edilmiş, tapança və digər silahlardan açılan atəş nəticəsində yaralanmış çoxsaylı erməni hərbçilərini gördüyünü deyirdi. Bu, “əlbəyaxa döyüş”lərin baş verdiyini deməyə əsas verirdi.
7 NOYABR: Əlverişsiz hava şəraiti Azərbaycan Ordusuna çətinliklər yaradırdı. Xüsusilə şəhər daxilindəki xüsusi təyinatlı qüvvələrə təchizatın çatdırılmasında problemlər vardı.
Bütün problemlərə rəğmən, xüsusi təyinatlı qruplar döyüşləri küçə-küçə davam etdirirdilər. Günorta saatlarında nəhayət, xüsusi təyinatlı qruplar tank əleyhinə idarəolunan raketlər də daxil olmaqla, əlavə təchizat aldılar. Bu təchizat vaxtında çatmışdı, çünki həmin qüvvələr Xankəndi istiqamətindən gözlənilən erməni əks-hücumlarını dəf etməli idilər. Saat 13:35-də Şuşa şəhər administrasiyasının binasını ələ keçirdikdən sonra xüsusi təyinatlılar qondarma “artsax bayrağını” endirərək üçrəngli Azərbaycan bayrağını qaldırdılar. Günün sonuna qədər xüsusi təyinatlı bölüklər şəhərin böyük hissəsinə nəzarəti təmin etmişdilər. Bununla belə, müqavimətin bir neçə ocağı, o cümlədən Laçın və Daşaltı istiqamətindən şəhərə daxil olan yolu müdafiə edən böyük erməni qüvvəsi hələ də qalırdı.
Xankəndi istiqamətindən böyük əks-hücum gözlənilirdi. Saat 19:00-da Ermənistanın quru qoşunları Xankəndidən 1000 nəfərə qədər əsgərin iştirak etdiyi genişmiqyaslı əks-hücuma başladılar. Lakin müdafiə mövqeyinə keçən xüsusi təyinatlılar artilleriya dəstəyi ilə hücumu dəf etdilər. Erməni hərbçilər çoxsaylı itkilər verdilər və geri çəkilməyə məcbur oldular. Bu, Ermənistanın Şuşanı əlində saxlamaq üçün sonuncu böyük cəhdi idi.
8 NOYABR: Səhər saat 08:00-dan başlayaraq erməni qüvvələri Şuşaya təxminən bir saat davam edən güclü artilleriya zərbələri endirdilər.
“İsgəndər” qısamənzilli ballistik raket komplekslərindən buraxılmış iki böyük raketin də atıldığına dair faktlar vardı. Bu, nəticə vermədi. Daha sonra Azərbaycan xüsusi təyinatlıları şəhərin təmizlənməsi əməliyyatlarını davam etdirdilər.

Prezident İlham Əliyevin Şuşanın azad edildiyi barədə bəyanatı ilə tarixi Zəfər elan edildi. Ermənistan əvvəlcə Şuşanın azad edildiyini təkzib etsə də, iki gün sonra Nikol Paşinyan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
ŞUŞA ƏMƏLİYYATININ HƏRB ELMİ ÜÇÜN PRESEDENTLƏRİ
Beynəlxalq araşdırmalarda ordu quruculuğunda Şuşa əməliyyatında ortaya çıxan nəticələrdən istifadə edilməsi tövsiyə olunur. Belə nəticələrin bir neçəsini təqdim edirik.
Nəticə 1: Kiçik şəhər və yaşayış məntəqələri də müharibədə taktiki və strateji baxımdan böyük əhəmiyyət kəsb edə bilər. Şuşanın Azərbaycan üçün tarixi əhəmiyyəti göstərir ki, müasir münaqişələrdə şəhərlər ərazilərinə görə yox, təmsil etdikləri dəyərlərə görə həlledicidir.
Nəticə 2: Müharibələr çox vaxt atəş gücü hesabına yox, birlik və mübarizə əzmi sayəsində qazanılır.
Nəticə 3: Xüsusi təyinatlı qüvvələrin nizami qüvvələrlə inteqrasiya edilmiş birlikləri effektiv nəticələr əldə etməyə imkan verir.

Nəticə 4: Ordunun böyük hissəsi şəhər döyüşləri üzrə hazırlıqlı olmalıdır. Azərbaycan 2014-cü ildən etibarən xüsusi təyinatlı qüvvələrinin şəhər döyüşləri üzrə hazırlığına start verib, təlimlərdə də maket şəhərlərdən istifadə olunub.
Nəticə 5: Ordunun böyük hissəsi dağ döyüşləri üzrə hazır olmalıdır. Azərbaycanın xüsusi təyinatlı qüvvələri mühitə uyğun əməliyyat həyata keçirmək üzrə peşəkar olduqlarını göstərdilər.
Nəticə 6: Şəhər döyüşlərində təchizat və təminat həyati əhəmiyyət daşıyır. Azərbaycan xüsusi təyinatlıları Şuşaya yalnız üzərlərində daşıya bildikləri təchizatla daxil olmuşdular. Bir gün sonra əlavə təchizata ehtiyac yarandı və onun vaxtında çatdırılması mühüm rol oynadı.
Nəticə 7: Şəhərə nəzarət təmin edildikdən dərhal sonra onun müdafiəsi təşkil edilməlidir. Şuşa əməliyyatı bunun presedentini təşkil edir.
Və nəhayət, peşəkarlıq say üstünlüyündən daha vacibdir. Şuşa döyüşləri bunun bariz nümunəsidir. Beynəlxalq ekspertlər qeyd edirlər ki, Şuşa döyüşü – qüvvələrin inteqrasiyası, təminat və relyefə uyğun hərəkətlə bağlı ortaya çıxan nümunələr gələcəkdə orduların qurulması və mürəkkəb şəhər döyüşlərinə hazırlıq prosesində nəzərə alınmalıdır.
Nəriman
"AzPolitika.info"


Şərhlər