Menu

BAKI VƏ BÖLGƏLƏR ARASINDA MƏŞĞULLUQ FƏRQİ... – Yeni statistika nəyi göstərir?

28.11.2026, 09:50
BAKI VƏ BÖLGƏLƏR ARASINDA MƏŞĞULLUQ FƏRQİ... – Yeni statistika nəyi göstərir?

Rəsmi statistik göstəricilərə görə, Azərbaycanda yaradılan yeni iş yerlərinin böyük əksəriyyəti Bakı və Abşeron iqtisadi zonasında cəmləşib. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə üzrə 79,5 min yeni iş yeri açılıb. Onların 77,3 faizi, yaxud təxminən 61,5 mini Bakının payına düşüb. İkinci yerdə 6,6 faizlik göstərici ilə Abşeron rayonu qərarlaşıb.

Beləliklə, hesabat dövründə yaradılan yeni iş yerlərinin təxminən 84 faizi Bakı və Abşeronun payına düşüb. Paytaxt və Abşerondan kənarda isə cəmi 18 minə yaxın yeni iş yeri yaradılıb.

Bu göstəricilər regionların iqtisadi inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinin artırılmasını aktuallaşdırır. Ölkə üzrə yeni iş yerlərinin böyük hissəsinin paytaxtda cəmləşməsi regionlarda iqtisadi fəallığın və özəl sektorun inkişafı ilə bağlı yeni tədbirlərin görülməsini gündəmə gətirir. Eyni zamanda, iş imkanlarının əsasən Bakıda formalaşması bölgələrdən paytaxta köçü şərtləndirən amillərdən biri kimi çıxış edir.

Məsələni “AzPolitika”ya şərh edən iqtisadçı Xalid Kərimli bildirib ki, yeni iş yerlərinin daha çox Bakıda yaradılması paytaxtın Azərbaycanın əsas iqtisadi və sənaye mərkəzi olması ilə əlaqədardır.


Onun sözlərinə görə, Bakı digər regionlarla müqayisədə daha yaxşı inkişaf etsə də, ölkədə yeni iş yerlərinin ümumi sayı hələ də arzuolunan səviyyədə deyil: “İş yerlərinin daha çox Bakıda yaradılması Bakının ölkənin iqtisadi və sənaye paytaxtı olması ilə əlaqədardır. Bakı digər regionlarla müqayisədə yaxşı inkişaf edib. Amma məsələ ondadır ki, ölkədə hələ də kifayət qədər yeni iş yeri açılmır. Əgər daha çox iş yeri yaradılsa, orta aylıq əməkhaqqının artım tempində də bunu müşahidə edə bilərik. Bu, daha yaxşı və yüksək əməkhaqqı təklif edən iş yerlərinin açılması deməkdir. Məsələn, mən Almaniyanı, Rusiyanı, Qazaxıstanı müqayisə etmirəm, Gürcüstan və Ermənistanı nəzərdə tuturam. Azərbaycanda orta aylıq əməkhaqqı Gürcüstan və Ermənistandan daha yüksəkdir. Yeni iş yerləri də daha çox yaradılır və açılan iş yerlərində əməkhaqqı səviyyəsi də yüksəkdir. Yəni bu məsələlər hələ arzuolunan səviyyədə deyil.

İndi Bakıda niyə daha çox iş yeri yaradılması sualına cavab verməzdən əvvəl, ümumiyyətlə, ölkədə niyə az iş yeri yaradılması məsələsinə diqqət yetirməliyik. Yaxud başqa bir sual qoymalıyıq: Niyə əmək məhsuldarlığımız aşağıdır və Azərbaycanda orta aylıq əməkhaqqı arzuolunan səviyyədə deyil? Əsas suallar bunlar olmalıdır: Niyə daha çox iş yeri açılmır və niyə yaradılan iş yerlərində əməkhaqqı istənilən səviyyədə deyil? İkinci məsələyə gəlincə, iş yerlərinin Bakıda açılması özlüyündə problem deyil. Bakı da Azərbaycandır. Əsas problem, qeyd etdiyim kimi, ölkədə yeni iş yerlərinin az yaradılması, orta aylıq əməkhaqqının və əmək məhsuldarlığının aşağı olmasıdır.

Ekspertə görə, bunun əsas səbəblərindən biri əmək məhsuldarlığının aşağı olmasıdır: “İxrac yoxdur, qeyri-neft sektoru zəif inkişaf edib. Yəni bu sahələr mövcud olsa da, inkişaf səviyyəsi qənaətbəxş deyil. Səbəblər bəllidir. Lakin bu problemlər həll olunmalıdır ki, sahibkarların yeni işçilərə ehtiyacı yaransın, daha çox iş yeri açılsın və nəticədə işçilərin gəlirləri artsın. Bakıda yeni iş yerlərinin yaradılmasına gəlincə, bu, problem deyil. Əksinə, iş yerləri Bakıda da açıla bilər. Amma vətəndaşların Bakıya üz tutmasının, paytaxta köçməsinin səbəblərindən biri də məhz iş imkanları ilə bağlıdır. Bu, yeganə səbəb deyil, lakin əsas amillərdən biridir”.

E. Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol