Azərbaycanda sığorta ödənişləri, xüsusilə yol-nəqliyyat hadisələrindən sonra dəymiş zərərin qarşılanması məsələsi sürücülər arasında müzakirə olunur. Bəzi hallarda vətəndaşlar sığorta şirkətinin təklif etdiyi məbləğin dəymiş zərəri tam ödəmədiyini bildirirlər. Bu isə zərərin qiymətləndirilməsi, ödənişlərin hesablanması və sığorta şirkətlərinin məsuliyyəti ilə bağlı suallar yaradır. Vətəndaşların sığorta hüquqlarını bilməsi və mübahisəli hallarda hansı addımları atmalı olduğunu anlaması xüsusi əhəmiyyət daşıyır.
Sığorta şirkətinin dəymiş zərərə görə təklif etdiyi məbləğlə razılaşmayan vətəndaş öz hüquqlarını necə qoruya bilər? Sığorta ödənişinin real zərərdən az hesablanmasının qarşısını almaq üçün hansı mexanizmlər mövcuddur?
Məsələ ilə bağlı sığorta üzrə ekspert Ceyhun Əsgərov “AzPolitika”ya açıqlamasında bildirib ki, avtomobillərin təmiri ilə bağlı narazılıqlar sığorta şirkətlərinin müştəriləri arasında tez-tez rast gəlinən problemlərdəndir.

Onun sözlərinə görə, belə hallarla üzləşən vətəndaşlara iki variant təklif olunur: “Birinci variant sığorta şirkətinin əməkdaşlıq etdiyi servisə müraciət etməkdir. Əgər sürücü sığorta şirkətinin müəyyən etdiyi məbləğə avtomobilini öz seçdiyi servisdə təmir etdirə bilmirsə, nəqliyyat vasitəsini sığorta şirkətinin təklif etdiyi servisə təhvil verməsi məqsədəuyğundur. Müştəri təmir başa çatdıqdan sonra avtomobili təhvil alarkən onu yoxlamaq hüququna malikdir. Təmirin keyfiyyəti onu qane etmədikdə isə aşkar etdiyi nöqsanların aradan qaldırılmasını tələb edə bilə”r.
Ekspert əlavə edib ki, bəzi müştərilər sığorta şirkətlərinin əməkdaşlıq etdiyi servislərə etibar etmədikləri üçün avtomobillərini öz seçdikləri təmir müəssisələrində bərpa etdirmək istəyirlər: “Belə hallarda müstəqil ekspertlərə müraciət etmək tövsiyə olunur. Onlar avtomobilə baxış keçirərək təmirin real dəyərini müəyyənləşdirir və tərəflər həmin məbləğlə bağlı razılığa gəldikdən sonra vətəndaş avtomobilini seçdiyi servisdə təmir etdirə bilir”.
C. Əsgərov bu prosesin müştərilər üçün əlavə vaxt itkisinə və narahatlığa səbəb olduğunu vurğulayıb. Onun fikrincə, vətəndaşlar bəzən başqa çıxış yolu olmadığı üçün bu prosedurlara əl atmalı olurlar: “Sığorta şirkətlərinin belə yanaşmasının səbəblərinə də toxunan ekspert bildirib ki, icbari sığorta sektoru uzun illərdir, demək olar ki, zərərlə işləyir. Bu səbəbdən sığorta şirkətləri həmin istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmağa çalışırlar.
Son bir ildə sığorta haqlarının müəyyənləşdirilməsində fərdi yanaşma tətbiq olunmağa başlanıb. Qiymətlər avtomobilin istehsal ili, sürücülük təcrübəsi və digər amillər nəzərə alınmaqla hesablanır.
Ekspert hesab edir ki, bu yanaşmanın nəticələri müəyyən müddətdən sonra aydınlaşacaq: “Sığorta şirkətlərinin maliyyə vəziyyəti yaxşılaşarsa, müştərilərin avtomobillərinin təmiri ilə bağlı belə problemlərlə üzləşməsi ehtimalı da azala bilər”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər