Türkiyədə qida məhsullarında istifadə olunan aroma vericilərlə bağlı yeni qaydaların qüvvəyə minməsi bu maddələrin mənbəyi və təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Yeni tələblərlə donuz və həşərat mənşəli aroma vericilərin istifadəsinə məhdudiyyətlər tətbiq edilir, bəzi aroma maddələrinin istifadəsi dayandırılır və “təbii” ifadəsinin işlədilməsi üçün daha konkret şərtlər müəyyənləşdirilir. Azərbaycanda da qida məhsullarının tərkibi, əlavələrin təhlükəsizliyi və istehlakçının düzgün məlumatlandırılması qanunvericiliklə tənzimlənir.
Bəs Türkiyədəki yeni yanaşmaya bənzər məhdudiyyətlərin Azərbaycanda tətbiqinə ehtiyac varmı? Azərbaycanda donuz və həşərat mənşəli aroma vericilərin istifadəsi ilə bağlı ayrıca qadağanın tətbiqi nə dərəcədə əsaslıdır? İstehlakçının məhsulun tərkibi və aroma vericilərin mənşəyi barədə daha aydın məlumatlandırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan Azərbaycan Mütəxəssislər Assosiasiyasının İdarə Heyətinin üzvü, qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov bildirib ki, aroma vericilərin mənbəyinə yalnız onların təhlükəli və ya təhlükəsiz olması prizmasından yanaşmaq düzgün deyil.

Onun sözlərinə görə, məhsulun təhlükəsizliyi ayrı məsələ, istehlakçının məlumatlandırılması və seçim hüququ isə tamamilə başqa məsələdir: “Aroma vericinin mənbəyi heyvani və ya həşərat mənşəlidirsə və bu amil istehlakçının dini, etik və ya şəxsi seçiminə təsir göstərə bilərsə, həmin məlumatın etiketdə daha aydın və şəffaf şəkildə göstərilməsi məqsədəuyğundur. Azərbaycanda da Türkiyə nümunəsi müzakirə edilə bilər. Lakin bu məsələdə qərar elmi risk qiymətləndirilməsi, istehlakçı hüquqları və beynəlxalq standartlar əsasında qəbul edilməlidir. Burada əsas məsələ donuz və ya həşərat mənşəli maddələrin təhlükəli olub-olmaması deyil. Hər hansı maddənin heyvan və ya həşərat mənşəli olması avtomatik olaraq onun toksik və ya sağlamlıq üçün təhlükəli olduğu anlamına gəlmir”, – deyə mütəxəssis qeyd edib.
Ekspert qeyd edib ki, belə məhsulların mənşəyinin etiketdə göstərilməsi, ilk növbədə, istehlakçıların seçim hüququnun qorunması baxımından əhəmiyyətlidir: “Veqan istehlakçılar heyvan mənşəli məhsullardan istifadə etmək istəməyə bilərlər. Eyni zamanda, dini inanclarına görə müəyyən məhsullardan, o cümlədən donuz mənşəli komponentlərdən uzaq duran insanlar var. Buna görə də məhsulun tərkibində heyvan və ya həşərat mənşəli maddə varsa, bunun etiketdə aydın şəkildə göstərilməsi vacibdir”.
Ağa Salamov jelatini nümunə gətirərək qeyd edib ki, məhsulun tərkibində donuz sümüyündən əldə edilmiş jelatindən istifadə olunursa, bu barədə istehlakçıya məlumat verilməlidir. Eyni yanaşmanın həşəratlardan əldə edilən bəzi qatqı maddələrinə də tətbiq olunmasının vacib olduğunu vurğulayıb: “İstehlakçı məhsulun üzərində sadəcə “aroma verici” ifadəsini görməklə həmin maddənin nə mənşəli olduğunu bilməyə bilər. Bu baxımdan yalnız “aroma verici” yazılması kifayət deyil. Əgər həmin maddə heyvan, bitki, həşərat və ya sintetik mənşəlidirsə, bununla bağlı məlumatın etiketdə əks olunması istehlakçının məlumatlı seçim etməsinə imkan verər”.
O əlavə edib ki, “təbii aroma” ifadəsi də istehlakçı üçün kifayət qədər aydın olmaya bilər: “Belə hallarda aromanın hansı xammaldan, o cümlədən meyvə və ya digər bitki mənşəli mənbədən əldə edildiyinin göstərilməsi şəffaflığın təmin edilməsi baxımından əhəmiyyət daşıyır”.
Mütəxəssis hesab edir ki, məhsulların etiketində onların tərkibində istifadə olunan aroma vericilərin və digər qatqı maddələrinin mənşəyi barədə daha ətraflı məlumatın təqdim edilməsi istehlakçıların hüquqlarının qorunmasına xidmət edə bilər.
Oğuz Ayvaz
"AzPolitika. info"


Şərhlər