Azərbaycanda 2027-ci il yanvarın 1-dən ev təsərrüfatlarının uçotu zamanı vətəndaşların mənzillərindəki kompüter, notbuk və planşetlərin sayı, növü, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq.
Yenilik ictimaiyyətdə bir sıra suallar doğurub: Evimizdə neçə kompüter və ya digər elektron cihazın olması ilə maraqlanmanın səbəbi nədir? Bu məlumatlar hansı məqsədlə istifadə ediləcək? Söhbət sadəcə ölkənin rəqəmsal inkişaf səviyyəsinin öyrənilməsindən gedir, yoxsa bu uçotun başqa məqsədləri də var?
Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, bu, yeni tətbiq olunan mexanizm deyil: "Söhbət Nazirlər Kabinetinin 23 may 2024-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilən ev təsərrüfatlarının uçotu qaydasından gedir. Burada əsas məqsəd əhalinin rəqəmsal inkişaf səviyyəsinin statistik baxımdan araşdırılmasıdır. Yəni hansı rayonlarda və hansı sosial qruplarda kompüter və internet imkanlarının zəif, hansılarda isə daha yüksək olduğunu müəyyənləşdirmək üçün müvafiq uçot aparılır:
Eyni zamanda, toplanan məlumatlar beynəlxalq hesabatların hazırlanması baxımından da əhəmiyyətlidir. Azərbaycanın əhalisinin kompüter və internetlə təmin olunma səviyyəsinin beynəlxalq göstəricilərdə dəqiq əks etdirilməsi üçün statistik məlumatların toplanması vacibdir. 2025-ci ilin göstəricilərinə nəzər saldıqda da ev təsərrüfatlarında olan kompüterlərin sayı, növləri, internetə çıxış imkanları və regionlar üzrə bölgüsü ayrıca statistik göstəricilər kimi təqdim olunur. Əvvəllər də bu sahədə müəyyən məlumatlar mövcud olub. Lakin onların dəqiq və sistemli şəkildə uçotunun aparılması ilə bağlı boşluqlar var idi. Dövlət Statistika Komitəsinin rəsmi hesabatlarında ev təsərrüfatlarında olan kompüterlərin sayı, növləri və internetə çıxış imkanları barədə məlumatlar dərc edilir. Buna görə də hesab edirəm ki, hazırkı prosesi vətəndaşların şəxsi mülkiyyətinin inventarlaşdırılması kimi təqdim etmək düzgün deyil. Dövlətin statistik məlumat toplaması şəxsi əmlakın inventarlaşdırılması demək deyil. Burada əsasən kompüterlərin sayı və növü, internetə çıxışın olub-olmaması, eləcə də internetə qoşulma üsulları araşdırılır. Məqsəd statistik məlumatların toplanmasıdır. Bununla belə, ictimaiyyətin narahatlığını da anlamaq mümkündür. Çünki müəyyən suallar yaranır: Toplanan məlumatlardan hansı qurumlar istifadə edəcək? Bu informasiyalar ailələr üzrə fərdi bazada saxlanılacaq, yoxsa anonim statistik məlumatlar şəklində qorunacaq? Onların üçüncü şəxslərə ötürülməsinin qarşısı hansı mexanizmlərlə alınacaq? Bu məsələlərə aydınlıq gətirilməsi vacibdir. Çünki söhbət statistik məlumatlardan getsə də, onların müəyyən hissəsi şəxsi həyatın toxunulmazlığı ilə bağlı həssas məqamları əhatə edə bilər. Bununla belə, hesab etmirəm ki, sözügedən uçot vətəndaşların şəxsi mülkiyyətinin inventarlaşdırılması məqsədi daşıyır. Əsas məqsəd rəqəmsal imkanların, internetə çıxış səviyyəsinin və əhalinin informasiya texnologiyalarından istifadə şəraitinin statistik qiymətləndirilməsidir. Toplanan məlumatlar, ilk növbədə, regionların inkişafı ilə bağlı təhlillərin aparılmasına xidmət edir. Bu prosesi ev təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanların, eləcə də quşların sayının və təsərrüfatlardakı payının müəyyənləşdirilməsi ilə müqayisə etmək olar. Bütün bunlar adi statistik uçotun tərkib hissəsidir. Ona görə də məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır. Bir daha qeyd edim ki, uçot Nazirlər Kabinetinin müvafiq qərarı əsasında həyata keçirilir. Hökumətin qarşıdakı illər üçün müəyyənləşdirdiyi strateji hədəflər arasında rəqəmsallaşma və əhalinin internetə çıxış imkanlarının yaxşılaşdırılması mühüm yer tutur. Bu gün rəqəmsallaşma iqtisadi inkişafın əsas infrastruktur istiqamətlərindən birinə çevrilib".

Ekspertin sözlərinə görə, əgər 15 il əvvəl regionların inkişafından danışarkən əsasən yolların çəkilməsi, elektrik enerjisi və qaz təminatının yaxşılaşdırılması kimi məsələləri nəzərdə tuturduqsa, müasir dövrdə bu anlayışa internetə çıxış və rəqəmsal xidmətlərin əlçatanlığı da daxil edilməlidir. İnternet imkanları genişləndirilmədən regionlarda hərtərəfli inkişafı təmin etmək mümkün deyil: "Məhz buna görə də hökumət mövcud vəziyyəti qiymətləndirmək, zəif nöqtələri müəyyənləşdirmək və ehtiyac olan ərazilərə daha çox investisiya yönəltmək üçün statistik məlumatlar toplamağa çalışır. Bu məsələ Dünya Bankı ilə aparılan müzakirələrdə də gündəmə gəlib. Rəqəmsallaşma, internet xidmətlərinin əlçatanlığı, istifadəçilərin yalnız bir provayderdən deyil, müxtəlif provayderlərdən xidmət almaq imkanlarının genişləndirilməsi və rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb, pilot layihələr həyata keçirilib. Lakin hökumətin bu sahədə qərarlarını əsaslandırması üçün daha dəqiq statistik göstəricilərə ehtiyacı var. Yeni uçot həm beynəlxalq təşkilatlarla əməkdaşlıq, həm də ölkə daxilində rəqəmsal infrastrukturun inkişafı baxımından əhəmiyyət daşıyır. Düşünürəm ki, toplanan məlumatlar əsasında hökumət regionların rəqəmsal inkişafı ilə bağlı daha məqsədyönlü addımlar ata, investisiya proqramlarının istiqamətlərini və prioritetlərini müəyyənləşdirə biləcək. Bu baxımdan, uçotun əsas məqsədi vətəndaşların əmlakını yoxlamaq deyil, ölkədə rəqəmsal imkanların real vəziyyətini öyrənmək və mövcud problemlərin həlli üçün müvafiq tədbirlər görməkdir".
Müşviq Tofiqoğlu
"AzPolitika.info"


Şərhlər