Menu

İylənmiş ət qalmaqalı böyüyür: Restoranlarda nə baş verir?

20.10.2026, 17:20
İylənmiş ət qalmaqalı böyüyür: Restoranlarda nə baş verir?

Azərbaycanda restoranların birində qonaqlara iylənmiş ətdən yemək verilməsi cəmiyyətin müzakirə mövzusuna çevrilib. AQTA bu faktla bağlı həmin restoranda araşdırmalara başlayıb. Ancaq bu cür köhnə qidalardan, iylənmiş və mənşəyi bilinməyən ətlərdən istifadə edən və müştəriləri aldadan restoranların sayı kifayət qədərdir. 

Bəs bu cür halların baş verməməsi üçün hansı addımlar atılmalıdır? İstehlakçıların hüquqları necə qorunmalıdır? Təkcə cərimə mexanizmləri kifayətdir yoxsa digər tədbirlər də görülməlidir?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu halların baş verməsinin əsas səbəblərindən biri ölkədə istehlakçı hüquqlarının lazımi səviyyədə qorunmaması və nəzarət mexanizmlərinin effektiv işləməməsidir:

"Biznes subyektləri üçün elə şərait yaranıb ki, yoxlamalar, araşdırmalar və nəzarət tədbirləri kifayət qədər həyata keçirilmir. Bəzi sahibkarlar isə yaranmış vəziyyətdən sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar. Problemin əsas səbəblərindən biri istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyətin uzun müddətdir dəyişməməsidir. Bu hal xidmət sektorunun müxtəlif sahələrində özünü göstərir. Bəzi biznes subyektləri dövlət nəzarətindəki boşluqlardan istifadə edərək istehlakçılara qarşı məsuliyyətsiz davranırlar. Məsələn, insanlar restoranlara, şadlıq evlərinə və digər xidmət müəssisələrinə müraciət edərkən müəyyən məbləğdə vəsait ödəyirlər. Lakin bəzən ödədikləri pulun müqabilində keyfiyyətli xidmət ala bilmirlər. İstehlakçıların belə hallarla üzləşməsi yolverilməzdir. Düşünürəm ki, bu məsələyə ictimai diqqət artırılmalı, aidiyyəti dövlət qurumları tərəfindən nəzarət gücləndirilməlidir. Belə halların qarşısını almaq üçün müvafiq tədbirlər görülməli, istehlakçı hüquqlarını pozan sahibkarlara qarşı qanunvericiliyə uyğun addımlar atılmalıdır".

Ekspert əlavə edib ki, eyni zamanda, istehlakçılar da hüquqlarını bilməli və pozuntu halları ilə qarşılaşdıqda aidiyyəti qurumlara müraciət etməlidirlər:

"İnsanlar bu cür hallara səssiz qalmamalı, qarşılaşdıqları problemləri ictimailəşdirməlidirlər. Çünki effektiv nəzarət və məsuliyyət mexanizmləri tətbiq olunmadığı təqdirdə, bu kimi hallar davam edə bilər".

Qida eksperti Fərid Səfərov da bildirib ki, restoranlarda iylənmiş, mənşəyi məlum olmayan və yararlılıq müddəti keçmiş ət məhsullarından istifadə edilməsi yalnız istehlakçı hüquqlarının pozulması deyil, həm də insanların sağlamlığı və həyatı üçün ciddi təhlükədir:

"Belə məhsullar qida zəhərlənmələrinə, ağır infeksiyalara və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Bu halların qarşısını almaq üçün qida təhlükəsizliyinə nəzarət yalnız şikayətlərdən sonra deyil, mütəmadi və qabaqlayıcı şəkildə həyata keçirilməlidir.

İlk növbədə, AQTA tərəfindən restoranlarda planlı və qəfil yoxlamalar gücləndirilməli, ət məhsullarının mənşəyi, müşayiətedici sənədləri, saxlanma temperaturu, yararlılıq müddəti və təchizat zənciri diqqətlə yoxlanılmalıdır. Restoranlar işlətdiyi məhsulların haradan alındığını təsdiqləyən sənədləri təqdim etməli, soyuducu avadanlıqların temperaturuna və məhsulların saxlanma şəraitinə gündəlik nəzarət olunmalıdır. Xüsusilə, çiy ətlə hazır yeməklərin təmasda olmasının qarşısı alınmalı, mətbəxdə sanitariya qaydalarına ciddi əməl edilməlidir".

Ekspertin sözlərinə görə, təkcə cərimələrin tətbiqi kifayət deyil:

"Cərimələr pozuntuya görə məsuliyyət yaratmalıdır, lakin daha effektiv nəticə üçün təkrar pozuntulara görə sanksiyalar sərtləşdirilməli, insanların sağlamlığına ciddi təhlükə yaradan hallarda müəssisənin fəaliyyəti qanunvericiliyə uyğun məhdudlaşdırılmalıdır. Eyni zamanda, restoranların adları, aşkarlanmış pozuntular və görülən tədbirlər barədə ictimaiyyətə şəffaf məlumat verilməsi istehlakçıların məlumatlı seçim etməsinə kömək edər. İstehlakçı hüquqlarının qorunmasında vətəndaşların müraciət imkanları da mühüm rol oynayır. Restoranda yeməyin keyfiyyəti ilə bağlı şübhə yarandıqda, qəbz və digər sübutlar saxlanılmalı, hadisə AQTA-ya bildirilməlidir. Zəhərlənmə əlamətləri müşahidə olunarsa, tibbi yardıma müraciət edilməli və şübhəli qidadan istifadə dayandırılmalıdır".

"Digər vacib məsələ restoran əməkdaşlarının qida təhlükəsizliyi üzrə mütəmadi təlimlərə cəlb olunması və müəssisələrdə məsul şəxslərin müəyyən edilməsidir. Çünki qida təhlükəsizliyi yalnız nəzarət orqanının deyil, məhsulu istehsal edən, tədarük edən və istehlakçıya təqdim edən hər kəsin məsuliyyətidir. Əsas məqsəd pozuntu baş verdikdən sonra cəza vermək deyil, belə halların baş verməsinə imkan verməyən sistem qurmaqdır. Effektiv dövlət nəzarəti, şəffaflıq, real məsuliyyət və istehlakçıların fəal iştirakı birlikdə restoranlarda qida təhlükəsizliyinin təmin olunmasına və insanların sağlamlığının qorunmasına xidmət edə bilər", - ekspert vurğulayıb.

Günəş Fərəh

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol