Sahil TAHİRLİ
Bir vaxtlar mötəbər idman yarışlarına ev sahibliyi edən Naxçıvanda dövlət vəsaiti hesabına yaradılmış idman obyektləri bu gün baxımsızlıq içindədir. Bəs buna kim cavabdehdir?
Naxçıvanda illərlə qurulan idman infrastrukturunun bu gün acınacaqlı vəziyyətə düşməsi təkcə idman ictimaiyyətini deyil, bütün cəmiyyəti düşündürməli olan ciddi məsələdir. Dövlət vəsaiti hesabına yaradılan, gənclərin sağlamlığına, idmanın inkişafına və muxtar respublikanın nüfuzuna xidmət etməli olan obyektlər niyə yararsız vəziyyətə düşüb? Milyonlarla manat xərclənərək qurulan infrastrukturun taleyi niyə belə olub?
Bu sualların cavabı təkcə dağılan tribunaların, yararsız meydançaların və fəaliyyət göstərməyən idman mərkəzlərinin mənzərəsində deyil, həm də idarəçilikdə, məsuliyyətdə və nəzarət mexanizmlərində axtarılmalıdır.

Bu gün Naxçıvan Muxtar Respublikasının Mərkəzi stadionunun, Şərur şəhər stadionunun, Şərur Olimpiya İdman Kompleksinin və Qıvraq qəsəbə stadionunun vəziyyəti ciddi narahatlıq doğurur. Cəmi beş il əvvəl qurulan Uzunoba Təlim Mərkəzinin də fəaliyyət göstərməməsi vəziyyətin nə qədər düşündürücü olduğunu göstərir.

Vaxtilə böyük zəhmət və vəsait hesabına yaradılmış obyektlər indi öz təyinatı üzrə istifadə olunmursa, otun-alağın içində itib-batırsa deməli, burada təkcə fiziki aşınmadan deyil, idarəetmə və məsuliyyət problemindən də danışmaq lazımdır.

Naxçıvan şəhərinin məhəllələrində 465 min manat vəsait hesabına yaradılan açıq idman qurğularının da çoxu dağıdılıb. Naxçıvan Üzgüçülük Mərkəzi isə artıq iki ildir fəaliyyət göstərmir. Təmir məqsədilə 270 min manat vəsait xərcləndiyi bildirilsə də, görülən işlərin nəticəsi ilə bağlı ciddi suallar qalır. Əgər bu qədər vəsait ayrılıbsa, görülən işlər haradadır? Təmirin nəticəsi niyə göz önündə deyil? Bu suallara aydın və əsaslandırılmış cavab verilməlidir. Və yaxud Mərkəzi stadion... son 15 ildə dəfələrlə yenidən qurulub, açılışı olub. İşlər o qədər keyfiyyətsiz görülüb ki, indi stadionda ilan mələyir. Ayrılan vəsaitin çox demirəm, onda biri təyinatı üzrə xərclənsəydi belə acınacaqlı mənzərə ortaya çıxmayacaqdı.

Ən acınacaqlı məqam isə bütün bunların Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin məsuliyyət sahəsinə daxil olan obyektlərdə baş verməsidir. Belə bir mənzərə qarşısında haqlı sual yaranır: Nazirliyin vəzifəsi nədir? Dövlətin ayırdığı vəsait hesabına yaradılan idman infrastrukturunun qorunmasına, fəaliyyətinin təmin edilməsinə və inkişafına cavabdeh olan qurum bu vəziyyətə necə münasibət bildirir?

Məsələ bununla da bitmir. Artıq üç ildən çoxdur ki, Naxçıvanda gənclər və idman naziri vəzifəsinin boş qalması da diqqət çəkir. Bu qədər mühüm sahəni əhatə edən dövlət qurumuna rəhbərin təyin olunması niyə bu qədər uzanır? Nazirliyin fəaliyyəti hansı mexanizmlərlə əlaqələndirilir, qərarlar kim tərəfindən verilir, nəticələrə görə kim cavabdehlik daşıyır? Bu sualların cavabsız qalması idarəetmədəki qeyri-müəyyənliyi daha da artırır.

Söhbət hansısa bir binanın, stadionun və ya idman meydançasının taleyindən getmir. Söhbət bütöv bir sahənin gələcəyindən gedir. İdman infrastrukturu dağıldıqca gənclərin məşq imkanları məhdudlaşır, yeni idmançıların yetişməsi çətinləşir, regionda sağlam həyat tərzinin təşviqi üçün yaradılmış imkanlar itirilir. Bir vaxtlar yarışların keçirildiyi, idmançıların hazırlaşdığı məkanların fəaliyyətsiz qalması həm maddi, həm də mənəvi itkidir.
Naxçıvanın idman tarixi və potensialı bu gün yaranmış mənzərədən daha böyükdür. Sabiq nazir Azad Cabbarovun rəhbərlik etdiyi dövrdə muxtar respublikada müxtəlif idman yarışlarının və tədbirlərin keçirilməsi, mövcud infrastrukturdan istifadə olunması diqqət çəkirdi. Onun dörd il əvvəl vəzifədən uzaqlaşdırılmasından sonrakı dövrdə isə idman sahəsində idarəçilik və infrastrukturun vəziyyəti ilə bağlı ciddi suallar meydana çıxıb. Əlbəttə, baş verənlərin səbəblərini yalnız bir şəxsin vəzifədən getməsi ilə izah etmək olmaz. Ancaq əvvəlki dövrlə müqayisədə yaranmış mənzərənin araşdırılması, problemlərin səbəblərinin müəyyənləşdirilməsi və məsul şəxslərin cavab verməsi vacibdir.
Əsas məsələ keçmişə nostalji ilə yanaşmaq deyil, bu günün problemlərinə konkret cavab tapmaqdır. Hansı obyektə nə qədər vəsait ayrılıb? Ayrılan pullar hansı işlərə xərclənib? Təmir işlərini hansı qurum və şirkətlər həyata keçirib? Obyektlərin hazırkı vəziyyətinə kim nəzarət edib? Fəaliyyətsiz qalan mərkəzlərin yenidən istifadəyə verilməsi üçün hansı tədbirlər görülür? Bunlar ictimaiyyətin cavab gözlədiyi suallardır.

Dövlət vəsaiti hesabına yaradılmış obyektlərin baxımsızlıq nəticəsində sıradan çıxmasına adi hal kimi baxmaq olmaz. Əgər vaxtında nəzarət olunsaydı, zəruri təmir və bərpa işləri görülsəydi, bu gün milyonlarla manatlıq infrastrukturun taleyi ilə bağlı belə suallar yaranmazdı. İdarəçilik yalnız vəzifə tutmaq deyil; idarəçilik həm də qorumaq, nəticə göstərmək və görülən işlərə görə məsuliyyət daşımaqdır.

Ümid edək ki, aidiyyəti qurumlar yaranmış vəziyyətə münasibət bildirəcək, dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı suallara aydınlıq gətiriləcək və fəaliyyətsiz qalan idman obyektlərinin bərpası üçün konkret addımlar atılacaq. Çünki Naxçıvanın gəncləri yararsız stadionlara, bağlı idman mərkəzlərinə deyil, müasir və işlək idman infrastrukturuna layiqdirlər.
Qeyd edək ki, Naxçıvan televiziyasının “Ortaq baxış” proqramında da məsələ gündəmə gətirilib. Proqramda idman obyektlərinin mövcud vəziyyəti tənqid olunub, rəsmi şəxslərin və sakinlərin fikirləri təqdim edilib. Bu müzakirə problemin ictimai diqqətə çatdırılması baxımından əhəmiyyətlidir.
Sahil TAHİRLİ


Şərhlər