ABazarda yalnız bələdiyyə sənədi olan torpaq sahələrinin digər sənədləri tam olan ərazilərlə müqayisədə daha ucuz təklif edilməsi alıcıların diqqətini çəkir. Lakin belə torpaqların hüquqi statusu, təyinatı və tikinti imkanları gələcəkdə ciddi problemlər yarada bilər. Xüsusilə, torpaq sahəsinin qaz, su və elektrik xətlərinə qoşulma imkanlarını əvvəlcədən araşdırmaq vacibdir. Bəzi vətəndaşların müvafiq icazələr olmadan kommunal xidmətlərə qoşulması isə sonradan hüquqi və maliyyə riskləri ilə nəticələnə bilər.
Yalnız bələdiyyə sənədi olan torpaq sahəsini almazdan əvvəl onun üzərində ev tikməyin və kommunal xidmətlərə qoşulmağın mümkünlüyünü necə müəyyənləşdirmək olar? Qiymətləndiricilər belə torpaqların bazar dəyərini müəyyənləşdirərkən hüquqi statusu və infrastruktur məhdudiyyətlərini nəzərə alırlarmı? İcazəsiz şəkildə kommunal xətlərə və sayğaclara qoşulmaq gələcəkdə hansı problemlərə səbəb ola bilər?
Mövzu ilə bağlı “AzPolitika”ya danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı verilən sərəncam mülkiyyət hüququnu təsdiq edən çıxarışın əldə olunması üçün ilkin sənədlərdən biridir.
Onun sözlərinə görə, belə torpaq sahələrinin alqı-satqısı və mülkiyyət hüququnun rəsmiləşdirilməsi zamanı sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu xüsusi əhəmiyyət daşıyır.

Ekspert qeyd edib ki, bələdiyyə tərəfindən verilmiş sənədlər tam qaydasındadırsa, torpaq sahəsi ilə bağlı zəruri rəsmiləşdirmə prosedurları yerinə yetirilibsə və dövlət aktı mövcuddursa, vətəndaşın həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə etməsi, bir qayda olaraq, çətinlik yaratmır: “Bu halda müvafiq sənədləşmə işlərinin tamamlanması və torpaq sahəsinin kadastr məlumatlarının rəsmiləşdirilməsi əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olur. Lakin torpaq sahəsi ayrılarkən qanun pozuntularına yol verilibsə, dövlət kadastr planı və dövlət aktı ilə bağlı tələb olunan prosedurlar tamamlanmayıbsa, həmin əmlakın rəsmiləşdirilməsi ciddi problemlərlə üzləşə bilər. Belə vəziyyətdə bələdiyyə səviyyəsində verilmiş sənədin başqa şəxsin adına keçirilməsi üçün hüquqi əsas olmaya bilər. Nəticədə, torpağı bu cür sənədlər əsasında əldə edən alıcının mülkiyyət hüququnun tanınması təmin edilmir”.
E.Azadov vurğulayıb ki, bu kimi hallarda vətəndaşlar bəzən etibarnamə əsasında əməliyyat aparmağa çalışırlar: “Lakin etibarnamə torpaq sahəsinə mülkiyyət hüququnun ötürülməsi demək deyil və alıcının hüquqlarını tam təmin etmir. Başqa sözlə, alıcı faktiki olaraq müəyyən səlahiyyətlər əldə etsə də, torpaq sahəsinin qanuni mülkiyyətçisi statusunu qazanmır”.
Ekspertin fikrincə, mülkiyyət hüququnun lazımi qaydada rəsmiləşdirilmədiyi belə əməliyyatlar qanunsuzluq riski daşıyır: “Buna görə də torpağın bələdiyyə sənədi ilə və ya ümumiyyətlə müvafiq sənədlər olmadan satışa çıxarılması alıcı üçün ciddi hüquqi təhlükələr yaradır. Sənədləri tam qaydasında olmayan torpaq sahələrinin bazar dəyəri də qanuni şəkildə rəsmiləşdirilmiş əmlakla müqayisədə aşağı olur. Belə əmlakların ucuz qiymətə təklif edilməsi isə alıcıları cəlb etsə də, sonradan mülkiyyət hüququnun tanınmaması və maliyyə itkisi ilə nəticələnə bilər”.
Oğuz Ayvaz
“AzPolitika.info”


Şərhlər