Akif Nəsirli: “Dövlət qulluğunda vəzifə tutmaq özü-özlüyündə 10 min manatlıq pensiya yaratmır, əsas məsələ…”
Azərbaycanda təxminən hər 10 nəfərdən biri pensiya alır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə ölkədə 1 milyon 100 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10,7 faizinə bərabərdir. Həmin tarixdə təyin edilmiş aylıq pensiyaların orta məbləği 594,4 manat olub. Sentyabrın 1-nə isə Dövlət Sosial Müdafiə Fondu orta aylıq pensiyanın 596 manata, yaşa görə orta pensiyanın isə 634 manata çatdığını açıqlayıb.
Lakin bu orta rəqəmin arxasında kifayət qədər fərqli pensiya məbləğləri dayanır. Xüsusilə müəyyən vəzifələrdə və peşələrdə çalışmış şəxslər üçün pensiyanın hesablanması adi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların pensiyasından xeyli fərqlənir.
Bəs maraqlıdır, Azərbaycanda kimlər daha yüksək pensiya almaq imkanına malikdir?
Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2026-cı ilin avqustunda Azərbaycanda 152 023 nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb. Onların 116 068 nəfəri yaşa, 12 894 nəfəri əlilliyə, 23 061 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, seçkili vəzifəli şəxslərin, Mərkəzi Seçki Komissiyası və Hesablama Palatası üzvlərinin, ağır və zərərli sahələrdə çalışan şəxslərin və digər xüsusi kateqoriyaların pensiyalarının təyin edilməsini həyata keçirir.
Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində sabiq hakimlərin əmək pensiyasına qulluq stajına görə əlavələr nəzərdə tutulur. Qanuna görə, 15 il hakim işləmiş sabiq hakimə hakim vəzifəsində aldığı orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə nəzərdə tutulur. 15 ildən artıq hakimlik stajı olduqda isə hər əlavə il üçün həmin orta aylıq əməkhaqqının 3 faizi də hesablanır.
Oxşar mexanizm prokurorluq işçilərinə də tətbiq olunur. Qanunun 20.8-ci maddəsinə əsasən, 15 il prokurorluq orqanlarında qulluq etmiş şəxslərə orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə hesablanır. 15 ildən yuxarı qulluq stajına görə isə hər əlavə il üçün orta aylıq əməkhaqqının 3 faizi əlavə olunur.
Yüksək pensiya imkanına malik digər qruplardan biri də sabiq deputatlardır. Qanunvericilik sabiq deputatların pensiya təminatı üçün ayrıca mexanizm müəyyən edib. Milli Məclisin fəaliyyətdə olan deputatının orta aylıq əməkhaqqının 80 faizi səviyyəsində təminat mexanizmi nəzərdə tutulur və deputatın əməkhaqqında sonrakı dəyişikliklər də nəzərə alınır.
Dövlət qulluqçuları da xüsusi pensiya mexanizminin tətbiq olunduğu qruplar arasındadır. Qanunun müvafiq müddəalarına əsasən, dövlət qulluğunda müəyyən edilmiş staja malik şəxslərin pensiyasına qulluq stajına görə əlavə hesablanması mümkündür. Bu hesablamada dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl 60 ayı ərzində dövlət məvacibinin orta aylıq məbləği nəzərə alınır.
Yüksək pensiya məsələsində ən böyük xüsusi kateqoriyalardan biri də hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə aid edilib. Bu qrupa müxtəlif hüquq-mühafizə və təhlükəsizlik strukturlarında xüsusi rütbə ilə xidmət edən şəxslər də daxil ola bilər.
Qeyd edək ki, müxtəlif illərdə Azərbaycan mətbuatında sabiq yüksək vəzifəli şəxslərin bir neçə min manat pensiya aldığı barədə məlumatlar dərc olunub. Məsələn, əvvəlki illərdə mediada bəzi sabiq yüksək vəzifəli şəxslərin – Hacıbala Abutalıbovun, Əli Həsənovun, Abel Məhərrəmovun 3 500–4 000 manat civarında pensiya aldığı barədə məlumatlar yayılmışdı.

Bu barədə Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “AzPolitika”ya bildirib ki, Azərbaycanda yüksək məbləğdə əmək pensiyasının formalaşması, əsasən, şəxsin peşəsinin adından deyil, onun əmək fəaliyyəti dövründəki sığorta göstəricilərindən, əmək haqqından, stajından və bəzi kateqoriyalar üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi pensiya təminatı qaydalarından asılıdır: “Yəni sırf hansısa peşədə işləyib deyə avtomatik olaraq həmin adama 10 min manat pensiya təyin olunmur. Bununla belə, müəyyən dövlət və xüsusi xidmət sahələrində çalışanlar üçün fərqli hesablanma mexanizmləri mövcuddur. Adi əmək pensiyalarında əsas amillərdən biri şəxsin fərdi hesabında toplanmış pensiya kapitalıdır. Yüksək rəsmi əməkhaqqı alan və uzun müddət yüksək məbləğdə sosial sığorta haqqı ödəyən şəxsin pensiyası da müvafiq olaraq yüksək ola bilər. Burada uzunmüddətli sığorta stajı da əhəmiyyətlidir. Buna görə yüksək pensiya ilə yüksək gəlirli əmək fəaliyyəti arasında birbaşa əlaqə var”.
Ekspert qeyd edir ki, 10 min manat və daha yüksək pensiyalar məsələsində xüsusi pensiya təminatı olan kateqoriyaları ayrıca nəzərə almaq lazımdır: “Hərbi qulluqçular və bəzi xüsusi rütbəli şəxslər üçün pensiyanın hesablanması adi mülki əmək pensiyalarından fərqlənir. Məsələn, hərbi qulluqçular üçün xidmət müddəti və təminat xərcliyi nəzərə alınır və qanunvericilikdə müəyyən edilmiş əlavə hesablamalar tətbiq olunur. Mövcud qaydalarda 2017-ci ildən sonrakı dövr üzrə müəyyən xidmət illəri üçün təminat xərcliyinin 2 faizi, əvvəlki dövrün müəyyən hissəsi üzrə isə 3 faizi əsasında əlavələrin hesablanması kimi mexanizmlər var. Bu səbəbdən yüksək pensiya alanların arasında hərbi qulluqçuların, xüsusi rütbəli hüquq-mühafizə və digər xidmət sahələrində çalışmış şəxslərin, eləcə də qanunvericiliklə xüsusi təminat hüququ olan bəzi yüksək vəzifəli şəxslərin olması mümkündür”.
“Dövlət qulluğunda vəzifə tutmaq özü-özlüyündə 10 min manatlıq pensiya yaratmır. Əsas məsələ həmin şəxsin hansı pensiya rejiminə düşməsi, əməkhaqqı və ya təminat xərcliyinin səviyyəsi, xidmət müddəti və qanunla müəyyən edilmiş əlavə hüquqlardır. Burada əsas problem pensiyalar arasında böyük fərqin yaranmasıdır. Bir tərəfdə uzun illər nisbətən aşağı əməkhaqqı ilə çalışmış və nəticədə 400–600 manat civarında pensiya alan böyük sayda insan var, digər tərəfdə isə xüsusi xidmət və ya yüksək gəlirli fəaliyyət nəticəsində dəfələrlə yüksək pensiya alan şəxslər mövcuddur. Bu fərqin bir hissəsi sığorta prinsipindən irəli gəlir – kim daha çox və daha uzun müddət sosial sığorta ödəyibsə, onun daha yüksək pensiya alması müəyyən mənada həmin sistemin məntiqinə uyğundur. Digər tərəfdən, xüsusi pensiya rejimləri bu fərqi daha da böyüdə bilir”, – deyə ekspert qeyd edib.
A. Nəsirlinin sözlərinə görə, indeksasiya mexanizminin də sosial nəticələri ayrıca müzakirə oluna bilər: “Hazırda pensiyaların indeksləşdirilməsi müəyyən edilmiş qaydada bütün pensiya məbləğlərinə tətbiq edilir. Məsələn, 2026-cı ildə 2026-cı il yanvarın 1-dək təyin edilmiş pensiyalar 2025-ci ildə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq 9,3 faiz artırılıb. Eyni faiz prinsipi tətbiq ediləndə isə məbləğ fərqi avtomatik olaraq qorunur, hətta manat ifadəsində fərq böyüyür. Məsələn, 500 manat pensiyaya 10 faiz artım 50 manat, 10 min manat pensiyaya 10 faiz artım isə 1000 manat əlavə edir. Deməli, faiz eyni olsa da, sosial nəticə eyni deyil. Məsələn, aşağı pensiyaların daha yüksək faizlə, çox yüksək pensiyaların isə daha aşağı faizlə indeksləşdirilməsi müəyyən müddət ərzində pensiyalar arasındakı fərqin tədricən azalmasına imkan verə bilər. Belə yanaşmada məqsəd yüksək pensiya alan şəxsin qazandığı pensiya hüququnu birdən-birə azaltmaq yox, yeni artımların sosial baxımdan daha çox aşağı gəlirli pensiyaçılara yönəldilməsidir”.
Ekspert qeyd edir ki, belə mexanizm tətbiq olunacaqsa, burada balans qorunmalıdır: “Çünki pensiya həm də insanın əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqlarının nəticəsidir. Yüksək pensiya alan şəxslərin pensiyasının artımını həddindən artıq məhdudlaşdırmaq sığorta prinsipi ilə ziddiyyət yarada bilər. Daha məntiqli yanaşma minimum və aşağı pensiyaların daha sürətlə artırılması, orta pensiyaların orta templə indeksləşdirilməsi, çox yüksək pensiyalarda isə daha aşağı artım faizinin tətbiqi kimi mərhələli model ola bilər”.
E. Bəyməmmədli
"AzPolitika.info"


Şərhlər
Məncə pensiyalar faizlə yox, məbləğlə artmalıdır. 10 faiz artanda 3000 manat alan 3300 manat alacaq, 400 manat alan 440 manat alacaq. Amma inflyasiya hamı üçün birdir. Qiymətlər hamı üçün bir məbləğdə qalxıb
Ümumiyyətlə orta aylıq pensiya termini ləğv edilməlidir.Bu deyim heç nəyi ifadə etmir.Bir minimum pensiya, bir də maksimum ola bilər.
Pensiya artımı da qrafiklə aşağıdan yuxarıya doğru artırılmalıdır.Ümumi nəzərdə tutulan artım vəsaiti ədalətlə pensiyalara əlavə edilməlidir.Belə ki, 380 manat minimum pensiya 20 faiz, yuxarıya getdikcə şkala üzrə azalan faizlə artmalıdır.10 min alan 1.5 faiz artım almalıdır.Və bir neçə il ərzində qismən də olsa sosial ədalət bərpa olunmalıdır.
62 yaşım var ümumi təhsil illəri nəzərə alinarsa 40 ildən çox iş stajım var 19 ili dövlət qulluğudur 2026 ilin dekabr ayında ixtisara düşdüm indi nə işə götürmürlər yaşım çoxdu pensiya üçündə cavan hesab olunuram.Pensiya sistemi çox ədalətsizdi.Allah insaf versin .
HAKIMLER 8800 MANAT PENSIYA ALIR.
Nə qədər ədalətsiz qanunların hökm sürdüyü bir ölkədə yaşayırıq. ....
Soruşursunuz ki, "AZƏRBAYCANDA ƏN YÜKSƏK PENSİYANI KİMLƏR ALIR?"...Ən çox pensiyanı, keçmiş və işləyirsə indiki nazirlər, Komtə sədrləri, Deputatlar, Hakimlər, Hüquq-mühafizə orqan işçiləri alırlar...
2020 ci ildə güzəştli şətlərlə 57 yaşında əmək pensiyasına cıxmışam yığım kapitalım 102000 idi böldülər 240 pensiyam oldu 427 manat 2021 ci ildəndə səhhətimlə əlaqədər olaraq işdən öz ərizəmlə işdən cıxdım iş stsjımda 41 il indi bu hansı ədalətdir ki, 240 bölünməsi.?
30il zəhərli zavodda işləmişəm, 2004-cü ildə 52 yaşında pensiyaya çıxmışam hal - hazırda 458 AZN pensiya alıram. Heç nəyə çatmır.Xəstəlik bir yandan, kamunal bir tərəfdən .Budurmu sosial ədalət.
Mənim qizim 7 yaşli Leylimova Məryəm İsa qizi. 11 ayliqindan 3 dəfə aciq urək əməliyyati olaraq urəyi kardiostimiluyatorla yasayir. Orqanizminin 90%-işləmir.Həmdə Heydər Əliyev fondunun uzvudur. 1 ci qurup muddətsiz əlil uşaqi daima dərmanla saxlayiram onun pensiyasini kirayələr və kominallara verirəm. Prezidentimiz buyurubki, onlara siginacaq verin, hara gedirəm onada baxanim yoxdur. Sosialda vermirlər. Bəs mən onun pensiyasi 670 manat olsada onu heçbir şeyə çatdira bilmirəm. Mən nə edim? Siz deyin
Bizim pensiya sistemi tam ədalətsiz bir sistemdir ki, onun da "memarı", vaxtilə cinayət işi açılmış hazırda şərti həbs cəzası yaşayan, Səlim Müslümovdur...Belə ki, pensiya sistemində minimal pensiya ilə maksimal pensiya arasındakı nisbət 2:1-dən artıq olmamalıdır. Yəni ki, bu günkü reallığı nəzərə alaraq, minimal pensiya 500-750 manat olarsa, maksimal pensiya 1000-1500 manatdan artıq olmamalıdır və bu da olar sosial ədalətli pensiya sistemi...Bəyənmədiyimiz, Sovet dönəmində minimal pensiya 70 rubl, maksimal pensiya isə 120 rubl idi və tam doğru bir sosial ədalətli bir pensya sistemi idi...İnsan 65 yaşa çatıb və qocalığa görə pensiyaya çıxıbsa, ömrünün son illərini yaşayır və aldığı 220-400 mana minimal pensyası dava-dərmanına, kommunal ödənişlərinə, qidalanmasına çatmır, başqa birisi 2-3-5 min və hətta bundan da çox, bəzən 8-10 min pensiya alır...buyurun belə pensiya sistemi nə qədər "Sosial ədalətlidir"...
Pensiyalar yaşa görə düz sayılmır , xahiş edirəm düzgün sayılsın . Məndə 44 il iş stajım var , və məndə 2006-ci ildən bu günə kimi 2026 -ci ilə qədər 35156 pensiya kapitalı hesablanıb.Mən nə qədər pensiya yaşa görə alacağam?
2006 cı ilə qədər mənim 33 il,rəhmətlik yoldaşımın 51 il 9 ay stajı var.Hazırda 454 manat pensiya alıram.Şəkər zob böyrək xəstəsiyəm.İndi də sepsis və insult keçirmişəm.Müalicə ola bilmirəm.