Menu

Xətainin heykəlindəki YAZI İLƏ BAĞLI RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

29.09.2026, 15:59
Xətainin heykəlindəki YAZI İLƏ BAĞLI RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Şah İsmayl Xətainin Bakıdakı abidəsinin postamentinin üzərindəki lövhədəki əlavə yazı məsələsi araşdırılır.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, paytaxtın Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan hər hansı əlavə yazı, element və ya müdaxilənin edilməsi yolverilməzdir. Belə müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb olur".

Bildirilib ki, heykəlin postamentinin üzərindəki lövhədə yer alan sözügedən yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır:

"Eyni zamanda məsələ müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, həmçinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, sosial mediada sözügedən abidənin üzərində müəllifin abidəni ailə üzvlərinə həsr etməsi ilə bağlı qeydi müzakirələrə səbəb olub.

***

Sosial şəbəkədə Bakı şəhərindəki Yusif Səfərov küçəsində yerləşən Şah İsmayıl Xətainin heykəli ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.

"AzPolitika" Modern.az-a istinadla xəbər verir ki, ictimai fəal Sənan Nəcəfov Xətainin heykəlinin fotolarını sosial şəbəkədə paylaşaraq abidənin üzərindəki bir yazıya diqqət çəkib.

O bildirib ki, heykəlin üzərindəki "ŞAH İSMAYIL XƏTAİ" sözü yazılmış və kənarları xüsusi ornamentlərlə bəzədilmiş metal lövhədə kiçik hərflərlə "посвящается внуку Исмаилу Aтакушеву - Ибрагим Зейналов" ("nəvəm İsmayıl Atakuşevə həsr olunur - İbrahim Zeynalov") cümləsi də yazılıb.

S.Nəcəfov dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsinə icazənin verilib-verilmədiyini sual edib.

"İkincisi, abidə tarixi şəxsiyyətə - Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətaiyə həsr olunub. Belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək nə dərəcədə doğrudur?

Mən bildiyim budur: Rəsmi qaydada dövlət vəsaiti ilə ucaldılan monumental abidələrin üzərinə müəlliflərin öz şəxsi ailə üzvlərini, nəvələrini yad etməsi üçün hər hansı xüsusi dövlət icazəsi mövcud deyil və bu, adətən qanunvericiliyə, eləcə də memarlıq-estetik standartlara ziddir.

Digər tərəfdən, belə miqyaslı rəsmi abidələrdən şəxsi xatirə məqsədilə istifadə etmək yaradıcı intizamın və peşəkar etikanın pozulması kimi qiymətləndirilir. Adətən bu cür detallar dövlət komissiyasının qəbulundan gizli şəkildə, sonradan əlavə oluna bilir", - deyə S.Nəcəfov qeyd edib.

Məsələyə sosial şəbəkədəki digər izləyicilərlə yanaşı, Xətai rayonun keçmiş icra başçısı (16 avqust 1992 - 12 iyul 1993) Zəlimxan Məmmədli də münasibət bildirib. O deyib ki, həmin yazı abidəyə sonradan əlavə olunub və bunu düzgün hesab etmir:

"Bu abidəni 1992-ci ilin sonlarında Xətai rayonun icra başçısı olaraq mən sifariş etmişəm. Abidənin açılışı isə 1993-cü ilin iyun ayında baş tutub. İbrahim Zeynalov abidənin müəllifidir. O abidənin açılışının mitinqini şəxsən mən etmişəm, lenti rəhmətlik Bakının o vaxtkı meri Rauf Gülməmmədovla birlikdə kəsmişik. Hər il iyul ayının 17-də - hökmdarın doğum günündə abidəni ziyarət edirəm. Nəvəyə hədiyyə yazısı yenidir. Nə açılışda, nə də sonrakı vaxtlarda görməmişəm. Dövlət sifarişi və vəsaiti ilə ucaldılan abidəni şəxsi emosiyaları təmin etmək üçün istifadəsini doğru hesab etmirəm".

Müzakirəyə qoşulanlar rus dilindəki sözlərin Azərbaycan dilini dövlət dili elan etmiş dövlət başçısının abidəsinin üzərindən silinməsini vacib sayıblar.

Qeyd edək ki, heykəl 1993-cü ildə Bakıda ucaldılıb. Abidənin müəllifləri Azərbaycan heykəltaraşları, Azərbaycan SSR xalq rəssamı İbrahim Zeynalov və Zakir Mehdiyev, memarları isə P.Hüseynov, Q.Əliyev olub.

Bakıda Şah İsmayıl Xətainin heykəlində 33 İL SONRA ÜZƏ ÇIXAN YAZI: Keçmiş icra başçısı işə qarışdı - FOTO

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol