Menu

Ərdoğanın “Dünya beşdən böyükdür” planı yenidən gündəmdə: Türkiyəni nə gözləyir?

06.11.2026, 15:38
Ərdoğanın “Dünya beşdən böyükdür” planı yenidən gündəmdə: Türkiyəni nə gözləyir?

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış “Məkkə sazişi”nin Türkiyə Böyük Millət Məclisində təsdiqlənməsi Ankaranın Yaxın Şərqdəki təhlükəsizlik öhdəlikləri ilə bağlı mühüm suallar yaradıb. Sazişə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum digər iki dövlətə qarşı da hücum kimi qiymətləndiriləcək. Bu isə Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasında mümkün qarşıdurma fonunda Türkiyənin də münaqişəyə cəlb olunması ehtimalını gündəmə gətirir. Bəs Ankara müttəfiqini qorumaq üçün hərbi əməliyyatlara qoşulmağa məcbur qala bilərmi? Türkiyənin Husilərlə mümkün qarşıdurması İranla münasibətlərə, Qırmızı dənizdə təhlükəsizliyə və bütövlükdə Yaxın Şərqdəki güc balansına necə təsir göstərər? Belə bir ssenari Türkiyə və region üçün hansı geosiyasi və hərbi risklər yaradar?

Mövzu ilə bağlı "Azpolitika"ya danışan politoloq Əhəd Məmmədli bildirib ki, dünyada böyük dövlətlərdən biri də məhz Amerika Birləşmiş Ştatlarıdır:

"ABŞ İkinci Dünya müharibəsində iştirak edib, NATO-nun yaradılmasında mühüm rol oynayıb, hərbi-siyasi gücünü genişləndirərək dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Rusiya da ərazilərinin böyük hissəsini əsrlər boyu apardığı müharibələr və genişlənmə siyasəti nəticəsində əldə edib. Yəni tarix göstərir ki, böyük dövlətə çevrilmək üçün uzunmüddətli mübarizə, siyasi iradə və güc nümayişi tələb olunur. Türkiyənin də qarşısına qoyduğu hədəf təkcə regionda deyil, qlobal miqyasda aparıcı güclərdən birinə çevrilməkdir. Bu məqsədlə Ankara Suriyada, Liviyada, Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada və Balkanlarda fəallığını artırır. Türkiyə keçmiş Osmanlı coğrafiyasında nüfuzunu yenidən gücləndirməyə, beynəlxalq mövqelərini möhkəmləndirməyə çalışır. Bu baxımdan yeni sazişlərin imzalanması, müxtəlif regionlarda siyasi və hərbi təsirin genişləndirilməsi Ankaranın strategiyasının əsas istiqamətlərindəndir. Yəmən də bu kontekstdə diqqət çəkən ölkələrdən biridir. Vaxtilə əsrlər boyu "Osmanlı"nın tərkibində olan Yəmən həmin dövrdə imperiyanın mühüm vilayətlərindən sayılırdı. Bu gün Türkiyənin həmin coğrafiyada yenidən fəallıq göstərməsi tarixi əlaqələrini və regional maraqlarını möhkəmləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Prezident Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” bəyanatı da Türkiyənin beynəlxalq sistemdə daha güclü mövqe tutmaq istəyini ifadə edir. Ankara BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün dünya siyasətindəki müstəsna mövqeyinin dəyişməsini, Türkiyənin də qlobal qərarların qəbulunda daha təsirli aktora çevrilməsini istəyir".


Politoloqun sözlərinə görə, Türkiyənin Səudiyyə Ərəbistanı, Pakistan və Banqladeş kimi ölkələrlə əlaqələri, eləcə də İranla apardığı müzakirələr bu strategiyanın tərkib hissəsi kimi dəyərləndirilə bilər:

"Məkkə sazişi və digər regional razılaşmaların imzalanması da Ankaranın bu istiqamətdəki fəaliyyətinin göstəricilərindəndir. Yəmən məsələsi də tərəflər arasında müzakirə olunan mövzulardan biridir. Bu məsələdə İranın mövqeyi xüsusi əhəmiyyət daşıyır. Türkiyənin Yəməndə gələcək iştirakının hansı formada olacağı müəyyən mənada Tehranın yanaşmasından da asılıdır. İranın konstruktiv mövqe nümayiş etdirməsi regional əməkdaşlıq imkanlarını genişləndirə və mümkün qarşıdurma risklərini azalda bilər. Nəticə etibarilə, Türkiyənin həm Yəməndə, həm də digər regionlarda gələcək rolunu bir neçə amil müəyyənləşdirəcək. Bunlara İranın mövqeyi, regional və beynəlxalq proseslərin inkişaf istiqaməti, eləcə də Ərdoğan hakimiyyətindən sonra AKP-nin mövcud siyasi kursu davam etdirib-etdirməyəcəyi daxildir. Məhz bu amillər Türkiyənin gələcəkdə yalnız regional güc olaraq qalacağını, yoxsa qlobal miqyasda söz sahibi olan dövlətlər sırasına yüksələcəyini müəyyənləşdirəcək".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol