Menu

AQRAR SEKTORDA YENİ DÖVR - 100%-lik güzəşt ləğv edilir, şəffaflıq tələbləri sərtləşir

06.11.2026, 16:15
AQRAR SEKTORDA YENİ DÖVR - 100%-lik güzəşt ləğv edilir, şəffaflıq tələbləri sərtləşir

Azərbaycanda kənd təsərrüfatı sektoruna dövlət dəstəyi mexanizmlərində və vergitutma siyasətində mühüm keçid dövrü başlayır. Vergi Məcəlləsinə təklif olunan yeni dəyişikliklər layihəsi aqrar sahədə uzun illər tətbiq olunan tam vergi azadolmalarının tədricən ləğv edilməsini və sektorun ümumi vergi sisteminə inteqrasiyasını nəzərdə tutur.

Ekspertlərin fikrincə, bu addım həm dövlət büdcəsinin gəlirlərinin artmasına, həm də kənd təsərrüfatında şəffaflığın və rəsmi uçotun gücləndirilməsinə xidmət edir.

İndiyə qədər aqrar sahədə fəaliyyət göstərən subyektlər gəlir və mənfəət vergilərindən tam şəkildə (100%) azad idilər. Layihəyə əsasən, bu tam azadolma ləğv edilir.

2027-ci il yanvarın 1-dən etibarən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi tətbiq olunacaq. Bu o deməkdir ki, kənd təsərrüfatı istehsalçılarının əldə etdikləri gəlir və ya mənfəətin cəmi 10 faizlik hissəsi vergiyə cəlb ediləcək, qalan 90 faizlik hissəyə isə vergi güzəşti şamil olunacaq. Bu, sektorda tədrici vergi mədəniyyətinin formalaşdırılmasına zəmin yaradır.

Aqrar sahədə fəaliyyət göstərən hüquqi şəxslərin təsisçilərinin dividend gəlirlərinə tətbiq olunan vergi azadolmasının müddəti uzadılmır.

Növbəti ildən etibarən bu cür dividend gəlirləri ümumi qanunvericilikdə nəzərdə tutulmuş azadolmalar nəzərə alınmaqla 5 faiz dərəcə ilə vergiyə cəlb olunacaq.

Sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində 2027-ci il yanvarın 1-dən yenə də 5 il müddətinə saxlanılır.

Lakin bu güzəştdən yararlanmaq üçün ciddi şərt irəli sürülür: güzəştlər yalnız o zaman tətbiq olunacaq ki, istehsalçılar Kənd Təsərrüfatı Nazirliyinin Elektron İdarəetmə İnformasiya Sistemində (EKTİS) qeydiyyatda olsunlar və əldə etdikləri gəlirləri müvafiq mənfəət vergi bəyannamələrində rəsmi şəkildə bəyan etsinlər.

Təklif olunan dəyişikliklər göstərir ki, dövlət aqrar sektora verilən güzəştləri tamamilə ləğv etməsə də, onları daha ünvanlı, şəffaf və nəzarət olunan müstəviyə keçirir. Fermerlər və kənd təsərrüfatı müəssisələri qarşısında rəsmi uçotun aparılması və EKTİS sistemində tam aktivlik tələbi qoyulur ki, bu da gələcəkdə qeyri-rəsmi dövriyyənin daralmasına və sahənin iqtisadiyyatın ağ leqal sektoruna daha sıx inteqrasiyasına səbəb olacaq.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol