Maysarat Veysəlova: “Allah ömür versin, həll olunar” deyib yola salırlar...”
Gəncə şəhər sakini, şəhid anası, 80 yaşlı Maysarat Veysəlova illərdir mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı qurumlara etdiyi müraciətlərin nəticəsiz qaldığını bildirir. Bu barədə o, saytımıza da göndərdiyi şikayət məktubunda məlumat verib.
“AzPolitika”nın məlumatına görə, müraciətdə qeyd olunur ki, şəhid Vüqar Veysəlovun anası olan Maysarat Veysəlova və ailə üzvləri Gəncə şəhəri, H.Əliyev prospekti, ev 115A, mənzil 4 ünvanında – cəmi 30,9 kvadratmetr sahəsi olan dar mənzildə 5 nəfərlə birlikdə ağır şərtlə alıtnda yaşayırlar.
Sənədlərə əsasən, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 27 noyabr 2014-cü il tarixli 212 nömrəli sərəncamı ilə o, yaşayış sahəsinin genişləndirilməsinə ehtiyacı olan şəxs kimi uçota alınıb.
Şəhid anası bildirir ki, bu illər ərzində müxtəlif dövlət qurumlarına – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Xidmətlər Agentliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinə (Ombudsmana) və digər idarələrə dəfələrlə yazılı müraciətlər ünvanlayıb, məmurların qəbulunda olub. Lakin qurumlardan ona hər dəfə formal cavablar verilib, problemin mahiyyəti üzrə həlli istiqamətində real addım atılmayıb, sadəcə olaraq "Allah ömür versin, həll olunar" kimi ümumi sözlərlə yola salınıb. Şəhid anası təəssüflə vurğulayır ki, sanki onun dünyadan köçməsini, beləcə məsələnin “həll olunmasını” gözləyirlər.
“Mən bu günə qədər şəhid anası kimi dövlətin verdiyi heç bir imtiyazdan istifadə etməmişəm, sadəcə müavinət almışam. Heç bir məmurun qapsını döyüb heç nə tələb etməmişəm, hesab etmişəm ki, oğlumun ruhunu incidə bilərəm. Amma məmurlar öz üzərinə düşən vəzifələri, Prezidentin onların qarşısında qoyduğu tapşırıqları yerinə yetirmirlər. İndi də ömrümün ahıl yaşında belə ədalətsizlik məni üzür, əzab verir. Belə olmaz, yetər artıq!” – deyə, o bildirir.
Şəhid anası haqlı olaraq qeyd edir ki, 12 il ərzində kağız üzərində qalan sərəncam və qurumların bürokratik yanaşması onun yaşlı vaxtında bu ağır məişət şəraitində yaşamasını uzadır. O, mənzil növbəsi ilə bağlı məsələnin real həlli üçün aidiyyəti qurumlardan konkret addımlar gözlədiyini bildirir.
Redaksiyaya Maysarat Veysəlovanın şəxsiyyət vəsiqəsi, şəhid ailəsi vəsiqəsi, Gəncə şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı və arxiv arayışları təqdim olunub.
ƏƏSM-in Sosial Xidmətlər Agentliyindən “AzPolitika”nın sorğusuna cavab olaraq bildirilib ki, Maysarat Məmməd qızı Veysəlova Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 27 noyabr 2014-cü il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınıb.
"Hazırda Nazirliyin balansında Gəncə şəhərində mənzillər olmadığından vətəndaşın mənzillə təminatı mümkün deyil. M.Veysəlovanın sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq”, - açıqlamada qeyd olunur.
E.Rüstəmli
“AzPolitika.info”




Şərhlər