Menu

AVTOMOBİLDƏN VELOSİPEDƏ KEÇİD NİYƏ ALINMIR? – Səbəblər AÇIQLANDI

07.11.2026, 09:43
AVTOMOBİLDƏN VELOSİPEDƏ KEÇİD NİYƏ ALINMIR? – Səbəblər AÇIQLANDI

Dünyanın bir çox şəhərində velosiped həm nəqliyyat vasitəsi, həm də sağlam həyat tərzinin mühüm elementi kimi geniş istifadə olunur. Azərbaycanda isə xüsusilə Bakı və digər böyük şəhərlərdə velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadə hələ də geniş yayılmayıb. Velosiped yollarının məhdudluğu, yol təhlükəsizliyi, infrastruktur problemləri və sürücülərin münasibəti bu nəqliyyat növünün inkişafına mane olan amillər sırasındadır. 

Bəs Azərbaycanda velosipedin gündəlik nəqliyyat vasitəsinə çevrilməsinə hansı amillər mane olur? Velosiped mədəniyyətinin formalaşması üçün şəhərlərdə hansı infrastruktur dəyişikliklərinə ehtiyac var?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, inkişaf etmiş ölkələrdə velosiped əhalinin mobilliyinin təmin olunmasında mühüm nəqliyyat vasitələrindən birinə çevrilib.

Onun sözlərinə görə, Avropa ölkələrində, Şərqi Asiyada, Yaponiyada, Çində, Vyetnamda və Sinqapurda velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi geniş istifadə olunur: "Bəzi şəhərlərdə velosipedin ümumi nəqliyyat hərəkətində payı 20 faizə yaxınlaşır və hətta bu göstəricini üstələyir. Azərbaycanda isə velosipeddən nəqliyyat vasitəsi kimi istifadə səviyyəsi olduqca aşağıdır və ümumi mobillikdə onun payı cüzi göstəricilərlə ifadə olunur. Ölkədə velosiped istifadəsinin genişləndirilməsi üçün bir neçə istiqamətdə kompleks tədbirlər həyata keçirilməlidir. İlk növbədə, Bakı və digər iri şəhərlərdə mikromobillik infrastrukturu təhlükəsizlik tələblərinə və müasir nəqliyyat planlaşdırılması prinsiplərinə uyğun inkişaf etdirilməlidir. Bu zaman təkcə mövcud problemlər deyil, şəhərlərin ən azı 30 illik inkişaf perspektivi nəzərə alınmalı, digər hərəkət iştirakçılarının maraqları da diqqətdə saxlanılmalıdır".

Ə.Hüseynov qeyd edib ki, digər vacib məsələ velosipeddən istifadənin cəmiyyətdə populyarlaşdırılması və bu nəqliyyat vasitəsi ilə bağlı mövcud stereotiplərin aradan qaldırılmasıdır: "Hazırda bir çox insan velosipedlə işə gedib-gəlməyi gündəlik həyatının bir hissəsi kimi təsəvvür etmir, hətta bəzi hallarda avtomobildən imtina edərək velosiped seçməyi fərqli yanaşma hesab edir. Halbuki velosiped həm ekoloji cəhətdən təmiz, həm iqtisadi baxımdan əlverişli, həm də sağlamlıq üçün faydalı nəqliyyat vasitəsidir. Onun saxlanılması və istifadəsi də digər nəqliyyat vasitələri ilə müqayisədə daha az xərc tələb edir. Velosiped mədəniyyətinin formalaşmasında tanınmış şəxslərin, ictimai xadimlərin və vəzifəli şəxslərin nümunəsi də mühüm rol oynaya bilər. Dünyanın müxtəlif ölkələrində parlament üzvləri, nazirlər və digər tanınmış şəxslər gündəlik işlərinə velosipedlə gedirlər. Belə nümunələrin Azərbaycanda da təşviq edilməsi velosiped istifadəsinə münasibətin dəyişməsinə və onun cəmiyyətdə daha geniş qəbul olunmasına kömək edə bilər".

Ekspertin fikrincə, velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi də əsas məsələlərdəndir: "Bunun üçün maarifləndirmə işləri aparılmalı, velosiped sürmək istəyənlərə müvafiq təlimlər keçirilməli, eyni zamanda digər hərəkət iştirakçıları, xüsusilə avtomobil sürücüləri velosipedçilərlə yolda davranış qaydalarını öyrənməlidirlər. Velosipedçilər də yol hərəkəti qaydalarına əməl etməli, öz təhlükəsizliklərini qorumaq üçün zəruri tədbirlər görməlidirlər. Qarşılıqlı diqqət və intizam yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır".

Ə.Hüseynov velosiped parkının formalaşdırılmasının da vacibliyinə diqqət çəkib. O deyib ki, münasib qiymətə keyfiyyətli və gündəlik istifadə üçün yararlı velosipedlərin satış imkanları genişləndirilməlidir. Tələbat artacağı təqdirdə bu sahədə fəaliyyət göstərən sahibkarlar bazarı qısa müddətdə müvafiq məhsullarla təmin edə bilərlər: "Velosipedlərin texniki qulluğu üçün də əlçatan şərait yaradılmalıdır. Bir sıra ölkələrdə velosipedçilərin istifadəsi üçün xüsusi xidmət məntəqələri fəaliyyət göstərir. Həmin məntəqələrdə kiçik ödənişlə və ya ödənişsiz şəkildə velosiped təkərlərinə hava vurmaq, xırda texniki nasazlıqları aradan qaldırmaq mümkündür. Azərbaycanda da belə xidmətlərin yaradılması velosiped istifadəsini daha rahat və əlverişli edə bilər.

Bununla yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində təhlükəsiz velosiped dayanacaqlarının yaradılması zəruridir. Mənzillərdə velosiped saxlamaq üçün hər zaman kifayət qədər yer olmur. Digər tərəfdən, velosipedlərin açıq ərazilərdə nəzarətsiz saxlanılması onların oğurlanması və zədələnməsi riskini artırır. Buna görə də yaşayış binalarının həyətlərində kifayət qədər sayda dayanacaq quraşdırılmalı, velosipedlərin kilidlənməsi üçün xüsusi vasitələr nəzərdə tutulmalıdır.

Eyni zamanda universitetlərin, ticarət mərkəzlərinin, metro stansiyalarının və insanların kütləvi toplaşdığı digər məkanların yaxınlığında velosiped dayanacaqlarının yaradılması vacibdir".

Oğuz Ayvaz

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol