Menu

QARDAŞLIĞIN NÖVBƏTI SINAĞI... - Müttəfiqliyimiz təxribatlardan qat-qat güclüdür

22.10.2026, 09:30
QARDAŞLIĞIN NÖVBƏTI SINAĞI... - Müttəfiqliyimiz təxribatlardan qat-qat güclüdür

Heç bir siyasi manipulyasiya və ya qarayaxma kampaniyası iki ölkə arasındakı qan bağını və mənəvi yaxınlığı zədələməyə qadir deyil

Elçin RÜSTƏMLİ

Son günlər Türkiyə və Azərbaycan münasibətlərində müzakirələrə və süni spekulyasiyalara səbəb olan gərgin durum liderlərin müdaxiləsi ilə nizamlanma mərhələsinə daxil oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdоğanın Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi və onu Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə Görüşünə dəvət etməsi iki qardaş ölkə arasındakı əlaqələrin sarsılmazlığını bir daha nümayiş etdirdi. Bu diplomatik təmas günlərdir davam edən gərginliyi arxa plana keçirərək, münasibətlərə yeni strateji impuls verdi.

Ərdоğan Azərbaycan liderini Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. Dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Xüsusi ilə iki ölkə arasındakı strateji müttəfiqliyin bütün sınaqlardan üzüağ çıxdığı xüsusi vurğulanıb. Telefon danışığı zamanı Ərdоğanın Azərbaycan liderini Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşünə dəvət etməsi isə xüsusi siyasi əhəmiyyət daşıyır. Bu dəvət bir daha təsdiqlədi ki, rəsmi Ankara Türk dünyasının birliyinin mərkəzində məhz Azərbaycan-Türkiyə qardaşlığının dayandığını hər zaman üstün tutur və mövcud anlaşılmazlıqlar ali səviyyədə qısa müddətdə aradan qaldırılır. Şübhəsiz ki, problemlərin çeşidinə, mürəkkəbliyinə, maraqların fərqliliyinə baxmayaraq, ən yaxşı yol danışmaq və dialoqdur. Türkiyə və Azərbaycan dərin inteqrasiya olunmuş dövlətlər və cəmiyyətlərdi.


Xatırladaq ki, bu günlərdə bəzi dairələr tərəfindən Azərbaycanı qaralama kampaniyasına qarşı Türkiyənin aparıcı siyasi və dövlət xadimləri qətiyyətli mövqe sərgiləyərək Bakıya birmənalı dəstək nümayiş etdirdilər. Bu, Türkiyə cəmiyyətində Azərbaycanın nə qədər möhkəm dayaqlaara və təmənnasız sevgiyə, dəstəyə malik olduğunu göstərir. Milli çevrələrin bu qətiyyəti dövlətlər, xalqlar arasında qardaşlıq münasibətləri qorumaq çabaları xüsui ilə qiymətlidir və onları vurğulamaq vacibdir.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bayram mesajında və çıxışlarında Azərbaycanın haqlı davasına dəstəyini bir daha bəyan edərək bildirmişdi: "Azərbaycan bizim canımız, qardaşımızdır. Türk millətinin hər bir fərdi Bakının sevincini də, kədərini də öz yüklü ürəyində daşıyır. Azərbaycanın suverenliyinə və qüruruna uzanan hər bir əl qardaşlıq hüququmuza toxunmuş sayılır. Türkiyə hər zaman, şəraitdən asılı olmayaraq, Azərbaycanın yanındadır".

Türkiyənin sabiq xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlu da Azərbaycana dəstək nümayiş etdirərək qeyd edib: "Bizim qardaşlığımız kağız üzərində yazılmış sazişlərə deyil, tarixin dərinliklərindən gələn qan bağımıza əsaslanır. Azərbaycanın gücü bizim gücümüz, uğuru bizim uğurumuzdur. Kiçik siyasi dalğalar bu böyük birliyi zədələyə bilməz".

Müxalif Zəfər Partiyasının sədri Ümit Özdağ da Türkiyə cəmiyyətində Azərbaycan əleyhinə aparılan kampaniyalara sərt reaksiya göstərərək vurğulayıb: "Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütün türk dünyasının parlayan ulduzudur. Türkiyə daxilində bəzi qrupların siyasi maraqlar naminə qardaş ölkəyə qarşı apardığı çirkin kampaniyaları qəti şəkildə pisləyirik. Türk milləti hər zaman Azərbaycanın haqlı mübarizəsinə dəstək olub və bundan sonra da olacaq".

Beləliklə, əminlikıə qeyd etmək olar ki, müəyyən siyasi dairələr tərəfindən məqsədli şəkildə başladılan və Azərbaycanın regional nüfuzuna, ikitərəfli münasibətlərin ruhuna kölgə salmağa hesablanan kampaniyalar gözlənilən nəticəni vermədi. Əksinə, bu süni gərginlik cəhdi Türkiyə daxilində tam əks reaksiya doğuraraq qardaş ölkə cəmiyyətinin həqiqi mövqeyini, sağlam təməllərini və Azərbaycan sevgisini qabarıq şəkildə üzə çıxardı.

Ölkə daxilində baş qaldıran bu destruktiv təmayüllər təkcə Azərbaycanda deyil, elə Türkiyənin özündə də dərindən narazılıqla qarşılandı. Gerçək millətçilər, ziyalılar və geniş ictimaiyyət nümayəndələri kəskin şəkildə bu çirkin kampaniyaya qarşı səslərini ucaltdılar. Azərbaycanın obrazını ləkələməyə yönələn hər bir cəhd Türkiyənin sağlam və milli düşüncəli qüvvələrinin sərt divarı ilə üzləşdi.


Bəzi dairələrin cəmiyyətdə süni ayrı-seçkilik yaratmaq cəhdləri fiasko ilə nəticələndi. Bu proses bir daha nümayiş etdirdi ki, Türkiyədə Azərbaycanı ürəkdən sevən, onun uğurlarını öz uğuru hesab edən milyonlarla insan var. Siyasətçilərin, ictimai xadimlərin və sadə vətəndaşların nümayiş etdirdiyi bütöv və qətiyyətli həmrəylik sübut etdi ki, heç bir siyasi manipulyasiya və ya qarayaxma kampaniyası iki ölkə arasındakı qan bağını və mənəvi yaxınlığı zədələməyə qadir deyil.

Prezident Rəcəb Tayyib Ərdoğanın zamanında atdığı addım - Azərbaycan liderinə zəng etməsi və onu Ankaradakı zirvə toplantısına dəvət etməsi mövcud spekulyasiyalara son qoyan nöqtə oldu. Bu təmas və Türkiyənin aparıcı siyasi fiqurlarının sərgilədiyi prinsipial mövqe bir daha təsdiqlədi ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi hər cür daxili və xarici siyasi dalğalardan, təxribatlardan qat-qat güclüdür. İki qardaş ölkə bundan sonra da bütün sınaqlardan üzüağ çıxaraq regional təhlükəsizlik və inkişafın əsas təminatçısı olmağa davam edəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol