İş qrafiki və iş saatlarının təşkili əmək məhsuldarlığına təsir edən əsas amillərdən biridir. Səhər saatlarında işə tələsmək, uzun müddət tıxacda qalmaq və iş yerində saatlarla vaxt keçirmək çalışanların həm fiziki, həm də psixoloji vəziyyətinə təsir göstərir. Bir sıra ölkələrdə tətbiq olunan çevik iş rejimi və fərqli işə başlama saatları işçilərin vaxtdan daha səmərəli istifadə etməsinə imkan yaradır. Ölkəmizdə də iş qrafikinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması həm işçilərin rifahı, həm də iqtisadi səmərəlilik baxımından əhəmiyyətli ola bilər.
Azərbaycanda işə başlama saatlarının fərqləndirilməsi və çevik iş qrafikinin tətbiqi əmək məhsuldarlığının artmasına, işçilərin stress səviyyəsinin azalmasına nə dərəcədə təsir göstərə bilər? İş qrafikinin dəyişdirilməsi tıxacların azaldılması və işçilərin şəxsi vaxtının qorunması baxımından hansı iqtisadi və sosial üstünlüklər yarada bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, iş qrafikinin düzgün təşkili həm əmək məhsuldarlığına, həm də şəhərlərdə nəqliyyat sıxlığının azalmasına təsir göstərən amillərdən biridir.

Onun sözlərinə görə, xüsusilə səhər saatlarında məktəblilərin, tələbələrin, müəllimlərin və təhsil müəssisələrində çalışan digər əməkdaşların eyni vaxtda yollara çıxması nəqliyyat yükünü artırır: "Bu isə insanların yolda daha çox vaxt itirməsinə, yorğunluq və stress səviyyəsinin yüksəlməsinə səbəb olur. Mən hesab edirəm ki, Azərbaycanda işə və dərsə başlama saatlarının sahələr üzrə fərqləndirilməsi istiqamətində konkret addımlar atıla bilər. Məsələn, məktəblərdə dərslərin saat 09:00-da, universitetlərdə isə saat 09:30-da başlaması təklifini nəzərdən keçirmək olar. Çünki səhər saatlarında nəqliyyat sıxlığının formalaşmasında təhsil müəssisələrinə gedən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin hərəkəti də mühüm rol oynayır. Universitet dərslərinin yarım saat gec başlaması bu nəqliyyat axınlarının müəyyən qədər fərqli vaxtlara bölünməsinə imkan verə bilər".
Ekspert qeyd edib ki, bu dəyişiklik yalnız tıxacların azaldılması baxımından deyil, təhsilin keyfiyyəti baxımından da əhəmiyyətlidir. Xüsusilə erkən saatlarda dərsə gedən şagird və tələbələrin yuxu rejimi, istirahəti və dərsə psixoloji hazırlığı onların diqqətinə və öyrənmə qabiliyyətinə təsir göstərir: "Dərslərin bir qədər gec başlaması onlara səhərlər daha çox istirahət etmək, dərsə tələsmədən hazırlaşmaq və təhsil müəssisəsinə daha gümrah gəlmək imkanı verə bilər. Bu da dərslərdə diqqətin və iştirak fəallığının artmasına müsbət təsir göstərə bilər. Təbii ki, dərs saatlarının dəyişdirilməsi avtomatik olaraq tıxacların aradan qalxacağı və təhsilin keyfiyyətinin yüksələcəyi demək deyil. Nəticə şəhərin nəqliyyat xüsusiyyətlərindən, məktəb və universitetlərin yerləşməsindən, valideynlərin iş qrafikindən və ictimai nəqliyyatın imkanlarından asılı olacaq. Buna görə də belə bir yanaşmanın əvvəlcə müəyyən ərazilərdə pilot layihə kimi sınaqdan keçirilməsi, daha sonra nəticələrin nəqliyyat sıxlığı, dərsə davamiyyət və təhsil göstəriciləri əsasında qiymətləndirilməsi məqsədəuyğun olardı".
E.Quliyev hesab edir ki, iş və təhsil qrafikləri yalnız ənənəvi saatlara əsasən deyil, insanların gündəlik hərəkət intensivliyi, istirahət ehtiyacı və iqtisadi səmərəlilik nəzərə alınmaqla planlaşdırılmalıdır: "Məqsəd sadəcə dərsləri və ya iş saatlarını gecikdirmək deyil, şəhərin səhər yükünü daha düzgün bölüşdürmək, insanların vaxtına qənaət etmək və daha sağlam, məhsuldar gündəlik rejim formalaşdırmaqdır. Nəticə etibarilə, iş qrafikinin müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması təkcə işçilərin rahatlığı məsələsi deyil, həm də iqtisadi səmərəlilik və şəhər həyatının keyfiyyəti ilə bağlıdır. Düzgün planlaşdırılmış çevik iş rejimi yollarda vaxt itkisinin azalmasına, işçilərin rifahının yaxşılaşmasına və müəssisələrin fəaliyyətinin daha səmərəli təşkilinə imkan yarada bilər. Təhsil müəssisələrində dərs saatlarının fərqləndirilməsi də bu yanaşmanın praktik istiqamətlərindən biri kimi qiymətləndirilə bilər".
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər