Menu

TIXACI AZALTMAQ İSTƏYİ TƏHSİLƏ ZƏRBƏ VURA BİLƏR... - Dərs saatları dəyişdirilsə, nə baş verəcək?

20.10.2026, 09:36
TIXACI AZALTMAQ İSTƏYİ TƏHSİLƏ ZƏRBƏ VURA BİLƏR... - Dərs saatları dəyişdirilsə, nə baş verəcək?

Azərbaycanda orta məktəb və universitetlərdə dərs saatlarının dəyişdirilməsi təklif olunur.

"AzPolitika" xəbər verir ki, bu barədə təklif deputat Mehriban Vəliyevadan gəlib.

Deputat ibtidai siniflərdə dərslərin səhər saat 08:00-09:00 əvəzinə 10:00-11:00 aralığında başlanmasını, eləcə də tam orta təhsil səviyyəsində dərs qrafikinin fərqli şəkildə təşkilini təklif edib. Onun fikrincə, valideynlərin iş qrafiki və tədris prosesinin tələbləri nəzərə alınmaqla, universitetlərdə də dərslərin başlanma və bitmə saatları dəyişdirilə bilər. Bu addımın nəqliyyat vasitələrinin pik saatlardakı sıxlığını müəyyən qədər azaltmağa kömək edəcəyi düşünülür.

Bəs həqiqətən də dərs saatlarının dəyişdirilməsi paytaxtdakı sıxlığın miqyasına təsir edə bilərmi?

Təhsil eksperti Əmrah Həsənli "AzPolitika"ya şərhində bildirib ki, dərslərin başlama saatının dəyişdirilməsi tıxac probleminin həlli üçün yetərli deyil və əksinə, məktəblərdə əlavə çətinliklər yarada bilər.

O, məsələ ilə bağlı fikirlərini belə ifadə edib: “İlk növbədə nəzərə almaq lazımdır ki, məktəblərin daxilində və ətrafında yaranan tıxac şəhərin ümumi nəqliyyat sıxlığından daha böyük və təhlükəli problemə çevrilə bilər. Dərs saatlarını sadəcə kağız üzərində dəyişməklə bu sıxlığı aradan qaldırmaq mümkün deyil. Bu, sadəcə, xaosun başvermə vaxtını dəyişmək deməkdir. İkinci məqam ondan ibarətdir ki, ölkəmizdə əksər müəssisələrdə rəsmi iş saatları səhər saat 09:00-da başlayır. Valideynlər səhər saat 07:00-08:00 aralığında evdən çıxaraq uşaqlarını məktəbə çatdırır, daha sonra isə tələsik işə gedirlər. Əgər ibtidai siniflərdə dərslər saat 10:00-da və ya 11:00-da başlayarsa, işləyən valideyn uşağını məktəbə həmin vaxta qədər necə çatdırmalıdır? Düşünürəm ki, bu addım minlərlə ailənin gündəlik iş və yaşayış rejimini alt-üst edə bilər”.

Ekspert həmçinin qeyd edib ki, ən vacib məqamlardan biri də odur ki, məktəblərimizin böyük bir qismi hətta üçnövbəli rejimdə fəaliyyət göstərir: "Səhər növbəsində dərslərin saat 10:00-11:00-da başlanması avtomatik olaraq ikinci və üçüncü növbələrin də dərs saatlarının axşama doğru sürüşməsinə səbəb olacaq. Bəs günorta və axşam növbələrində oxuyan şagirdlər məktəbdən saat neçədə çıxacaqlar? Qaranlıqda və yorğun halda evə qayıdan uşaq nə vaxt istirahət edəcək, nə vaxt dərslərini normal şəkildə oxuyub növbəti günə hazırlaşacaq? Onsuz da uşaqlarımızın normal istirahət imkanları məhduddur. Belə bir qərar onların həm istirahətinə, həm də təhsil prosesinə birbaşa mənfi təsir göstərə bilər”.

"Mən düşünürəm ki, təhsil sistemi Nəqliyyat Departamentinin təcrübə poliqonu deyil. Təhsil sahəsindən gələn bir şəxs belə təkliflər irəli sürərkən məsələni dərindən təhlil etməlidir. Ölkədəki məktəblərin real vəziyyətini, növbəli tədris sistemini və əhalinin sosial durumunu nəzərə almaq lazımdır. Nəqliyyat sıxlığının azaldılması məqsədilə təklif olunan dəyişikliklər həyata keçirilməzdən əvvəl onların məktəblərin fəaliyyətinə, valideynlərin iş rejiminə və şagirdlərin gündəlik həyatına təsiri hərtərəfli qiymətləndirilməlidir", - deyə ekspert qeyd edib.

E. Bəyməmmədli

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol